Modern.az

Yüksək postlar ancaq kişilər üçün “bron” edilib?

Yüksək postlar ancaq kişilər üçün “bron” edilib?

Aktual

30 Noyabr 2021, 14:00

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət Qulluğunda Gender Bərabərliyi üzrə Kurikulum” vəsaitinin təqdimatında deyib ki, Azərbaycanda dövlət qulluğu üzrə yardımçı vəzifələrə daha çox qadınlar işə götürülür:

 

“Hazırda inzibati rəhbər vəzifələrində çalışan dövlət qulluqçularının sayı 3 111 nəfərdirsə, onun 17,01 faizi qadındır. Amma yardımçı vəzifələrdə çalışanların statistikasına baxdıqda bu rəqəmin 44 %-nin qadınların payına düşdüyünün şahidi olarıq. Qanuni nöqtəyi-nəzərdən bərabərliyin tətbiqində heç bir problem olmasa da, praktiki həyatda vəziyyət başqadır”.

 

Elə parlamentə, nazirliklərə nəzər salanda, DİM sədrinin nə qədər haqlı olduğu görünür. Hazırda Milli Məclisdə 117 deputatdan 22-si qadın, 67 nazir müavinindən isə 6-sı qadındır.

 

Maraqlıdır, niyə yüksək postlarda qadınlar azlıq təşkil edir?

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin xanım deputatı Məlahət İbrabimqızı deyib ki, bütün qadınlar siyasətçi olacaq kimi bir qanun yoxdur, ancaq siyasətə qatılmaq istəyən qadın mübariz olmalıdır:

 

“Uzun illər ki, dövlət idarəçiliyi səviyyəsində qadınların təmsil olunması azdır. Bu vəziyyətə görə ölkəni suçlamaq, ittiham etmək düzgün deyil. Ötən illərə nəzər salsaq, görərik ki, qadınlar özləri də yüksək vəzifəyə sahib olmaqda maraqlı olmayıblar. Qadınlar öz siyasi müqəddəratını təyin etmə məsələlərində çox sürətli inkişaf edir və 20-ci ərsin sonu artıq dünyada  qadınların qərar qəbulu səviyyəsində təmsil olunmasında böyük uğurlar qazanılıb. Hər bir ölkə BMT-nin qadınların kişilərlə bərabər təmsilçiliyi ilə bağlı qəbul etdiyi qərara imza ataraq, öz ölkəsində öhdəlik götürüb. Bu öhdəlikdən irəli gələrək qadınlar üçün mühit yaradılır. Səhv etmirəmsə, Azərbaycan müstəqilliyini təzə qazananda parlaməntin 1.4 faizi qadın idi.

 

Müstəqilliyimizin ötən 30 ilində isə Azərbaycan qadını böyük irəliləyiş əldə edib və hazırda o 1.4% faiz artıb. Qadınlar siyasi və ictimai həyatda öz müqəddəratını, qərar qəbulu səviyyəsində təmsil olunmasını  özü qazanmalıdır. Kişilər qadınlara nisbətən daha prinsipialdırlar. Bir dəfə seçilmirlərsə, növbəti dəfə seçkilərdə namizədliklərini irəli sürürlər, ancaq qadınlar belə deyil. Qadınlar daha güclü və mübariz olmalıdırlar. Ümid edirik ki, gələcək illərdə yüksək postlarda qadınlar daha çox olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir