Modern.az

“Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ

“Elə bil ki, dünyanın başı xarab olub” - Prezidentin müşaviri ilə MÜSAHİBƏ - II HİSSƏ

Ədəbi̇yyat

3 Dekabr 2021, 15:06

Müsahibim Saxa Yakut xalqının və dünyanın tannmış teatr rejissoru Andrey Savviç Borisovdur.  Bu il noyabrın 28-də onun 70 yaşı tamam oldu. Bu münasibətlə Saxada və Rusiyada Andrey Borisovun  repertuarında olan hazırladığı tamaşaların dekadası başlayıb. Tamaşa dekadasının ilk sıralarında 50 yaşlı “Arzularımın sahili” tamaşası gedir. Andery Savviç çox maraqlı həmsöhbət və böyük ictimai xadimdir. Onun kimi oğlu olan xalq xoşbəxtdir. İndi onu bir çox məşhur tələbələri “Teatrın Tanrısı” adlandırırlar.

Modern.az saytı jurnalist Aida Eyvazlının Saxa Respublikasının dövlət müşaviri Andrey Borisovla müsahibəsinin ikinci hissəsini oxuculara təqdim edir.

 

- Builki yay Yakutskda, Tayqada çox ağır fəsadlarla keçdi. Alovlar Yakutskın meşələrini yandırdı, insanlara, təbiətə, heyvanlara nə qədər ziyan vurdu. Bu təbii fəlakətlər zamanı şamanların köməyindən istifadə edən oldumu?

 

- Biz meşələrin yanmasına öyrəşmişik, bu təbii  fəlakətdir. Buralarda yanğınlar hər zaman olur. Sadəcə indi internet var, xəbərlər tez yayılır.  Bəzən şaman  alov dilli fəlakəti uzaqlaşdıra bilmir.  Nə olursa olsun, şaman təbiətdən güclü deyil.  Mənim ulu nənəm danışırdı ki, onun babası şaman olub. Lakin hər bir yakut istəyir ki, onun nəslində bir şaman olsun. Hətta bəzən nəslində şamanı olmayanlar, bunu özləri üçün uydururlar. Nənəm deyir ki, yazda  onların yaşadığı  nasleqdə yanğınlar  başlayır. Bütün kənd  xilas olmaq üçün ətrafı qamışla dolu olan yaxınlıqdakı gölün içərisinə tökülüşür. İnsanlar qurşağa qədər gölün içərisində yanğından qorunmaq istəyirlər. Kəndin məşhur şamanı bizim nəsildən olan Ayıı  Oyun da onların içərisində olur. Birdən alov gölün içərisində yığışan insanlara tərəf hücuma keçir. Həmin Ayıı Oyun irəli keçib alovun üstünə nəsə oxuyur, əl hərəkətləri ilə onu geri çevirir. Bir anın içərisində alov yönünü dəyişib gölün içərisindəki kənd adamlarından aralanır. Qamışlara toxunmur alov. Onlarla birlikdə mənim nənəm də xilas olur. O gündən sonra həmin Ayıı Oyun adlı babamı  Kamış Oyun çağırırlar. Sizə bir daha deyim ki, bu hadisəni mənim nənəm öz gözləri ilə görmüşdü.

 

- Dövlət işlərində şamanlara müraciət etmisinizmi?

 

- Mən mədəniyyət xadimi kimi hər zaman rəhbərlərimizə demişəm ki, şamanlarla əlaqəli olsunlar. Müraciət etsinlər.  Lakin heç birni görmədim ki, müraciət etsinlər. Bəlkə də müraciət ediblər. Lakin bu haqda mənə  danışmırdılar.

 

- Öz  yaratdığınız obrazları və ya  yaratdığınız əsərləri  röyalarınızda görürsünüzmü ?

 

- Mənim yuxuma hər zaman Platon Oyunski gəlir. O, Hökumətin ilk sədri olub. Bir dəfə dəhlizdə Oyunskinin portretinin yanında dayanmışam. Onun portreti  Hökumət sədrinin  qapısı ilə yanaşıdır.  Və birdən nə üçünsə  qolumdakı saata baxdım.  Saat  11.11-i göstərirdi.  Fikirləşirəm ki,  bu gün ayın 11-dir. Saatın əqrəbləri də 11:11-i  göstərdi.  Birdən yadıma düşdü ki, axı bu gün həm də Oyunskinin doğum günüdür. Təəssüfləndim ki, Platon Oyunskinin haqqında “Məşhur adamların həyatı” seriyasından kitab yazan tanınmış jurnalist Oleq Sidorovu  bu gün hökumət evinə dəvət etməyi unutmuşam. Elə bu vaxt başımı qaldırıb dəhlizin o biri başından gələn adama nəzər salıram. Baxıram ki, gələn adamın özü elə Oleq Sidorovdur. Adətən o, yarım ildən bir gəlir bu binaya. Rəqəmlərin 11-ini ona danışdım. Və biz həmin anı əbədiləşdirmək üçün Platon Oyunskinin portretinin altında çəkil də çəkdirdik. 2011-ci il, 11 noyabr, saat 11:11 idi.  Bəlkə də bu mənim fantaziyamdır. Rəqəmləri oxumaq bacarığımdır. Mənim rəqəmlərlə bağlı başqa fəlsəfəm vardır. Lakin mən Oyunskini özümə yaxın dost, məsləhətçi bilirəm. Onun əsərlərinin hamısını səhnələşdirmişəm. Bütün yaradıcılığım boyu Oyunski mənimlə olub. Əslində diqqətlə analiz etsək, müşahidə etsək ətrafımızın mistika ilə dolu olduğunun fərqinə vararıq.

 

- Rəqəmlərin dilini bilən, mistikaya inanan dünyanın tanınmış rejissoru Andrey Borisovun uşaqlığı mənə çox maraqlıdır. O necə bir uşaq idi?

 

- Bizim kəndimizin adı Çarandır. 1951-ci ildə 28 noyabrda həmin kənddə doğulmuşam. Çaran -Ağcaqayın meşələri deməkdir. Ətrafımız ağcaqayınlarla doludur. Yayda da, qışda da çox gözəl mənzərəsi var. “Cənnətin özüdür”- desəm inanın.  Bu kənddə böyüyüb, yaradıcı adam olmuşam. Mənim kəndimin təbiətinin gözəl səsləri var. Ağcaqayın yarpaqlarının, budaqlarının  yayda və qışda oxuduğu nəğmələr insanı ancaq dinləməyə və düşünməyə sövq edir. Uşaqlığım bütün kənd uşaqlarının həyatı kimi keçib. Bizim tərəflərdə  qışda suyu qarın altındakı buzdan tədarük edirik. Bir dəfə də yenə bacımla axşam vaxtı həyətə çıxıb, dəmir ləyənə buz parçaları yığmaq üçün əlimizdəki  çömçə ilə buzun üstündəki qarı təmizləyirdik. Qarın altındakı parıldayan buz parçalarını dəmir ləyənə yığırıq, sonra ərinmiş sudan yemək və içməkdə istifadə edirik. Bu bütün zamanlarda belə olub. Sizə deyim ki, ən təmiz və distillə edilmiş, arınmış sudur. Əlimdəki çömçəni göyə qaldıranda bir də baxdım ki, göy üzündə bir topa bulud  mənim çömçəm kimidir. Bacıma dedim ki, mənim çömçəm göyə qalxıb. Və biz uşaq olduğumuz üçün mənim bu uydurmama, bənzətməmə inandıq.  Sonralar anam mənə Ayı bürcünü göstərdi. Böyük Ayı bürcü də çömçəyə oxşayır axı...

 

Uşaqlıq dostlarım var idi. Ətrafımdakı dostlarımın içərisində bütün ömrüm boyu eşitmə və danışma qabiliyyəti olmayanlar olub. Onlarla jest dilində danışmışam. Bəlkə də rejissor olmağımda o əl jestləri də öz rolunu oynayıb. Hə  biz balaca olanda iki danışma qabiliyyəti olmayan dostumla həyətdə oynayırdıq. Onlardan birinin adı Robinzon idi. Bir də baxdım ki, digər  lal-kar dostum  əli ilə mənə göy üzünü göstərir. Baxıram ki, göydə bir öküz, bulud və ot tayası var. Üstündə də bir oğlan oturub. Bizim Robinzon da həmişə ot tayalarının üstündə belə oturardı. Bir Robinzona baxdıq, bir göyə baxdıq, bir yanımızda dayanan öküzə baxdıq, əvvəlcə qorxduq. Sonra sevindik ki, Robinzon həm bizim yanımızdadır, həm də göydədir.  Evimizin yanında traktor təmiri bazası var idi. Hər bir oğlan uşağı kimi dəmir-dümürlə oynayırdıq. Bir dəfə əlimi havada oynadarkən baxdıq ki, ətrafda uçuşan kəpənəklər əllərimin istiqamətində rəqs edir. Sonralar mən əllərimə dəmirlərin sütündə olan yağdan çəkirdim ki, yağın ətrinə gələn  kəpənəklər mənim əllərimün üstündə rəqs etsinlər. Elə gözəl anlar idi ki... Mənim dəmirlə dostluğumun tarixi beləcə, lap uşaqlığıma gedib çıxır... Dəmir traktor hissələri, dəmir çömçə, dəmir ləyən...   Elə  ilk səhnələşdirdiyim əsər də Çingiz Aytmatovun əsəri əsasında hazırldağım “Arzularımın sahili”  tamaşası oldu. Bu əsərin də baş qəhrəmanının əlində dəmir çömçə var.  Qəhrəman dəmir çömçəni özü ilə gəzdirir ki, sağ qalsın. Mənə isə bu əsər şöhrət gətirdi.

 

(Söhbətinin şirin yerində telefonu zəng çalır. Kiminləsə danışır. Yakut dulində danışır. Mən isə onu tam anlayıram. Deyir ki, qonağım var. Bir azdan söhbətimizi bitirib, gəlirəm. Telefonun o biri başında danışan adama  mənim haqqımda “Azərbaycannar...”- deyir.  Bu söz yakut ləhcəsində  elə gözəl səslənir ki... Yenidən dönüb mənə tərəf baxır. Və heyrət içərisində davam edir):

 

- Mən indicə sizin gözlərinizdə Tutanxamonun işığını gördüm.  Sizin gözləriniz başqa dünyaya uçmuşdu. Sizin paralel dünyanız var.

 

- Anam məni 7 aylıq doğub... əkiz olmuşuq... 900 qram çəkim olub, "penisilin" şüşəsindən məni yediriblər... Və mənim paralel dünyam...

 

(Sözümü axıra çatdırmağa imkan vermir. Köməkçisi Mayisanı çağırır):

 

- Mayisa, Mayisa... bura gəl... Gör bir bu qız nə danışır. Bizim pensilin şüşəsindən süd əmən Ançikdən danışır. Mən indicə ona  bizim qəhrəmanımız olan Ancikdən danışmaq istəyirdim. 

 

(Mayisa da gəlir, yenə oturub maraqla söhbətimizi dinləyir, çayımızı dəyişir... Və hərdən də şəkillərimizi çəkir)

 

- Mən sizə anamdan və Ançikdən danışmaq istəyirdim. Deyirəm axı, sizdə paralel dünyadan nəsə var. Mənim anam Zinaida Panteleymonovna  7 aylıq doğulmuş  bir qız uşağını elə ilk gündən himayəyə götürüb, ona bax beləcə penisilin şüşəsi, pipetka ilə süd verib,  yedizdirib, dirçəltmişdi.  O qız və anam haqqında sizə danışmaq istəyərdim. Heyif ki, vaxtım azdır.  Yubileyimlə əlaqədar  görüşlərim var, ora tələsirəm.  Yoxsa ki, o əhvalatı və anam haqqında sizə danışardım. Qalsın gələn dəfəyə...

 

- Azərbaycana nə zaman gələcksiniz?

 

- Bu da çox düşündürücü sualdır. Azərbaycan və Türkiyə ilə əlaqələrimiz çox zəifdir. Bu çox pisdir.

 

- Mən də Bakıya dönəndən sonra Saxa-Yakutiya, Türk dünyası, Azərbaycan və Türkiyə ilə bağlı öz layihələri və təkliflərimi yazıb  bizim Mədəniyyət nazirliyinə verəcəyəm. Çox istəyirəm ki, dövlətlərimiz bir-biri ilə mədəni əlaqələrini, ədəbi əlaqələrini genişləndirsinlər.

 

- Biz TÜRKSOY-un tərkibində 2003-cü ildə Bakıda keçirilən tədbirlərə gəlmişdik. Dedilər ki, Azərbaycan Prezidenti Heydər Əliyev 4 ölkənin mədəniyyət nazirini qəbul edəcək. O görüşə adı yazılanlardan biri də mən idim.

 

- Siz Heydər Əliyevlə görüşmüsünz?

 

- Bəli, Heydər Əliyevlə...

 

- Bu haqda danışın. Heydər Əliyev mədəniyyəti çox dərindən bilirdi.

 

- Siz imkan verin danışım... (deyib, gülür yenə) Mən Heydər Əliyevlə görüşmüşəm. Və o görüşü heç vaxt unutmayacağam.  Deyirdilər ki, səhhəti sağlam deyil. Lakin səhhətində problemlər olmasına baxmayaraq, TÜRKSOY adına gələn qonaqları qəbul etməyə zaman tapmışdı. Məndən başqa  üç nəfər naziri tanıyırdı. Mən özümü təqdim edib, Saxa Respublikasından gəldiyimi söylədim. Mənə diqqətlə baxıb soruşdu: -İndi haradadır Mixail Nikolayev? Dedim ki, Rusiya Federasiyasında məsləhətçidir. Mənim bu sözümün cavabında.   “Ləyaqətli isandır!” –dedi. Və mən onun “Ləyaqətli insandır” sözünün intonasiyasını heç vaxt unutmadım. İlk və son dəfə Heydər Əliyevin dilindən eşitmişdim “Ləyaqət” sözünün bu qədər temperamentlə və layiqincə söylənməsini. O bu sözü Nikolay Efimoviçin  özünə yaraşan tərzdə söylədi. Onun dediyi “ləyaqət” sözü  bütün  cingiltisi, deyilişi və şəsti ilə yaddaşıma yazıldı. Və onun dediyi “Ləyaqətli insan” kəlməsindən sonra, bu sözü leksikonumda çox ehtiyatla işlədirəm. Qorxuram ki, onun kimi deyə bilmərəm. İkinci cümləsi isə bu oldu: -Sizin yollarınız çox  bərbaddır. Heydər Əliyev Sovet İttifaqının Nazirlər kabinetində  sədr müavini işləyəndə  həm də  yol-nəqliyyat məsələrəini  idarə edirdi.  Bizim iqlim şəraitinə görə, yollarımız həqiqətən çox bərbaddır. Təsəvvür edirsinizmi,  bəzən bir  Ulusdan  digərinə getmək üçün 3 min kilometr yol qət etməli olursan. Və o yolun yorğunluğundan sonra hələ teatr da göstərməlisən. Biz belə işləmişik və işləyirik. Sonra Heydər Əliyev mədəni əlaqələrimizin genişləndirilməsinin və möhkəmləndirilməsinin  mühüm şərt olmasından danışdı. Bu görüşdən sonra bizi Bakının gəzməli-görməli yerlərinə, muzeylərinə apardılar. O tədbirlər çərçivəsində teatrlardan birində Qara Qarayevin yubileyi də keçirilirdi. O zaman mən yubiley konsertinə gələn kübar bakılıları və azərbaycanlıları gördüm. Onlar bahalı geyinməmişdilər. Lakin üzlərində bir amiranəlik, xəlqi cizgilər var idi. Konsertin sonunda Heydər Əliyev səhnəyə qalxdı. Mən onun hər bir artistlə necə şahanə görüşdüyünü gördüm. Onun konsermeystr və maestro ilə görüşməyi, onlarla söhbəti və diqqəti də mənə çox maraqlı göründü. Hər bir hərəkətində şarm var idi. Onun söhbət edəndə əl hərəkətləri diqqətimi cəlb etmişdi. Onun jestulyasiyaları bir başqa idi. Möhtəşəm və əvəzolunmaz bir insanı kəşf etdim. Mən onu damla-damla yaddaşıma yazdım. Bir axşam isə taksi ilə gəzməyə çıxdım. Sürücü ilə söhbətimiz maraqlı idi. Bizim səfərimiz olan ili prezident seçkiləri keçirilməli idi. Sürücüdən soruşdum ki, kimi seçəçəksiniz, kim seçiləcək? O düşünmədən cavab verdi ki, əlbəttə Heydər Əliyevi...  Mən  Heydər Əliyevin səhhətinin zəif olmasını xatırlatdım. Bilirsiniz sürücü mənə nə dedi? Dedi ki, təki nəfəsi gəlsin, bəsimizdir! Və onun bu cavabında Şərq fəlsəfəsini və bir şərqli kişisinin cavabı var idi... Mən bu cavabda xalqın məhəbbətini gördüm.

 

- Mərhum Heydər Əliyevlə görüşünüzdən fotonuz dururmu?

 

- O zaman fotolar çəkdilər, bizə verəcəklərini desələr də, sonradan gəlib çatmadı...

 

- Söhbət arası bir də 2014-cü ildə Bakıda olduğunuzu söylədiniz. Azərbaycanın prezidenti İlham Əliyevlə görüşdünüzmü?

 

- TÜRKSOY bizi tədbirlərə dəvət edirdi o vaxt. Lakin İlham Əliyevlə hələ görüşümüz olmayıb. Ümid edirəm ki, o da olacaq.

 

- Biz bir ildir ki, torpaqlarımızı geri qaytarırıq...  Şuşa bizim mədəniyyət və  musiqi beşiyimizdir. İndi biz qalib gəlmişik. Bəli, müharibə çox dəhşətlidir. Bizə  nə arzulardınız?

 

- Baxmayaraq ki, mən dövlət xadimiyəm, hakimiyyətdəyəm, lakin yaradıcı olduğum tərəf məni siyasətin dərinliyinə buraxmır. Mən bütün mədəniyyətlərin dərinliyini bilirəm. Mənim azərbaycanlı dostlarım çoxdur, lakin erməni dostum yoxdur. Buna baxmayaraq, mənim üçün müharibə çox ağrılıdır. Həmin günlərdə xəbərləri oxuyurdum, izləyirdim. Fikirləşirəm ki, axı mədəniyyətləri necə məhv etmək olar.  Mən müharibəyə, dağıntılara nifrət edirəm. Həmin müharibədə həlak olanlar haqqında xəbərləri oxuyanda pis olurdum. Mən insanların ölümünə sevinə bilmirəm. Mən SSRİ-nin xalq deputatı olarkən Qarabağ hadisələri başladı...  Bu hadisələrin hamısı gözümüzün qabağında baş verirdi. Çox dəhşətli idi, o illərin xəbərləri də... Məni mədəniyyətlərin məhvi çox düşündürür. Bizim mədəniyyətlərimiz isə çox yaxındır. Dil yaxınlığımız var, genetik yaxınlığımız var...

 

- Andrey Savviç,  anacaq unutmayaq ki, onlar bizim geri aldığımız torpaqlarda bütün mədəniyyətləri məhv ediblər. Polad Bülbüloğlunun ata evi dağıdılıb. Xanların  yurdları, qəbriləri dağıdılıb.

 

- Bunu necə bacarıblar, bunu necə törətmək olar? Elə bil ki, dünyanın başı xarab olub.  Ərəblər də Buddistslərin qayalardakı  abidələrini dağdıblar. Bu mənzərələri seyr etmək elə ağrılıdır ki...

 

- İndi orada bir ev qalmayıb ki,  əsil sahibləri köçüb  yaşasınlar.

 

- Bəli, bu çox pisdir.

 

- Torpaq bizimdir deyə biz bu gün oranı yenidən qurub abadlaşdırırıq.

 

- Bu çox yaxşıdır. Biz gərək Azərbaycanda tamaşa qoyaq.

 

- Buna görə bizim mədəniyyət nazirimizə müraciət edin. Bəlkə sizin məktubunuzu nəzərə alacaqlar.

 

- Gərək öz tərçüməçimi tapım. Furkatı. O  məni tərcümə edir. Yəqin ki, mədəniyyət naziri də deyəcək ki, əvvəlcə  teatra  müraciət etmək lazımdır. Mən türk dünyasında məşhur rejissioram.  Çox istərdim ki, ən azı  “Ulu Kudanqsa”nı Azərbaycan teatr səhnəsində görsünlər.

 

- Mən Platon Oyunskinin əsərlərini  tərcümə edib bitirdiyim gündən sonra hər zaman fikirləşirəm ki, kaş bu əsərlərdən birini Azərbaycan teatr səhnəsində görəydim. Və əgər  böyük  yakut və türk yazıçısının əsərini Azərbaycan tamaşaçısına siz çatdırsanız, həm Oyunskinin ruhu sevinər, arzuları çiçəkləyər. O, yakut xalqının türk dünyasında səsinin eşidilməsinə inanırdı.  Həm də bizim teatrın tamaşa siyahısı yenilənər... Teatrsevərlərimiz nəhayət ki, tanınmış rejissorun əməyindən bəhrələnər, teatrlarımızda sizin məktəbinizi keçmək istəyənlərin sayı artar.

 

- Siz nə vaxta qədər Yakutskdasınız?

 

- Noyabrın 5-də Bakıya dönürəm.

 

- Sizi  Olonxo Teatrının məşqlərinə dəvət edirəm, vaxtınız olacaqsa, gəlin. Mayisa, sən orada məşq qrafkinə bax, Aida xanım yola düşənə qədər uyğun bir gündə bizim məşqləri təşkil elə, teatrın aktyorlarına de... Siz Ulu  Olonxo teatrının aktyorlarının oyununu görəndən sonra,  buna daha çox cəhd edəcəksiniz. Mən sizə Xomus hədiyyə edəcəm.

 

(Beləcə, 2 saatlıq söhbətdən  sonra, biz Olonxo  teatrında görüşənədək ayrılırıq)


Aida Eyvazlı Göytürk

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır