Modern.az

İsrail və Mərakeş arasında \"buzlar əriyir\"

İsrail və Mərakeş arasında \

2 Dekabr 2021, 23:43

İsrail və Mərakeş Krallığı arasında təhlükəsizlik sahəsində Anlaşma Memorandumunun təfərrüatları İsrail mediasına sızdırılıb. Ötən həftə İsrailin müdafiə naziri Beni Qantzın Mərakeşə səfəri zamanı imzaladığı müqavilə İsrail ilə ərəb ölkəsi arasında imzalanan ilk belə sənəddir. Rabata İsrail silahlarının, xüsusən də kamikadze tipli pilotsuz uçuş aparatlarının (PUA) satılması ilə bağlı məlumatlar Mərakeşin qonşuları arasında narahatlıq yaradıb və krallığın özündə də bu xəbər qəzəb və İsrail əleyhinə ritorikaya səbəb olub.

 

İsrailin “Haaretz” qəzeti çərşənbə axşamı bildirib ki, İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti müdafiə sahəsində əməkdaşlıq üçün 22 milyon dollar əldə edib. Nəşr IAI-nin 2021-ci ilin üçüncü rübü üzrə Təl-Əviv Fond Birjasına təqdim etdiyi maliyyə hesabatlarına istinad edir. Nəşrin müəllifinin sözlərinə görə, korporasiyanın aviasiya bölməsi üçüncü rübdə 12 milyon dollar, ikinci rübdə isə 10 milyon dollar gəlir əldə edib. Mənbələr “Haaretz”ə bildiriblər ki, bunlar Mərakeşlə yeni müqavilələrə görə olub.

 

Bundan əvvəl bir sıra başqa mənbələr İsrailin Mərakeşə “Harop” adlı PUA-ları satmaq niyyəti barədə məlumat yayıb. Xüsusilə, həftəlik “Defence News” oktyabrda bu barədə yazıb. Sentyabr ayında isə “African Intelligence” vebsaytı İsrail və Mərakeşin ikincinin ərazisində kamikadze dronları istehsal etmək üçün birgə müəssisə qurmağı planlaşdırdığını bildirub. Məlumdur ki, İsrail “Harop” pilotsuz uçuş aparatını Hindistan və Azərbaycana satıb, xüsusən də bu silahlar İkinci Qarabağ müharibəsi zamanı istifadə edilib. “Harop” təxminən 20 kq partlayıcı daşıyır və yeddi saata qədər uçuşda ola bilər, uçuş məsafəsi 1000 km-ə qədərdir. PUA bir hədəfə kilidlənə, ona doğru şığıya və partlaya bilir.

 

Anlaşma Memorandumu keçən həftə Rabatda İsrailin müdafiə naziri Beni Qantz və Mərakeşin milli müdafiə naziri Abdellatif Ludiyya tərəfindən imzalanıb. Qantz “Twitter” hesabında yazıb ki, memorandum iki ölkə arasında müdafiə əlaqələri üçün çərçivə yaradır və onların müxtəlif sahələrdə gələcək əməkdaşlığına kömək edəcək. Söhbət kəşfiyyat fəaliyyəti, birgə təlim, müdafiə sövdələşmələri və sənayelər arasında sıx əlaqələrdən gedir.

 

“Times of Israel” qəzetinin məlumatına görə, Mərakeş xüsusilə gəmilərdə quraşdırılmaq üçün nəzərdə tutulmuş hava hücumundan müdafiə sistemləri, aşkarlama sistemləri və dronlar alacaq.

 

Memorandum İsrailin ərəb ölkəsi ilə imzaladığı ilk müdafiə sənədi idi. İsrail Müdafiə Nazirliyinin sözçüsü mediaya verdiyi müsahibədə bildirib ki, İsrail İordaniya və Misirlə də təhlükəsizlik əlaqələri qurur, bu ölkələrlə də sülh sazişləri var, lakin bu ölkələrlə memorandum yoxdur və bu, Mərakeşlə razılaşmanı daha “unikal” edir.

 

İsrail və Mərakeş onilliklər ərzində gizli əlaqə saxlayıb və kəşfiyyat məlumatı mübadiləsi aparıblar, lakin bunu açıqlamayıblar. Xüsusilə, 1970-ci illərin sonunda İsrailin baş naziri Yitzhak Rabin və xarici işlər naziri Moşe Dayanın Mərakeşə gizli səfərləri məlumdur. Və daha əvvəl, İsrail mediasının bildirdiyi kimi, Mərakeş Mossada ərəb liderlərinin görüşünün keçirildiyi Kasablankadakı binanın ərazisində dinləmə qurğusunun quraşdırılmasına icazə vermişdi və bu, 1967-ci il müharibəsindən əvvəl İsraili son dərəcə vacib məlumatlarla təmin etmişdi.

 

Qantzın səfəri ərəfəsində Mərakeş dronları müəyyən etmək və məhv etmək üçün İsraildən “Skylock Dome” sistemi alıb.

 

Qeyd edək ki, İsrail bu yaxınlara qədər ərəb dünyasında yalnız Misir və İordaniya ilə diplomatik əlaqələrə malik idi. Amma bir il əvvəl ABŞ-ın yardımı ilə dörd ölkə israillilərlə münasibətlərin normallaşdığını elan etdi. Bunlar BƏƏ, Bəhreyn, Sudan və Mərakeşdir. Bunun üçün Amerikanın əvvəlki prezidenti Donald Trampın administrasiyası onlara hər cür yardımlar vəd edib. Xüsusilə, ABŞ Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanımağa razılaşıb. Rabat hazırda ərazisinin təxminən 80%-nə nəzarət edir, qalan hissəsi isə Polisario adlı qüvvələrin nəzarətindədir. ABŞ-ın qərarı, eləcə də Mərakeşin İsraillə açıq şəkildə yaxınlaşması, digər məsələlərlə yanaşı, Qərbi Səhranın müstəqilliyini dəstəkləyən və eyni zamanda israillilərin barışmaz düşməni olaraq qalan Rabat və Əlcəzair arasında diplomatik münasibətlərin kəsilməsinə səbəb olub. Mərakeş-İsrail əməkdaşlığı xəbərləri bölgədəki vəziyyəti daha da gərginləşdirib.

 

Həm ərəb, həm də İsrail mediası əmindir ki, Beni Qantzın Rabata səfəri və memorandumun imzalanması mərakeşlilərdən Əlcəzairə bir siqnaldır. Eyni zamanda, israillilər İranın Əlcəzairin arxasında dayandığını qeyd etməyi unutmurlar.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi