Modern.az

Tofiq Yaqubluya edilən zorakılıq təxribatdı

Tofiq Yaqubluya edilən zorakılıq təxribatdı

3 Dekabr 2021, 15:54

Son günlər baş verən hadisələrlə bağlı hüquq müdafiəçisi, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Demokrat.az saytına müsahibə verib.

 

Modern.az müsahibəni təqdim edirik:



- Çingiz müəllim, ilk olaraq Mİ-17 helikopter qəzası ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Bildiyimiz kimi, hadisəylə bağlı mətbuatda müxtəlif fikirlər, şərhlər bildirildi. Təbii ki, biz də rəsmi açıqlamalara daha çox üstünlük veririk. Ancaq bir hüquqşünas kimi sizin də baş vermiş hadisəylə bağlı fikirlərinizi öyrənmək istərdik. 

- Əvvəla, qeyd edim ki, baş vermiş hadisə bütün Azərbaycan xalqını kədərləndirir. Çünki biz bir gündə  14 qəhrəman şəhidimizi itirməklə, çox böyük faciəylə üzləşdik. Allah şəhidlərimizə rəhmət eləsin və onların ailə üzvlərinə baş sağlığı verirəm. Qeyd edim ki, bu məsələlər üzrə doğurdan da, müxtəlif şərhlər, ekspert rəyləri mətbuatda "ayaq tutub" yeriyir. Amma hərə öz bildiyi sahə ilə bağlı fikir bildirsə, daha gözəl olar. Misal üçün, birdən hansısa millət vəkilinə müraciət edirlər ki, yanvardan sonra pandemiya ilə bağlı sərt qapanma olacaqmı? Çox istərdim ki, bunu millət vəkilləri, iqtisadçılar, hüquqşünaslar, maliyyəçilərə deyil, məhz həkimlərimizə, yaxud da ki, Operativ Qərargaha ünvanlasınlar. Bu hadisə də nə qədər kədərli olsa da, ancaq mən rəsmi məlumatlara üstünlük verməyi düzgün sayıram. Belə hesab edirəm ki, hüquq-mühafizə orqanları hadisənin törədilmə səbəbləri ilə bağlı kifayət qədər obyektiv araşdırma aparacaq və cəmiyyətə bu barədə açıqlama verəcək. Ona görə də, faciə üzərindən yalnış şərhlər verməklə, acımızın üzərinə acı gətirməyin tərəfdarı deyiləm. Bu sahədə ekspert olmadığım üçün yalnız və yalnız hüquq-mühafizə orqanlarının rəsmi açıqlamalarını gözləməyə üstünlük verirəm. Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin istefa verməsiylə bağlı tələblərini səsləyənlərə də fikrimi bildirmək istəyirəm. Çox istərdim ki, onlar Dövlət Sərhəd Xidmətinin generallarının və zabitlərinin 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında göstərdikləri şücaətlərini yaddan çıxarmasınlar.

- Məhz bu hadisə baş verən gün müxalifət təmsilçiləri şəhərin mərkəzində aksiya keçirməyə cəhd etdilər. Eyni gündə belə bir aksiyanın baş verməsini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, belə bir aksiyanın keçirilməsinə heç bir ehtiyac yox idi. Nəzərə alsaq ki, belə bir gündə faciə baş vermişdi və biz qəhrəman oğullarımızı itirmişdik. Hesab edirəm ki, ölkədə ictimai-siyasi sabitliyin pozulacağını bilən müxalifətçilər bu cür addıma getməməli idilər. Çünki xalqımız yas içərisində idi,  şəhidlərimizin dəfnlərinə hazırlıq gedirdi. Bu dönəmdə bu cür aksiyaların keçirilməsini yolverilməz hesab edirəm. Onu da qeyd edim ki, Saleh Rüstəmovla bağlı bu cür tədbirlərin keçirilməsi əksinə onun azadlığa çıxması yoluna maneələr yaradır. Biz bir qrup hüquq müdafiəçiləri ölkə rəhbərliyinə Saleh Rüstəmovun azad olunmasıyla bağlı rəsmi şəkildə müraciət etmişik, o cümlədən mən də o sənədi imzalayanlardan biriyəm. Bu günlərdə Milli Məclisin üzvlərindən biri, dostumuz Zahid Oruc da bu məsələ ilə bağlı öz fikirlərini bildirdi. Qeyd etdi ki, onun azadlığa çıxması əslində bu gün niyə lazımdır? Bu aksiyanı keçirdənlər elə hesab edirlər ki, təzyiq yolu ilə onlar Saleh Rüstəmovu azad edəcəklər, ancaq bu həmişə prosesləri ləngidir. Mən belə deyərəm ki, bütün hüquq müdafiəçiləri “bu cür aksiyalarla nəyə nail olmaq mümkündür?” sualına onlardan cavab istəyərdi. Əslində, onlar bu problemi ləngidirlər və belə aksiyalarla heç də Saleh Rüstəmova kömək etmək mümkün deyil. Hesab edirəm ki, Saleh Rüstəmov azad olunmalıdır, onun cəzasının çox az hissəsi qalıb, hazırda isə aclıq çəkir. Ümid edirəm ki, ölkə rəhbərliyinə onunla bağlı edilmiş müraciət nəticəsiz qalmayacaq. Biz hüquq müdafiəçiləri dinc və sakit yolla Saleh Rüstəmovun azad olunması üçün axıra qədər çalışacağıq. 

- Aksiyada Tofiq Yaqubluya qarşı fiziki zorakılıq göstərilib və onun fotolarından  görünür ki, o həqiqətən də təzyiqlə üzləşib. Ümumiyyətlə, aksiyalarda bu cür zorakılıqların törədilməsinə hüquq-mühafizə orqanları tərəfindən ehtiyac varmı?

- Bütün hallarda zorakılğın əleyhinəyəm. Hesab edirəm ki, aksiyanın keçirilməsi nə qədər məqsədəuyğun deyilsə, aksiyada tutulanlara zorakılığın tətbiq edilməsi də bir o qədər lazımsızdır və məqsədəuyğun deyil. Nəzərə alsaq ki, dekabrın 15-də Cənab Prezident Brüsselə səfər edəcək. Bəlkə də aksiyanı bu ərəfədə düşünülmüş şəkildə həyata keçirdirlər ki, qarşıdurmalar olsun və bu cür hərəkətlərə yol verilsin. Tofiq Yaqublunun o cür döyülməsi əslində dövlətin imicinə vurulan bir zərbədir. Ona vurulan hər bir zərbəni dövlətin imicinə vurulan zərbə kimi dəyərləndirirəm. Brüssel görüşü ərəfəsində, görəsən, bu zərbəni vuranlar və yaxud da ki, göstərişi verənlər bunu dərk edirdilərmi? Bunu bir təxribat xarakterli aksiya kimi dəyərləndirirəm, eyni zamanda Tofiq Yaqubluya edilən zorakılığı da təxribat xarakterli hesab edirəm. Bunu polis orqanlarının rəhbərliyinə qarşı edilmiş bir təxribat kimi dəyərləndirirəm. Çünki bu gün əsas gündəmdə olan Daxili İşlər Nazirliyinin rəhbərliyidir və tənqid hədəfi də onlardır. Deməli, bu zorakılığı həyata keçirən sıravi polis əməkdaşları və kiçik heyətli zabitlər də bilməli idilər ki, bu cür addımın nəticəsində onların nazirliyi və nazirləri təzyiq, tənqid obyektində qalacaqlar. Tofiq Yaqublunun prokurorluq orqanlarına artıq dəvət olunmasını da alqışlayıram. İstəməzdim ki, bu cür hallar ört-basdır edilməklə, ölkədə bir presedent yaransın. Gələcəkdə də bu cür hallara hüquq-mühafizə orqanları və polis orqanları tərəfindən yol verilməməlidir. Ümumiyyətlə, mən hər iki hərəkəti - həm aksiyanın keçirilməsini, həm də aksiyada bu cür zorakılıqların törədilməsini pisləyirəm. Bunu təxribatdan başqa bir şey adlandıra bilmərəm”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub