Modern.az

“Qaraheybət”də “Qarakənd” izi ?...

“Qaraheybət”də “Qarakənd” izi ?...

Hadisə

1 Dekabr 2021, 12:40

“Ötən gün baş verən faciədə təxribat düşüncəsini birmənalı olaraq rədd edirəm. Hesab edirəm ki, bu sözü işlətmək belə şəhidlərə qarşı hörmətsizlikdir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

 

Onun sözlərinə görə, hadisə zamanı elə bir məqam yaranıb ki, helikopter hündürlükdən yerə oturan anda idarəetmədən çıxıb, yerə çırpılıb və faciə baş verib:

 

“Bu hadisədə təxribat izi olsaydı, hamıdan çox mən səs salardım. Sözsüz ki, insanlar versiya kimi düşünə bilərlər. Onları anlayıram. Amma orada təxribatın baş verməsi mümkün deyil. Çünki həmin ərazi etibarlı şəkildə DSX tərəfindən qorunur, mühafizə olunur. Kiminsə ora daxil olması və yaxud uzaqdan hansısa texnikanı vurması mümkün deyil. Eniş anında hava burulğanı, külək və digər faktorlar bu faciənin baş verməsinə səbəb oldu”.

 

Ekspert ötən gün baş verən “Qaraheybət” hadisəsi ilə “Qarakənd” faciəsini eyniləşdirməyi düzgün hesab etmir:

 

 

“Qarakənd faciəsi bir az fərqli vaxtda baş vermişdi. O vaxt Azərbaycanın bir dövlət kimi formalaşmasını istəməyən qüvvələr həmin təxribatı törətdilər. Dünənki hadisə tamam fərqli bir məkanda, fərqli bir yerdə baş verdiyinə görə orada təxribat izi yoxdur. Hadisədən sağ çıxan iki hərbçi də açıqlamasında bildirib ki, eniş anında helikopter idarəetmədən çıxdı. Bu burulğandan da ola bilər. Pilot nə qədər çalışıb ki, helikopteri normal məcraya yönəltsin, mümkün olmayıb. Ağır bir texnika və içərisindəki insanları da nəzərə alsaq, vəziyyətin necə çətin olduğunu anlayarıq. Helikopterin idarəetmədən çıxması və yerə çırpılması yanğının baş verməsi ilə nəticələnib”.

 

Ü.Cəfərov qeyd edib ki, helikopter 32 nəfər şəxsi heyyəti daşımaq üçün nəzərdə tutulub və 1981-ci ildə Silahlı Qüvvələrin istifadəsinə verilib:

“Bu helikopter müəyyən uçuş saatı həyata keçirdikdən sonra təmirə dayanır. Ona görə helikopterin nasaz olması haqqında düşünmək yanlış olardı”.

O, yüksək rütbəli hərbçilərin eyni helikopterdə birgə hərəkətinin qadağan olunmadığını bildirib:

 

 

“Bəziləri deyir ki, niyə helikopterdə paraşüt olmayıb. Ümumiyyətlə, helikopterdə paraşüt nəzərdə tutulmur. Hətta nəzəri baxımdan olsa belə, elə bir hündürlükdən eniş edəndə və qəzaya uğrayan zaman paraşütdən istifadə etmək mümkün olmur. Bunun üçün müəyyən hündürülük tələb olunur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu