Modern.az

“Ata Abdullayevə quzu təklif etdim, götürmədi” - İcra nümayəndəsi

“Ata Abdullayevə quzu təklif etdim, götürmədi” - İcra nümayəndəsi

30 Noyabr 2021, 11:48

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 

Modern.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, Masazır qəsəbə bələdiyyəsinin sədri Şahlar Həsənov bildirib ki, sentyabr ayının əvvəli ona zəng edib deyiblər ki, Ata Abdullayev məişət tullantılarının daşınmaması ilə bağlı çəkiliş edir.

 

"Tez həmin əraziyə getdim. Həqiqətən də orda artıq tullantılar var idi. Canlı yayımda onunla mübahisəmiz yarandı. Ona bildirdim ki, burada məişət tullantıları yoxdur, evdə aparılan təmir işlərindən çıxan söküntülərdir. Çəkiliş gedə-gedə yığışdırıldı. Özü canlı yayında da bunu dedi.

 

Masazırda 100 minə yaxın sakin yaşayır, texnika çatdırmır. İstismar müddəti başa çatmış texnikadır. Cəmi 4 maşın var. Ata Abdullayev yenə də sakitləşmədi.

 

 

Çəkilişləri mütəmadi olaraq davam etdirdi.

 

Bir gün onunla görüşüb vəziyyəti izah etdim. Xahiş etdim ki, bu işləri dayandırsın. Tez-tez çəkilişlərdə rayon rəhbərliyinin adını hallandırırdı.

 

Ona bununla bağlı irad bildirəndə dedi ki, o arvad (Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova) bizi saymır.

 

Mənə müəyyən məbləğ dedi, məndə ona bildirdim ki, mən gündə 50-60 arayış verirəm, baxın görün arayışların birindən 1 manat gəlirim varsa, onda siz deyən məndə olardı.

 

Mən maaşa baxan adamam. Mənim gücüm ancaq ona çatar ki, bir quzu kəsdirim verim sənə apar balalarına. Ona da razılaşmayaraq etiraz etdi. Məndə məcbur olub DTX-ə müraciət etdim", - deyə zərərçəkmiş bildirib.

 

Ata Abdullayev sualları cavablandırarkən məlum olub ki, o, Şahlar Həsənovdan 10 min manat istəyib:

 

"Ona dedim ki, a, kişi nə danışırsan... Sonra məbləğ 6 minə düşdü. Qərəzim olsa deyərəm ki, 6 mini vermişəm, amma verməmişəm axı.

 

Niyə verməli idim axı! Ata Abdullayevlə bir neçə dəfə telefonla danışmışam. Telefonla məndən pul istəməyib.

 

Bir dəfə restoranın yanında görüşdük onda pul istədi".

 

İcra nümayəndəsi bildirib ki, Ata Abdullayevin anası bir neçə gün əvvəl yaşadığı evə gəlib:

 

"Ata Abdullayevin anasına ürəyim ağrıdı. Yaylığını ayağıma atdı. Ona dedim ki, mənim də anam var. Niyə görə vaxtında ona demədim ki, belə olmaz..."

 

Prosesdə Ata Abdullayev icra nümayəndəsinə üz tutaraq ona hörməti olduğunu deyib:

 

"Allaha and olsun ki bu deyilənlər cəfəngiyatdır. Mən çəkilişlərdə Şahlar Həsənovun adını çəkməmişəm".

 

Prosesdə təqsirləndirilən şəxs ondan pul aldığını sübut edən fakt ortaya qoymasını istəyib:

 

"1992-93-cü illərdə yaşamırıq. Əllərdə müxtəlif vasitələr var. Niyə görə pul istəyəndə çəkməmisiz..?"

 

Qeyd edək ki, ittihama əsasən, A.Abdullayev müxtəlif şəxslərdən onlar haqqında rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. Belə ki, o, Gənclər və İdman Nazirliyinin tabeliyində Avropa Oyunları və “Formula-1” yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng edərək, ondan 10 min manat istəyib. Son nəticədə 2400 manatlıq “iPhone 11 Pro Max” telefonu alıb.

 

Bundan başqa, A.Abdullayev Abşeron Rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6 000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmaması ilə bağlı video yaymaqla hədələyib.

 

Həmçinin o, aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib.

 

A.Abdullayev Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15 000 manat pul tələb edib.

 

Bununla əlaqədar ona CM-in 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələrilə ittiham verilib.Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi