Modern.az

Ermənistan rəsmiləri Zəngəzur dəhlizinə qarşı çıxır - İrəvanın yeni müharibə ssenarisi

Ermənistan rəsmiləri Zəngəzur dəhlizinə qarşı çıxır - İrəvanın yeni müharibə ssenarisi

3 Dekabr 2021, 11:00
Üçtərəfli Soçi görüşündən öncə dəhliz və anklav məsələləri ilə bağlı fikirlərimizi bildirmişdik. Xüsusilə bu məsələlərin həllinə dair Ermənistan tərəfinin konstruktiv addım atmayacağını, təxribatlara əl atacağını qeyd etmişdik. 

 

Beləliklə, Ermənistan parlamentinin spikeri Alen Simonyan dəhliz məsələsinin müzakirə olmayacağını bildirib. Erməni spiker dəhliz məsələsinin müzakirə olmayacağı ilə yanaşı, hətta Rusiyanın da bunu açıq şəkildə ifadə etdiyini iddia edib. Halbuki, Rusiya prezidenti Vladimir Putin Soçi görüşündə mətbuata verilən bəyanat zamanı açıq şəkildə dəhliz ifadəsini işlədib.

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə yalnız dəhliz məntiqi ilə heç bir məsələnin müzakirə olunmayacağını ifadə etməklə qalmayıb, həmçinin Ermənistan ərazisində anklavların olmadığını, onlardan söhbət gedə bilməyəcəyini ifadə edib.
 
Sovet dövründə müxtəlif sovxozlar arasında müxtəlif illərdə ərazi mübadiləsinin (Təsadüfi deyil ki, bu iddialar Paşinyan tərəfindən Soçi görüşü öncəsi səsləndirilmişdi) aparıldığını, bu səbəbdən onların anklav olmadığını iddia edən Armen Qriqoryan 1990-cu ilin yanvarında Kərki, 1990-cı ilin mart ayının 23-dən 24-ə keçən gecə Bağanis Ayrım, 1992-ci ilin martın 8- də Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndlərinin xüsusilə qırğınla müşayiət olunmaqla işğal edilməsini yaxşı xatırlamalıdır. Baş verən hadisələr eramızadan əvvələ deyil, SSRİ-nin dağlıması və müstəqillik dövrlərinə aiddir. Bu baxımdan, müharibə dövründə sovxozlararası hansı mübadilədən söhbət gedə bilər?! 

 

Bütün bunlarla yanaşı, Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik üzrə Daimi Komissiyasının sədri Andranik Köçəryan həyasızcasına Ermənistanın Azərbaycan ərazisində torpaqları olduğunu bildirib. 

 

Bir daha qeyd edək ki, bu prosesə paralel olaraq, demarkasiya və delimitasiyanın aparılması mümkünsüzdür. Təsadüfi deyil ki, bu gün Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xüsusilə vurğulayıb ki, əsas parametr və prinsip dövlətlərin ərazi bütövlüyü, suverenliyi və toxunulmazlığıdır. 

 

Bir daha qeyd edirik, Qarabağın cinayətkar ünsürlərdən təmizlənməsi, anklavlar və dəhliz məsələləri ölkəmiz üçün milli təhlükəsizlik məsələsidir. Sözügedən "qırmızı xətlər"in pozulması və danışıqların məğzinə uyğun olmayan bəyanatların verilməsi növbəti dağıdıcı müharibəyə səbəb ola bilər ki, bundan da yalnız və yalnız Ermənistan zərərlə və böyük itki ilə çıxacaq. 



Şahin Qocayev 
"Strategy Vision" Araşdırma Mərkəzi

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı