Modern.az

Əlvida, nağaranın ŞAHI - Səndən bir də olmayacaq!

Əlvida, nağaranın ŞAHI - Səndən bir də olmayacaq!

Ədəbi̇yyat

30 Noyabr 2021, 13:14

Gülağa sonuncu mogikan idi... O, zərb alətlərinin cəngavəri, nağaranın pəhləvanı idi. Yüzlərlə nağara ifaçısı olub, indi də var. Amma Gülağa bir ayrı aləm idi, əfsanə idi... Əlləri taxta kimi idi və bu "taxta" əllər tarıma çəkilmiş dəri üzərində fırtınalar əsdirirdi, möcüzələr yaradırdı. Şair sözü vəznə tabe edən kimi, Gülağa musiqini ritmə ram etməyi bacarırdı. Yeganə nağara ifaçısı idi ki, melodiyanı virtuozcasına axarından çıxarıb öz ritminə tabe edə bilirdi. Onun ömrünü mənalandıran da bu əvəzsiz ritmlər idi. Gülağa kimi insanlar sənətin ölçü vahidləri ilə dəyərləndirilməlidir. Gülağa nağaraya "qəddarcasına" divan tutaraq onun dilini açdı. O, ifa edəndə hərdən adam həyəcanlanırdı ki, indicə nağara enerjinin gücündən şişib partlayacaq.


Mütləq Varlığın ona bəxş etdiyi istedadını nağaranın sərt dərisi üzərində cövlan etdirirdi. O, bəzən özü yaratdığı ritmlərin sehrinə düşüb özündən, dünyadan qopurdu. Bu mənada o, həm də metafizik dünyanın adamı idi.


Bilmirəm, Gülağadan sonra bir də nağaranı o cür dilləndirə bilən sənətkar yetişəcəkmi?!


Onun minlərlə fanatı vardı. Toyxanaların yaraşığı idi, solo ifaları dinləyənləri həzzin zirvəsinə çatdırdıqca, pul başına xəzəl kimi yağırdı.


Gülağa ilə bağlı çoxlu xatirələrim var. Onun qəfil ölüm xəbəriylə içimdə sanki bir sim qırıldı. Məni gəncliyimə bağlayan bəlkə də sonuncu sim!...


Bir gün dedim Gülağa, gəl səninlə sənətdən söhbət edək. Dedi bunları yazacaqsan? Dedim hə. Dedi ki, mənim söhbətim oxucu üçün maraqlı olmaz axı. Dedim ki, Gülağa, sən söhbətini nağara ilə edərsən, mən də yazıya köçürərəm. Gülüb dedi ki, qohum, (mənə qohum deyirdi, bunun da maraqlı tarixçəsi var, yəqin ki, nə vaxtsa yazacam) məni dilə tutma, qoy oturmuşuq.

Şux, özünəməxsus zarafatları vardı, o, görünən yerlərdə əhval-ruhiyyə anındaca yüksəlirdi. Çinədanı köhnə kişilərin xatirələri ilə dolu idi. Kimləri görmüşdü Gülağa! Rəhmətlik Yaqubdan, Hacıbabadan, Hacı Tələtdən, Rəmişdən, Şəmsidən tutmuş neçə-neçə müqtədir sənətkarları müşayiət etmişdi. Hər biri haqqında da heç kəsin heç yerdə eşitmədiyi nadir xatirələri vardı. Mən istəyirdim ki, Gülağa bunları danışsın. Onun yaddaşı musiqi xəzinəmizin belə demək mümkünsə, ən qiymətli "fləşkartı" idi. Heyflər olsun ki, Gülağa yaddaşındakıları da özüylə birgə apardı... Mənim yadımda qalanlar, kənd camaatının yaddaşında hifz olunanlar yəqin ki, nə vaxtsa üzə çıxacaq. İndi dərin peşmançılıq hissi keçiririəm ki, niyə zamanında onun söhbətlərini yazıya almadım...


Gülağa sonuncu sim idi...


Nağara yetim qaldı...


Kənd toylarının dadı-duzu həminki olmayacaq. Gülağanın öz çalğısından zövq aldıqca, üzündə cilvələnən o məşhur təbəssümü həmişə yaddaşımızda diri qalacaq...


Əlvida, Nağaranın şahı!


Səndən bir də olmayacaq!..


Kənan HACI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər