Modern.az

Ədəbi mühitdə Mahir Qabiloğlu DƏST-XƏTTİ

Ədəbi mühitdə Mahir Qabiloğlu DƏST-XƏTTİ

Ədəbi̇yyat

4 Dekabr 2021, 10:12

(Yazıçı Mahir Qabiloğlunun 55 yaşına)    

 

Son doqquz ildə 13 kitab – “Atam Qabilin qəribə əhvalatları” (2011), “Ərmən – Şuşanikin sevgisi” (2014), “Cəncəhim” romanı (2014), “Alim-hakim” (2014), “Qurd yağı” (2015), “Sandıq” (2015), “Əlli yaşında mən...” (2016), Leyla xanım Əliyevanin tərcümələrindən ibarət “Poeziya” (2016) “Tanınmış tanışlar” (2018), “İtbaşı” romanı – I cild (2019), II cild (2019), III cild (2020), “İtbaşı” roman-trilogiya (2021) kitablarını yazmış, Xalq şairi Qabilin yeddi cildlik külliyyatının tərtibçisi, redaktoru və naşiri, 2015-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2017-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, yazıçı, publisist, jurnalist, tərcüməçi Mahir Qabiloğlu müxtəlif illərdə AYB-nin “Dədə Qorqud” ensiklopediyasında ədəbi işçi, AzTV-nin “Xəbərlər” pedaksiyasında redaktor, Speys” televiziyasının “Hər gün” informasiya proqramında redaktor, baş redaktorun müavini, “Xalq qəzeti”nin Redaksiya Heyətinin üzvü, informasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. Son vaxtlar müstəqil fəaliyyət göstərir.


Düz beş il əvvəl Modern.az saytına müsahibəsində ömrünün 50 yaşında dönüb arxaya baxmış, özünə və ədəbiyyatsevərlərə hesabat vermişdir. Bu, Mahir Qabilöğlunun yarım əsrlik ömür yoluna fərdi və fərqli yanaşmasıdır:


“Əzəldən belə qəbul olunub ki, 50 yaş həyatın yarısıdır. Çünki hamı bir-birinə 100 yaş ömür sürməyi arzu edir Heç 110, 150, 200 il arzulayan görməmişəm... İnsan 50 yaş yaşayır, qurur, yaradır. 50-yə çatanda ilk dəfə geriyə boylanır, yaşadıqlarının (həm də yazdıqlarının – V.O.) bəhrəsini görmək istəyir, görənlər də olur, görməyənlər də... Bax, bədbəxtlik ondadır ki, 50 il qulluq etdiyin ağac bar gətirməyə, yaşadığın 50 ilin boş olduğunu anlayasan. Mən şəxsən bu keçidi ağır keçirirəm. Ötən 50 ildə daha çox işlər görə bilərdim. Amma cəmi 5 faiz bəhrələnə bilmişəm. Buna görə çox heyslənirəm...”


Vurğuladım ki, bu müsahibədən 5 il keçib. Mahir müəllim bu 5 ildə tez-tez dönüb arxaya baxır. Servantesin təbiri ilə desək, “insan çay deyil ki, dönüb arxasına baxmasın”. “Əlli yaşında mən...”dən sonra Mahir Qabiloğlu 6 kitab yazıb, Xalq şairi Qabilin 7 cildliyinə tərtibçilik, redaktorluq və naşirlik edib. Qibtə olunası məhsuldarlıqdır. Onun becərdiyi ağac ömrün bütün fəsillərində bar verir. Ancaq özündən narazılığında da böyük həqiqət var.


Mahir Qabiloğlu təvəzökardır, sadədir, özündən razı deyil, iddiadan uzaqdır, qədirbiləndir. Yazır ki, atamın diliylə desəm, yaradıcı insanı yaşadan müsbət emosiyadır, müsbət emosiya isə qiymətləndirmədən qaynaqlanır. Mahir müəllimə görə, onun bir düşməni var, o da özüdür.


Həmişə düşünmüşəm ki, hər bir kitab müəllifə bir abidədir. Mahir Qabiloğlunun 13 abidəsi var. Üstəgəl Xalq şairi Qabilin 7 cildliyi. Bu ata və oğulun birgə abidəsidir. Bu abidələr ən azı söz ömrü qədər yaşayacaq. Mahir müəllimin yazılarında zamanın qəlbinin döyüntülərini hiss edirsən, cərəyan edən hadisələrin içinə düşməmək mümkün deyil.


Çağdaş memuar və xatirə ədəbiyyatının öndə gedən qələm sahiblərindəndir Mahir Qabiloğlu. Bu onun döğulub boya-başa çatdığı, yetkinləşdiyi, ilhamının, təxəyyülünün, təhkiyəsinin cilalandığı, püxtələşdiyi mühitlə bağlıdır. O, doğulandan ədəbi mühitin içindədir, ədəbiyyatımızın qaymaqları ilə ünsiyyətdədir. Yazıçılar evində ünlü söz adamları İsa Muğanna, Əhməd Cəmil, Cabir Novruz, Əliağa Kürçaylı, Bayram Bayramov, İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə, İlyas və Elçin Əfəndiyevlər, Hüseyn Abbaszadə, Salam Qədirzadə, Məsud Əlioğlu, Qasım Qasımzadə və digər tanınmışlarla həm qonşu, həm də doğma olan Mahir müəllim üçün yuxarıda adlarını çəkdiklərim məşhurlar və onların ailə üzvləri “əmi” idilər, “xala” idilər.


Mahir Qabiloğlunun yazdığı xatirə-memuar nümunələri niyə uğurlu alınır? Çünki daha çox gördüyünü yazır, nəinki ordan-burdan eşitdiyini. Hamımızın əlçatmaz saydığımız İsa Muğanna, İsmayıl Şıxlı, Bayram Bayramov, Fikrət Sadıq, Zeynal Xəlil, Vəli Məmmədov, General Abbasəli Novruzov kimi tanınmışları o, hələ körpə vaxtlarından tanıyır, söhbətlərini dinləyib, sonralar həmsöhbət olub, bir süfrə arxasında oturub. “Tanınmış tanışlar” (2018) kitabındakı publisistik qeydlərində 20-25 tanınmışın portretini çəkir.


Həmin kitabdan məni özünə çəkən bir publisistilka nümunəsində – “Torpaqlarımız Antalyaya gedib?” qeydlərində bizi düşünməyə vadar edən suallara yazıçı da cavab axtarır:


“Görəsən, hansı ifadə düzgündür? Sən torpaqların geri qayıdacağı günü gözləməyin, yoxsa torpağın sən qayıdacaq günü mərak eləməsi? İndi sual edə bilərsiniz ki, niyə 25 il susmuşam. Bu ifadənin düzgün olmadığını bəyan etməmişəm. Bilirsinizmi nəyə görə? Elə bu günü gözləyirdim. Çünki indi də, bu aprel günlərində (2019-ci ilin apreli - V.O.) “Azərbaycan əsgəri torpaqlarımızı geri qaytarır” deməyə başlamışıq. Amma əslində Azərbaycan əsgəri torpaqları geri qaytarmır Sadəcə... uzun illər onun yolunu gözləyən öz torpağına geri qayıdır.


Axır ki, anladıq. Torpaq geri qayıtmaz. Biz isə torpağa geri qayıda bilərik. Bunu bizə izah edən Azərbaycan əsgərinə eşq olsun! Bu yolu qanıyla sulayıb toz-dumanı yatıran şəhidlərə isə min rəhmət!”.


2020-ci ilin sentyabr-noyabr aylarında müzəffər ordumuz daha möhtəşəm və şanlı tarix yazdı. Torpaqlarımız işğaldan azad edildi. Qalib Azərbaycan əsgər və zabitlərinin döyüş taktikası dünya hərb tarixində bir yenilik idi.


Mahir Qabiloğlu yaradıcılığı ədəbi tənqidin, tədqiqatçıların, çörəyi sözdən çıxanların, millət vəkillərinin diqqət mərkəzində olub.


Sabir Rüstəmxanlı: “O, yıpranmış qəliblərdən uzaqdır. Bəzən mühakimələrində yaşına yaraşmayan uşaq sadəlövhlüyü duyulsa da, bu onun məsələlərə sadəlövh yanaşması deyil, yazısını canlı ünsiyyət tərzinə yaxınlaşdırmaq istəyidir, müəllifin istəyidir”.


Elmira Axundova: “Mahir Qabiloğlu ironik tərzdə, şəxsi düşüncələri müstəvisində, nəsihət və məsləhət vermədən özünə və oxucuya ünvanladığı suallarla Azərbaycan cəmiyyəti üçün aktual olan məsələlərə - məişət məsələlərindən tutmuş ölkə həyatı üçün taleyüklü məsələlərə qədər müxtəlif problemlərə toxunur. O, köhnə adətləri, xurafatı tənqid edir, Azərbaycan diasporları arasında birlik və həmrəyliyin olmamasının səbəbləri üzərində düşünür, ruhən və düşüncə baxımından ona yaxın olan müasirlərinin portretlərini yaradır”.


Mahir Qabiloğlunun iki – fani dünya ilə haqq dünyası şərti adı ilə beynimizə qurğuşun kimi əridilib tökülən, dərindən düşünüb nəticə çıxarmaq imkanımız xaricində olan, haqqı və ədaləti heç bir dünyada tapa bilmədiyimiz aləmə alternativ yaratdığı dünya Cəncəhim adlanır - Cənnət və Cəhənnəmin ilk hecalarının birliyindən yaranmış qarmaqarışıq dünya. Bu dünya da gördüyümüz, yaşadığımız dünya kimi eybəcər hibriddir. İki dünyanın xaosunu Mahir müəllim bir dünyaya yerləşdirib “Cəncəhim” yaradıb. İndi də bilmir ki, yaratdığına gülsün ya təəccüblənib qaşqabağını töksün. “Cəncəhim”də çoxlarının “getməyə tələsdiyi” Cənnətin və bəzilərinin qorxduğu Cəhənnəmin “sakin”lərinin bütün işləkləri və kələkləri çılpaqlığı yazıçının fikir süzgəcindən keçir. Düşünürük: bu hibrid və əndrabadi dünya yaşadığımızın prototipidirmi? Çox oxşardır. Bar qadını Xoşbəxtə atası sahib durmayanda Mama Roza ona “atalıq” eləmişdi. İnkir Minkiri də yağlı vədlərlə, rüşvətlə yumşaldıb ələ almaqla, Cənnətdə kotec sahibi olmaq mümkündür. Qanlıgün fani dünyanın jurnalistlərinin həmkarıdır. Nəsrulla Şeyxzadələr diriləri diri-diri “öldürürlər”...


“Ərmən – Şuşanikin sevgisi” hekayəsinin qəhrəmanı Şuşanik öz xalqını, millətini, torpağını, nəhayət, doğulduğu Qarabağı sevgilisi Əhməddən fərqli olaraq çox sevir. Hekayə boyu oxucu bunu addım-addım izləyir. Şuşanik nə edirsə-etsin, “Böyük Ərməniyyə” dövlətinin yaradılması uğrunda xalqının arzuları onun ailə məhəbbətindən bir addım irəlidə gedir. Xalqının “Böyük Ərməniyyə” arzuları onun əslən şuşalı olan əri Əhmədə olan sevgisindən qat-qat yüksəkdə dayanır. Şuşanik 90-ci illərin hadisələrindən sonra “Süsən”ə çevrilsə də, hicaba girsə də, familiyası Məmmədova olsa da, azərbaycanlıların əhatəsində yaşasa da daim xalqının yanında olur, erməni, ərmən, hay olmasını yaddan çıxarmır” (Virtualaz.org).


Yazıçı bu hekayəsində Şuşanikdən fərqli olaraq xalqına, torpağına, el-obasına laqeyd, Şuşanikin “can” sözündən əriyib dünya gözünə görünməyən Əhməd surəti yaradır. Belələrinə hələ də rast gəlirik. Zəfərlə bitən 44 günlük II Qarabağ savaşı (Vətən müharibəsi də adlandırırlar – V.O) Əhmədlərin də iç üzünü açıb göstərdi...


Mahir Qabiloğlu “Sandıq” kitabının “Müəllifdən” önsözündə yazır ki, sandıq “taynik”, gizlincdir. Sandıq nənələrimizin ağzıqıfıllı sirlər dünyasıydı. Məhz bu mənası ədəbiyyat nəzəriyyəsində də öz əksini tapıb, “sandıq ədəbiyyatı” deyilən qeyri-rəsmi janrın adı burdan əmələ gəlib. Müəllifin təbirincə desək, o, həm də sandığın qıfılını açıb, içərisindəkiləri bir-bir azadlığa buraxır.


Sən demə, çağdaş qələm sahiblərinin heç vaxt sandığı olmayıb. Yoxsa, o sandıqdan heç olmasa 3-5 ildən bir ədəbi inci azadlığa çıxardı. Biz söz azadlığına biganə bəndələrik...


2019-2020-ci illərdə ayrı-ayrılıqda üç cildi, 2021-cil ildə bütöv şəkildə 636 səhifəlik bir kitabda nəşr olunmuş “İtbaşı” romanı son dövrün ədəbi həyatında bir hadisədir. Bir çox qələm adamları belə bir əsər yazsaydılar, mütləq sandığın işıq düşməyən, göz görməyən yerində gizlədər, qıfıln açarını da elə yerdə saxlayardılar ki, inni-cinni də tapa bilməsin. Mahir müəllim iki ildə ərsəyə gətidiyi üç cildi ədəbi cəsarətlə nəşr etdirmişdir. Bu il əsərin bir kitab şəklində işıq üzü görməsi sözsevərlərin mənəvi ehtiyacı, sifarişidir, ilahi sözə sayğıdır. Gəlin deməyək kitabın kitabı bağlanıb, onu oxuyanlar 30 il əvvəldə qaldı. Ədəbi rezonans yaradan əsərləri oxucular əl-əl gəzirlər.


Romanda cərəyan edən hadisələr xalq dilinə yaxın, folklor nümunələri - lətifə, rəvayət, əsatirlərlə yaddaşa həkk olunduğundan yorucu deyil, düşündürücüdür. Kitabın redaktoru Eldəniz Elgünün fikrinə görə: “İtbaşı” romanı acı reallığı olduğu kimi oxucuya çatdıran bir konsepsiyadır, bu konsepsiyada dünyanın idarə olunması, dövlətlərin formalaşması, xalqla hakimiyyət münasibətləri öz əksini tapıb. “İtbaşı” roman-trilogiyası təpədən dırnağa qədər alt şüurun məhsulu olmaqla Azərbaycan ədəbiyyatına yeni üslub və fəlsəfi cərəyan gətirdi”.


“İtbaşı” romanı qədim-qayım dastanlarımız kimi ona görə həmişə aktual olacaq ki, romandakı surətlərin adları həmin dövrün siyasi və mənəvi mənzərəsinin “indikator”udur. “İtbaşı” tarixin bədii inikasıdır. Sifarişlə yazan tarixçilərdən fərqli olaraq, Mahir müəllim tarixi həqiqətləri ortaya qoyur, anormal hakimiyyət üsullarını ironik tərzdə qamçılayır. Sanki o, Dədə Qorqudun bu günümüzdəki mənəvi övladıdır. Əsərdəki insan və yer adları – Alqan şah, Bədrəng, Dürəng, Dümbələk, İtbaşı, Həqqi şah kimilər bu gün də bizimlə birgədirlər. Biz sanki bu gün “Yolaverənlər məmləkəti”, “Göyverənlər dövləti”, “Qulaqkəsənlər”, “Evyıxanlar”, “Ağzıcırıqlar”, “Boşboğazlar” məhlələrində yaşayırıq. Şahın təşkil etdiyi içki ziyafətindəki tostlar, təriflər indiki əksər şairlərin həyat tərzinin eynidir.


“İtbaşı”nı “söhbətlər romanı” adlandıran şair, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu daha incə məqamlara aydınlıq gətirir:


“Dünyanın bütün dövrlərində zalımlar və məzlumlar, əzənlər və əzilənlər olub. Qəddarlıq, amansızlıq hakimiyyəti əldə saxlamağın ən əsas vasitəsinə çevrilib. Cəmiyyəti ədalətlə idarə etmək istəyi arzu olaraq qalıb, həmişə iflasa uğrayıb və adil şahların hakimiyyət müddəti qısa olub... Bunu Mahir öz əsərində desə də, deməsə də, tarixi faktlar bu amansız həqiqəti inkar etməyə imkan vermir. Qəddar Alqan şah, onun övladları Həqqi və Barəngahın timsalında bunu aydın görürük. Kim təxt-tac yolunda hətta öz əziz adamını qətlə yetirməyi bacarmırsa, o uduzur, nə qədər ağıllı, kamallı olsa belə uzaqbaşı İtbaşına çevrilir. Bu mühüm məqam da ondan ibarətdir ki, ağıllı, kamallı düşüncəli adamlar idarəçiliyə həmişə mane olurlar, buna görə də onlar müxtəlif yollarla hoqqa, içki hərisliyi ilə, yoluxucu xəstəliklərlə zərərsizləşdirilir və bu acı həqiqətin əksi var Mahir Qabiloğlunun “İtbaşı” romanında”...


Həyat bir andır. A.P.Çevova görə, onu əvvəlcə qaralamada yaşamaq, sonra isə ağartmaya köçürməyə vaxt yoxdur. Bu deyimdəki “yaşamaq” sözünü “yazmaq” ilə əvəz etmək də olar. Mənim düşündüyümə görə, Mahir Qabiloğlu həyatı, qavradıqlarını, gördüklərini qaralamaya yazmır, hiss, həyəcan və duyğularını birbaşa ağartmaya yazır. Bu “tələskənliyin” səbəbi var. Ürəyi, təxəyyülü onu narahat edən hisslərlə limhəlim dolu insanların cümlələrə bəzək-düzək vurmağa vaxtı yoxdur. Bəziləri ona görə də Mahir müəllimin yazdıqlarına “+18” qoymağı məsləhət görür. Yazıçı isə bu barədə fikirləşmir, həssas oxucu bunu yaxşı anlaya bilir. Ona görə də Mahir Qabiloğlunun yazıları axarlı və yaddaqalandır. O, duyğularına və cümlələrinə sərhəd qoymur, sığal, mala çəkmir, əlavə naxış vurmur, bildiyi, duyduğu, gördüyü kimi qələmə alır. Bunu bir çoxları “açıq-saçıqlıq” hesab edir, mənsə təbii sayıram...


Mahir müəllim ömrünün 55-nə gəlib çatdı. İndiyə qədər özünün yaradıcılıq potensialından cəmi 5 faiz istifadə edib. Mən yazıçı dostumuza bəziləri kimi 100 il ömür yox, 110 il arzulayıram. Və bundan sonrakı 55 ili sağlam və mənalı yaşasın, potensialının heç olmasa 55 faizindən səmərəli istifadə edib yazsın, yaratsın.

 

VAQİF OSMANOV

Ədəbi tənqidçi, “Ədəbi ovqat” jurnalının baş redaktoru                             

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir