Modern.az

“Düşməni pusquya salaraq, xeyli sayda canlı qüvvəsini məhv etdik” - Qazi

“Düşməni pusquya salaraq, xeyli sayda canlı qüvvəsini məhv etdik” - Qazi

Mədəni̇yyət

2 Dekabr 2021, 10:03

Vətən müharibəsində yaralanmış hərbi qulluqçularımızla görüşüb, onların keçdikləri döyüş yolu xatirələrini qələmə almaq məqsədilə Daxili Qoşunların Hərbi Qospitalında olduğum zaman palataların birində öz çarpayısında oturub, yalnız silahdaşlarının danışdığı müharibə xatirələrini sakit şəkildə dinləyən bir hərbi qulluqçumuz, istər-istəməz, diqqətimi cəlb etdi. İlk baxışdan onun müharibə iştirakçısı olmayan, səhhətində yaranmış hər hansı bir problem səbəbindən burada müalicə alan hərbi qulluqçulardan biri olduğunu sanmışdım. Nəhayət, növbə Pərvin adlı bu hərbi qulluqçumuza çatanda məlum oldu ki, Şuşa istiqamətində gedən döyüşlər zamanı aldığı ağır partlayış travması səbəbindən nitqi tutulduğu üçün sakit dayanıbmış. Bu baxımdan qeydiyyat apardığım dəftəri qazi silahdaşımıza uzadıb, ona verdiyim sualları yazaraq cavablandırmasını rica etmişdim.

 

Beləliklə, Vətən müharibəsində qəhrəmancasına döyüşərək yaralanmış hərbi qulluqçularımızın həyat və döyüş yolundan bəhs edən “Qazilərimiz” rubrikasının sizlərə təqdim etdiyimiz budəfəki qəhrəmanı çavuş Xudiyev Pərvin Vitali oğludur.

 

Çavuş P.Xudiyev 1992-ci il oktyabrın 14-də Bakı şəhərində anadan olub. Orta təhsilini Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən akademik Xoşbəxt Yusifzadə adına 112 saylı orta məktəbdə alıb. Atası Vitali Xudiyev 2003-cü ildə vəfat edib. O zaman Pərvinin 10, bacısı Ayselin isə 11 yaşı vardı. Silahdaşımızın anası Pərvanə xanımın qeyd etdiyi kimi, həyat yoldaşı vəfat etdikdən sonra ailə bir sıra çətinliklərlə üzləşdiyindən, Azərbaycan Dövlət Neft Şirkətinin Zığ qəsəbəsində yerləşən bazasında əvvəlcə xadiməçi, bir müddət sonra operator vəzifəsində çalışaraq övladlarını böyüdüb, vətənpərvər ruhda tərbiyə edib. Pərvin orta təhsilini başa vurduqdan sonra böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşüb. Müddətli həqiqi hərbi xidmətini 2010-cu ilin oktyabr ayından 2012-ci ilin aprel ayınadək Daxili Qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində keçib. Uşaq yaşlarından hərbi xidmətə böyük marağı olduğundan, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra qoşunların Bakının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsinin xüsusi vasitələrin tətbiqi dəstəsində müddətdən artıq həqiqi hərbi xidmətdə qalaraq, Vətən qarşısında şərəfli borcunu yerinə yetirməkdə davam edib. 2015-ci ilin may ayından Daxili Qoşunların Lənkəran rayonundakı “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində xidmətini davam etdirən çavuş P.Xudiyev əvvəlcə snayper qrupunda heyət nəfəri, 2016-cı ilin iyul ayından yaralandığı günədək isə xüsusi həmlə qrupunda atıcı-sanitar kimi vəzifə borcunu ləyaqətlə yerinə yetirib. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı, hərbi intizamı və nümunəvi xidmətilə fərqlənib, hərbi hissə komandanlığının etimadını doğruldub.

 

 

Pərvin bu hərbi hissədə xidmətə başladığı gündən ailə üzvləri onu tək qoymayıb, Lənkəran şəhərində kirayə tutduğu mənzildə ana və bacısı ilə birgə yaşayıblar. Bu barədə məlumat verən Pərvanə xanım canından çox sevdiyi oğlundan ayrı yaşamamaq, bir ana kimi övladına dəstək olmaq üçün hətta öz ərizəsi ilə işindən ayrıldığını və Bakıdan Lənkərana köçərək, müvəqqəti də olsa burada yaşamaq barədə qərar verdiyini dedi. Cəsur silahdaşımız Vətən müharibəsində aldığı ağır travma səbəbilə tərxis olunduqdan sonra Xudiyevlər ailəsi Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yerləşən evlərinə qayıdıb.   


Vətən müharibəsi başlayanda çavuş P.Xudiyev digər silahdaşları kimi böyük ruh yüksəkliyi ilə hərbi əməliyyatlara qatılıb. İşğal altında olan qədim yurd yerlərimizi düşmən tapdağından azad etmək hər bir döyüşçü kimi Pərvinin də böyük arzusu, xüsusi təyinatlı amalı olub. Məhz buna görə də Füzuli və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda fəal iştirak edən çavuş P.Xudiyev vətənpərvər döyüşçü kimi hər zaman fərqlənib.


Qospitalda qeydlər apardığım dəftəri vərəqləyir, Pərvinin öz dəst-xətti ilə yazdığı müharibə xatirələrini gözdən keçirirəm. Məlum olur ki, Daxili Qoşunların “N” saylı hərbi hissəsinin “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı dəstəsində xidmət etmiş silahdaşımızın ilk döyüş yolu 2020-ci il oktyabrın 17-də Füzuli istiqamətində, “Karyer” deyilən ərazidən başlayıb. Hansı ki, burada ermənilərin “Beton post” deyilən möhkəmləndirilmiş mövqeləri yerləşirdi. Tərkibində Pərvinin də olduğu qrupun şəxsi heyəti bu döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edərək, möhkəmləndirilmiş postlarını tutmağa müvəffəq olub. İştirak etdikləri növbəti hərbi əməliyyat isə doğma Şuşanın düşmən tapdağından azad olunması üzrə döyüş tapşırığının yerinə yetirilməsi idi. Özünün də qeyd etdiyi kimi, burada onların qrupunun yerinə yetirdiyi əsas tapşırıq Xankəndidən Şuşa istiqamətinə hərəkət edən düşmən qüvvələrinin qarşısını alaraq, onları məhv etmək olub: “Bu məqsədlə düşmənin xəbəri olmadan, gizli bir şəkildə irəliləyərək, Şuşa ətrafındakı çətin keçilə bilən sıldırımlı qayaları aşaraq yüksəklikdə özümüzə mövqe tutduq. Ermənilərin Şuşadakı silahlılara köməyə gələn qüvvəsinin qarşısını qətiyyətlə alan hərbi qulluqçularımız baş vermiş döyüşlər zamanı düşmənin hərbi texnikalarını, həmçinin, xeyli sayda canlı qüvvəsini məhv etdilər. Sonradan erməni silahlılarının bizi pusquya salaraq, mövqelərimizi tutmaq cəhdləri isə elə onların öz acı məğlubiyyətləri ilə nəticələndi. Mən özüm də düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etdim. Bir müddət sonra bizimlə açıq döyüşə girməkdən qorxub çəkinən düşmən uzaq məsafədən mövqelərimizi artilleriya atəşinə tutmağa başladı. Elə bu zaman yaxınlığıma düşən minaatan mərmisinin partlaması nəticəsində travma aldım. Dərhal döyüşçü yoldaşım çavuş Zamiq Ağayev ilkin tibbi yardım göstərdikdən sonra digər silahdaşım çavuş Heydər Heydərovla birgə məni güllə və mərmi yağışı altından çıxarıb, meşəlik ərazidə olan təhlükəsiz bir yerə gətirdilər. Burada xeyli yaralı vardı. 3 gün burada qaldıqdan sonra, noyabrın 9-u axşam oradan təxliyyə olunduq. Əvvəlcə bizi Hadrut qəsəbəsinə, orada tibbi yardım göstərildikdən sonra Füzuli Rayon Xəstəxanasına, oradan isə Bakıya, Daxili Qoşunların Hərbi Qospitalına gətirdilər. Şükürlər olsun ki, burada həkimlərimizin sayəsində sağlamlığım qismən bərpa olunub. Lakin tam sağalmağım üçün müalicəmi indi də davam etdirirəm”.

 


Çavuş P.Xudiyev, həmçinin, dəftərdə onunla birgə döyüşdə fəal iştirak edən cəsur silahdaşlarının adlarını da qeyd etməyi unutmayıb. Yazdığı sətirlərdə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olmuş baş çavuş Vüsal Allahyarov barədə xatirələri də yer alıb. Bir zamanlar onun yarımqrup komandiri və ya-xın dostu olmuş Vüsalın, eləcə də şəhid olmuş digər silahdaşlarının əziz xatirəsini heç zaman unutmayacağını qeyd edib. Xüsusi təyinatlı cəsur döyüşçü yoldaşlarından baş çavuşlar Kənan Kərimov, Fərid Əmiyev, çavuşlar Heydər Heydərov, Zeynal Məmmədov, Qafqaz Hüseynov, Zamiq Ağayev, İlkin Abuyev və Famil Məmmədovun adlarını qeyd edərək, onların, həmçinin, digər silahdaşlarının Vətən müharibəsi zamanı böyük şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr vurduqlarını qürur hissi ilə xatırladığını yazıb.


Azərbaycan Respublikası Prezidentinin 18.12.2020-ci il tarixli, 25.12.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli müvafiq sərəncamları ilə çavuş Xudiyev Pərvin Vitali oğlu “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


“N” saylı hərbi hissədə “Gürzə” şərti adını daşıyan xüsusi təyinatlı dəstənin xüsusi həmlə qrupunda yarımqrup komandiri, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş kiçik gizir Mövlan Astanov (Vətən müharibəsi zamanı Şuşa istiqamətində gedən döyüşlərdə yaralanıb) çavuş P.Xudiyevlə eyni qrupun tərkibində Vətən müharibəsində birgə iştirak edib. O, Pərvini əsl vətənpərvər döyüşçü kimi xarakterizə edərək, hər zaman qrupun nümunəvi və intizamlı hərbi qulluqçularından biri olduğunu bildirdi.


Adını Vətənimizin hərb tarixinə qızıl hərflərlə yazan cəsur qazimizə bundan sonrakı həyatında ancaq uğurlar diləyirik.

 

Mayor Anar Əhmədov

DİN-in Daxili Qoşunlarının

“Əsgər” qəzetinin redaktoru

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir