Modern.az

Mərkəzi Bank manatı “üzmək”ə QOYMUR

Mərkəzi Bank manatı “üzmək”ə QOYMUR

30 Noyabr 2021, 11:12

Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalar son bir ayda hiss edilən dərəcədə dollara nisbətən zəifləyib. Həm ümumi xarici ticarətdə, həm də qeyri-neft ixracatında 2-ci ən böyük tərəfdaşımız olan Türkiyədə noyabr ayında dollara nisbətən 9.5-dən 12.5-dək geriləyən lirə son ayda 22 faiz dəyərsizləşib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Modern.az-a açıqlamasında deyib ki, başa çatmaqda olan ay qeyri-neft ixracatımızda əsas ticarət tərəfdaşımız olan və ən çox məhsul idxal etdiyimiz Rusiya rublu üçün də arzuolunan olmayıb:

 

“Noyabr ayında dollara nisbətən 70.8 məzənnəsi ilə başlayan rubl ayın sonuncu günü birjalara 75.0 kursu ilə çıxarılıb. Bu bir ayda Rusiya rublunun ABŞ puluna nisbətən 6 faizə yaxın ucuzlaşması deməkdir.

Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avrozonanın vahid valyutası da ABŞ dolları noyabr rəqabətində uduzub. Noyabr ayına dollara nisbətən 1.16 kursu ilə başlayan avro daha sonra 1.13 bəndinə qədər dəyər itirib. Bu da avro üçün 3 faizlik ucuzlaşması deməkdir”.

 

Regional valyuta bazarında dəyişikliklər fonunda manatın məzənnəsinin necə dəyişəcəyinə gəldikdə, bütövlükdə, milli valyutamızın kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir”.

 

Deputat bildirib ki, valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir.

 

“Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Nəzərə alsaq ki, xarici ölkələrdəki tərəfdaşlarımızda milli valyutaların məzənnələrinin dəyişməsi ən azı psixoloji faktorlardan hesab olunur”.

 

Deputat deyib ki, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib:

 

“Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır. Nəticə etibarilə, Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti dövrlərdə manatın məzənnəsinin necə dəyişməsi birbaşa məhz Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?