Modern.az

“Hər şeyi kənara qoyub əkinçi həyatı yaşaya bilərəm” - Məşhur jurnalist Aynur Tattersall

“Hər şeyi kənara qoyub əkinçi həyatı yaşaya bilərəm” - Məşhur jurnalist Aynur Tattersall

Media

30 Noyabr 2021, 17:41

Aynur Tattersall uzun illər peşə həyatını Türkiyədə davam etdirən və hazırda Londonda çalışan müstəqil jurnalistdir. O bütün dünyada liderlik təlimləri, həyata dair ünsiyyət məsləhətləri verir. Yeni yerlər kəşf etmək istəyən, bu səbəbdən dünyanı gəzən insan təəssüratlarını güclü qələmi ilə oxucularına yaşadaraq, hiss etdirərək çatdırır. O, insanların həyatına toxunmağı sevən, həqiqətə inanan, Sait Faiq Abasıyanıkın “Dünyanı gözəllik xilas edəcək, insanı sevməkdən başlayan hər şey” devizini həyat şüarı kimi qəbul edən bir yazıçıdır. Xüsusiyyətləri saymaqla bitməyən Aynur Tattersal üçün “on barmaqda on mərifət” desək, yanılmarıq.

 

Modern.az Türkiyə mediasına istinadən Aysun Kabanın jurnalist Aynur Tattersalla müsahibəsini təqdim edir:

 

- Öncə özünüzü təqdim edərdiniz.

 

- Mən Londondan həm dünya, həm də Türkiyə mətbuatında müstəqil jurnalist kimi çalışıram. Türkiyədə daimi mətbuat kartım var və İngiltərə Milli Jurnalistlər Birliyinin üzvüyəm. Yerli ilə qloballa barışmağa çalışmaq, ikisi arasında irəli-geri getmək, əlaqələr yaratmaq, rəngləri, qoxuları, zövqlərin kəşfi və daha çox şey etmək mənim ən böyük həvəsimdir. Mən liderlik üzrə xüsusi təlimlər keçirirəm və YUNESKO-nun dünya irsi layihələrinə strateji məsləhətlər verirəm.

İndiyə qədər Boris Consondan tutmuş Nikola Sarkoziyə, Rəcəb Tayyib Ərdoğandan Angela Merkelə, Rocer Federerdən İlham Əliyevə, Melinda Qeytsdən Yens Stoltenberqə qədər müxtəlif liderlərlə fərdi müsahibələr aparmışam. İndi bu mövzularda kitab üzərində işləyirəm, son düzəlişləri edirəm. Kitabda səyahət etdiyim ölkələri, gördüklərimi, təcrübələrimi yazıram. Təəssüratlarımı oxuculara öz rakursumdan içimdə yaşayaraq, hiss edərək söyləməyi xoşlayıram. İnsanların həyatına toxunmağı sevirəm. Düşünürəm ki, sevgini hər zaman hər şeydə görə bilsək, uzun bir yol qət etmiş olarıq. Hazırda London və Urlada yaratdığım təbii, sakit və yaradıcı mühitdə səyahət edərək həyatımı davam etdirirəm.

 

- Alış-veriş vərdişləriniz necədir? İndiki moda trendilə bağlı fikirləriniz maraqlıdır.

 

- Mən həmişə özüm olmağa və mənə yaraşanı geyinməyə üstünlük vermişəm. Mən modaya əməl etmirəm və dəbdə olduğu üçün paltar aldığımı heç xatırlamıram. Yalnız ehtiyacım olanda alış-veriş edirəm və paltarım, ayaqqabım, çantam çox azdır. Düşünürəm ki, alış-veriş vərdişlərim 15 il əvvəl dəyişdi. Özümü dərk edəndə və şüur səviyyəm dəyişəndə başqa bir həyat tərzi keçirdim. Geyindiyim və yaşadığım yer də həyat tərzimə görə formalaşır. Çox səyahət etdiyim üçün paltarlarımı da buna uyğun seçirəm. 15 ildir getdiyim yerdə 10 gündən artıq qalmamışam. Mən bunu şüurlu şəkildə etmirəm, artıq hər işim belə uyğunlaşıb. Bu səbəbdən özümə sadə, qalıcı, keyfiyyətli paltarları seçirəm. Alış-veriş edərkən də buna fikir verirəm. Həm də evdəki qarderoblarımın qapısı yoxdur. Bütün əşyalarımı asılqanda görmək istəyirəm. Əgər corab qoyduğum yerdə deyilsə, bunu o dəqiqə fərqinə varıram. Mən bütün əşyalarımın yerini bilirəm və səyahətə hazırlaşarkən maksimum 15 dəqiqəyə çamadanımı yığıb evdən çıxa bilərəm.

 

- London və Urla iki fərqli yaşayış mühitidir. Bu sizin üçün nə deməkdir?

 

- Mən Londonu “sevgilim” kimi sevirəm. Məni həyəcanlandıran, inkişafım və yenilənməm üçün fürsətlər təqdim edən heç vaxt vaz keçə bilməyəcəyim bir ehtirasdır. Urlanı "anam" kimi sevirəm. Köklərim, məni olduğum kimi qəbul edəcəyini bildiyim, rahatlıq tapdığım yerdir.

London-kütlə arasında tək qala biləcəyiniz, həqiqətən nə istədiyinizi bilsəniz və qarşınıza məqsəd qoysanız, həm maddi, həm də mənəvi yaşasanız, yaxşı pul qazana biləcəyiniz bir yerdir. Mən Londondan müxtəlif yollarla qidalanıram. London mənim özümü intellektual və mənəvi cəhətdən inkişaf etdirə biləcəyim bir şəhərdir. Urlada əvvəl xəyal etdiyim, sonra yavaş-yavaş reallaşdırdığım bir həyat tərzim var. İllər əvvəl anam üçün aldığım zeytun bağım və pandemiya dövründə tamamlayıb yaşamaq imkanım olan daş evim var. Mən burada üzvi zeytun yağı istehsal edirəm. Mən dünyanın qalan hissəsini bir kənara qoyub əkinçi həyatı yaşaya bilərəm.

 

- Sizin fikrinizcə, ünsiyyətdə harada səhv edirik?

 

- Ünsiyyətdə etdiyimiz ən böyük səhv, ünsiyyət qurmamağımız və əslində ünsiyyətin nə olduğunu bilməməyimizdir. Eşidirik amma danışmırıq, danışırıq amma dinləmirik. Çox vaxt ön mühakimələrlə yaşayırıq. Onlardan qurtula bilməsək, şüur səviyyəmizi yüksəldə bilməsək, həmişə problemlər yaşayacağıq. Ünsiyyətin hiyləsi özümüzü düzgün ifadə etməkdir. Başqasının bizi başa düşməsini gözləmək çox romantik olardı. Ünsiyyətimizdə vacib olan şey düşündüyümüzü və hiss etdiklərimizi qarşıdakı insana cəsarətlə və səmimi şəkildə söyləyə bilməkdir. Bu qədər həssaslıq və kin nümayiş etdirdiyimiz üçün bir-birimizlə danışarkən həqiqi hisslərimizi yumşaq bir şəkildə ifadə etməkdən uzaqlaşırıq. Bu zaman bəziləri çox danışır, bəziləri tamamilə səssiz münasibətlə əlaqə saxlayır. Bəzən belə fikirləşirlər ki, susmaq çox danışmaqdan daha yaxşıdır, lakin hər ikisi eyni dərəcədə təhlükəlidir. Bizim ünsiyyətdə uğur qazanacaq şey: digər insanı dinləmək, danışmaq və anlamağa çalışmaq qabiliyyətimizi inkişaf etdirməkdir. Hisslərimizin nə olduğu haqqında ürəkdən gələn səmimi söhbət real ünsiyyətə qapı açır.

 

- Sizi siz edən bir həyat şüarınız varmı?

 

- Bir neçə şüarım var, amma ən çox istifadə etdiyim “Nə qədər uzağa getsən, özünə bir o qədər yaxınlaşarsan”. Uzağa getmək, çamadan yığmaq və yola çıxmaq ehtirasdır. Hərəkət rifah gətirir. Hərəkətdə olanda və insanlarla təmasda olanda özümüzü daha yaxşı tanıyırıq. Özümüzü nə qədər yaxşı tanısaq, dünyanı bir o qədər yaxşı tanıyırıq, digər insanlarla münasibətlərimiz təbii və səmimi olur. Biz özümüz olmağı bacarırıq. Özümüz olduğumuz zaman geyimimiz, yeməyimiz, içməyimiz və xarici dünya ilə münasibətlərimiz həqiqi olur. Biz həqiqətə yaxınlaşırıq. Bu, bəzən bizi çətin vəziyyətə salsa da, bizim kimi olmayanların qarşısında bizi incitsə də, sonda həqiqət bizi biz edir və qalib gəlir.

 

Tərcümə etdi: Fidan İlqar

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!