Modern.az

Süleyman Rüstəmin Vilayət Quliyevə iradı: “Get, harada istəyirsən yaz!”

Süleyman Rüstəmin Vilayət Quliyevə iradı: “Get, harada istəyirsən yaz!”

30 Noyabr 2021, 13:49

1988-ci ilin mayında bir neçə yüz min nüsxə tirajla (belə zamanlar da vardı!) çıxan «Молодёжь Азербайджана» qəzetində repressiya qurbanı şair və yazıçılarımız haqda «Родился в 1939 году, Расстрелян в 1937 году» (sərlövhə Vaqif Səmədoğlunun şeirindən götürülüb) adlı böyük həcmli məqaləm dərc olunmuşdu. Bir günün içində məşhur olmuşdum. Azərbaycan və rus dillərində xeyli məktub almışdım. İş telefonuma aralarında çoxu xanım olan onlarla adam zəng etmişdi. Yazıda öz sənət dostları haqqında əslində ölüm hökmünə bərabər “tənqidi fikirlər” söyləyən “korifeylərin” hələ çox az adama bəlli olan çıxışlarından sitatlar gətirilmişdi. Xalq şairi Süleyman Rüstəmin də adı bir neçə yerdə çəkilmişdi. “Fikirlərindən” geniş çıxarışlar verilmişdi.

Bir neçə gün sonra təsadüfən Yazıçılar İttifaqnın qarşısında rastlaşdıq. Yaxasından Sosialist Əməyi Qəhrəmanının “Qızıl ulduz”u asılmış pencəyini çiyninə salmışdı, siqareti damağında idi. Mənə zəndlə baxdığını görüb salamlaşmaq üçün ayaq saxladım. Aramızda təxminən belə bir dialoq oldu:

- “Molodyojka”dakı i sicilləməni sən yazmısan?

- Bəli.

- Çox ideyasız yazıdır! Komsomolçusan?

- Yox, partiya üzvüyəm.

- Rus demişkən, eşyo xuje! Mən o vaxt yazdıqlarımın üstündə indi də dururam. O adamların çoxu mənim partiyamın düşməni idi, quruluşumun, dövlətimin düşməni idi. Mənim yolum onlarla bir ola bilməzdi. Get, indi dediklərimi də harada istəyirsən yaz!

Təbii, heç harada yazmadım.

Amma Süleyman Rüstəmin heç olmazsa, mənim səviyyəmdə də olsa, sözünün dalından qaçmamasından xoşum gəldi…


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı sabiq səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub