Modern.az

Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ

Müəllimlərin dərs saatı bölgüsündə NARAZILIQ

Təhsil

30 Noyabr 2021, 14:35

Ölkədəki ümumtəhsil müəssisələrində müəllimlərin dərs saatlarının sayı bir-birindən nəzərəçarpacaq qədər fərqlənir. Belə ki, məktəbdə eyni fənni tədris edən müəllimin birinin təxminən 6-7, digərinin isə 15-16 saat dərsi olur. Müəllimlər arasında olan ayrı-seçkilik bir çox narazılıqlara səbəb olub.

 

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məsələ ilə bağlı Modern.az-a açıqlama verib.

 

Onun sözlərinə görə, dərs saatlarının bölgüsü müəllimlərin MİQ imtahanında topladığı bal və peşəkarlığından asılıdır:

 

“Hansısa müəllimdə dərs saatının çox və ya az olması MİQ imtahanında topladığı baldan asılıdır. Eyni zamanda, müəllimin peşəkarlığına və səriştəsinə uyğun ola bilər. Bu məsələdə kimsə kiminsə qohumudu ya tanışıdı kimi öncəliklər olmur”.

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-a bildirib ki, müəllimlərin dərs bölgüsü zamanı onlara dərs yükünün diaqnostik qiymətləndirmədə topladığı ballara uyğun proporsional olaraq bölünməsi tam ədalətli olmasa da mövcud qaydalara tam uyğundur:

 

“Bu, Təhsil nazirinin 4 oktyabr 2019-cu il F-595 əmri ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, psixoloqların və ümumi təhsil fənlərini tədris edən digər pedaqoji heyətin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinın aparılması Qaydaları”da da göstərilib. Belə ki, təhsil müəssisələrinin rəhbərləri tərəfindən heyət arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınması, diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş heyət diaqnostik qiymətləndirilmədən keçmiş heyət hesab olunmaması və ümumi təhsil müəssisələrində dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzürsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər üçün minimum dərs yükünün 6 saat müəyyənləşdirilməsi birmənalı olaraq qeyd edilib. Hazırda dərs bölgüsü üçün tətbiq edilən bu qayda mövcud vəziyyətdə və sertifikasiyaya qədər məntiqi olmaqla yanaşı həm də tam doğru addımdır”.

 

K.Əsədov vurğulayıb ki, müəllimlər üçün təkrar müsabiqədə iştirak edib minimum keçid balını toplamaqla qanuni işə qəbul olunmaq fürsəti yaradılıb:

 

“Əgər burada dövlət nümunəli sənədi olmayan və ya saxta təhsil sənədi olan müəllimlərin sertifikasiyasından söhbət gedirsə, bu məsələlərin rəsmi səviyyədə müzakirəsinin formatını belə təsəvvür etmirəm. Onlar uğur qazanacaqları təqdirdə işlədikləri müəssisədə vakant dərs saatı varsa həmin yerə, əks halda digər məktəblərdəki vakansiyalara yerləşdirilirdi. Təəssüf ki, onların bir qismi yaradılan bu imkandan istifadə etmədilər. Bununla belə yuxarıda qeyd etdiyim qrupdan olan müəllimlər, həmçinin diaqnostik qiymətləndirmədə iştirak edərək hər hansı bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş, üzürsüz səbəbdən diaqnostik qiymətləndirmədə iştirak etməmiş, həmçinin, 10 baldan aşağı nəticə göstərmiş müəllimlər sertifikasiyaya buraxılandan və uğur qazanandan sonra bütün sanksiyalardan azad olunması şansını qazanacaqlar”.

 

Ekspertin sözlərinə görə, təkrar sertifikasiyadan keçməyən müəllimlərin vəzifəsi vakansiyaya çıxarılmalıdır:

 

“Serifikasiyanın nəticəsində vəzifəyə uyğun olmayan müəllimlərin təkrar sertifikasiyadan keçib uğur qazanmaq şansından sonra belə, işdən azad edilməsinin yolverilməzliyi qanunvericilikdə nəzərdə tutulmayıb. Əgər doğrudan müəllimləri sertifikasiyanın nəticəsindən asılı olmayaraq, işdən azad etmək olmazsa, onda bu sertifikasiyanın keçirilməsinin məqsədi və mənası nə ola bilər? Şübhəsiz ki, sertifikasiyadan keçməyənləri əvəz edəcək yeni kadrlar varsa, təhsilin inkişafına xidmət edən amil olacaq. Belələrini işdə saxlayıb-saxlamamaq məsələsi yalnız o halda müəssisə rəhbərinin səlahiyyətində ola bilər ki, onları əvəz etmək üçün kadrlar olmasın”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?