Modern.az

Erməni “çoban”ı zərərsizləşdirən əsgərə mükafat vermək lazımdır...

Erməni “çoban”ı zərərsizləşdirən əsgərə mükafat vermək lazımdır...

Aktual

5 Dekabr 2021, 21:45

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

 

Hayların Azərbaycana qarşı məqsədli şəkildə törətdikləri təxribatlarına nə vaxtsa son qoyacaqlarına inanmaq olmur. Şübhəsiz ki, onların dövlət siyasətinin məhz terrorçuluq üzərində qurulduğunu hər kəs yaxşı bilir. Ancaq terror əməlini uğurla həyata keçirə bilməyəndə vəziyyətdən çıxmaq üçün qaragözlük edib dünyanı özlərinə cəlb etmək məqsədilə tez təxribata əl atırlar. Özü də bu kimi təxribatı gedişləri adətən, məhz hansısa vacib bir görüşdən öncə edirlər ki, masaya əyləşəndə əllərində guya tutarlı bir arqument olsun. Sözsüz ki, burada Ermənistanın həm dövlət siyasəti, həm də xalq olaraq xisləti bir-birini tamamlayır. Belə ki, elə iki gün öncə Qarabağda Azərbaycan əsgərinə qarşı hücum etdiyinə görə hərbi qaydalara uyğun olaraq məhv edilən “yolunu azmış” və ya “çaşmış” “çoban” donlu terrorçu Seyran Sarkisyan təxribatı bunu bir daha sübut edir.

 

Diqqət edin, planlı və ya süni şəkildə yaradılan olaydan dərhal sonra Ermənistan XİN-ni “Dekabrın 3-də Artsaxın Martuni rayonunun Çartar kəndinə yaxın ərazidə kənd təsərrüfatı işlərini yerinə yetirərkən Azərbaycan Silahlı Qüvvələri Çartar sakini Seyran Smbatoviç Sarkisyanı əsir götürüb və qəsdən öldürüb”, - deyə bəyanat yaydı. Bundan əlavə, üstəlik həyasızlıqla Azərbaycan tərəfindən “dinc” sakinin qətlində günahkarları məsuliyyətə cəlb etməyi tələb etdi. Bu azmış kimi, rəsmi İrəvan başının əzilməsinə baxmayaraq, “Bu, bir daha sübut edir ki, Azərbaycanın yurisdiksiyası altında Artsax ermənilərinin fiziki təhlükəsizliyinə və yaşamaq hüququna zəmanət vermək mümkün deyil”, - deməklə əvvəlki niyyətindən heç də geri çəkilmədiyini bəyan etmiş oldu.

 

Azərbaycana qarşı erməni təxribatının eyni mərkəzdən icra olunması isə heç kimdə şübhə oyatmamalıdır. Diqqət edin, Ermənistan diplomatları ilə bərabər özlərini Xankəndidə hələ də yerin sahibi hesab edən qondarma “dqr”çıların baş verən olaya yanaşması daha absurd səslənir. Özlərinin törətdikləri təxribatı Azərbaycanın adına yazaraq ona “qiymət” verən qondarma “dqr” “xin”ni öz “bəyanatında”, “Rəsmi Bakının davranışı əldə edilmiş razılaşmalara hörmətsizlikdir. Onun məqsədi Artsax xalqını qorxutmaq və onu öz vətənini tərk etməyə məcbur etməkdir... Bakı belə siyasəti ilə Rusiyanın sülhməramlı missiyasına xaincəsinə zərbə vurur.”, - deyərək, İrəvan küçələrindəki mitinqlərdə “yuyulmamış Rusiya” şüarı ilə rusları təhqir edən ermənilər həyasızlıqla sonda özlərini ruslara şirin satdırmağa çalışırlar. Sepatçılar 44 günlük savaşı unudaraq utanmadan yenə də, “Artsax erməni torpağıdır və belə də qalacaqdır. Heç kim öz vətənimizdə bizim yaşamaq istəyimizi və qətiyyətimizi sarsılda bilməz”, - deyərək öz separatçı çağırışlarını davam edirlər.

 

Baş vermiş olayla bağlı öz açıqlamasında Ermənistan ombudsmanı Arman Tatoyan isə tamamilə cəfəng iddia irəli sürərək, “Dağlıq Qarabağın dinc sakininin öldürülməsi bir daha göstərir ki, Azərbaycan silahlı qüvvələri erməni yaşayış məntəqələrinin yaxınlığında olmamalıdır”, - deyir. Onun sözündən belə çıxır ki, Azərbaycan əsgəri ümumiyyətlə erməni görəndə üzünü yana çevirməli və onların hər hansı bir təxribatına şərait yaratmalıdır. Gəmidə oturub gəmiçi ilə dava edən haylar hələ də qanmırlar ki, Qarabağın hər bir kəndi, rayonu, şəhəri bütövlükdə Azərbaycan ərazisidir və onun əsgəri istədiyi yerdə gəzə, həmçinin dayana bilər.

 

Sözsüz ki, terrorçu-təxribatçı ermənilərin nə deməsindən asılı olmayaraq baş verən olaylarla bağlı bir sıra suallar ortaya çıxır: 65 il bu yerlərdə yaşamış, bu mənada Qarabağın hər dağ-daşına bələd olan bu “çoban” necə olur ki, yolunu azır və məhz Azərbaycan əsgərinin üstünə gəlir? Azərbaycan tərəfindən “dinc” sakinin qətlində günahkarları məsuliyyətə cəlb etməyi tələb edən Ermənistandan soruşmaq gərəkdir ki, sənin Şuşa yaxınlığındakı posta qumbara atıb üç Azərbaycan əsgərini yaralayan terrorçu Norayr Mirzoyanının aqibəti necə oldu, məgər onu qəhrəmanlaşdırmadınmı? Bütün dünya dövlətləri və beynəlxalq təşkilatları tərəfindən Qarabağ Azərbaycanın suveren ərazisi kimi tanınırsa, sən kimsən, dünyadan böyüksən ki, “Azərbaycanın yurisdiksiyası altında Artsax ermənilərinin fiziki təhlükəsizliyinə və yaşamaq hüququna zəmanət vermək mümkün deyil”, deyirsən?! İndiyədək üç əsas razılaşmanı – 10 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci ildə Soçi görüşündə imzalanan üçtərəfli sazişləri hörmətsizliklə kim pozub? 

 

Hər kəs bilməlidir ki, bütün ölkələrin hərbi hissələrində əsgər keşik çəkən posta yaxınlaşan naməlum şəxslər hərbi təlimatlara uyğun olaraq saxlanılır və araşdırma aparılır. Özünü şübhəli aparan və ya parolu bilməyən adam isə tabe olmadıqda yerindəcə zərərsizləşdirilir. Azərbaycan əsgəri də məhz öz hərbi təlimatına uyğun hərəkət edib. Bu üzdən də rrməni “çobanını” zərərsizləşdirən əsgərə cinayət işi açmaq yox, onu məhz mükafatlandırmaq lazımdır.

Əslində, bütün bunlar onu göstərir ki, İrəvanın “çoban oyunu” durğuzmaqda məqsədi, əvvəlcə Ağ Evin təşəbbüsü ilə 100-dən çox ölkə arasında yer almış Ermənistanın dekabrın 9-10-da keçiriləcək onlayn Demokratiya Sammitində, həmçinin 15 dekabrda Brüsseldə keçiriləcək görüşdə Paşinyanın Azərbaycan tərəfini ittiham etməyə əlində hansısa əsası olmasına hesablanıb.

 

Ancaq rəsmi İrəvan anlamalıdır ki, nə ABŞ, nə də Avropa onun quyusuna su tökməklə, sulu edə bilməyəcək. Qonşularına qarşı əsassız torpaq iddialarından əl çəkməyincə ac toyuq kimi yuxusunda darı görəcək. Ac toyuq demişkən, bu arada erməni iqtisadçı Suren Parsyanın həyəcan dolu sözlərinə görə Ermənistanda yoxsulluğun yuxarı həddində olan insanların faizinin 43,8%-dən 47,6%-ə yüksəlib. Bu onu göstərir ki, ölkə əhalisinin acından qarnını qaşıyır.

 

Odur ki, Paşinyan özünü ABŞ-a, Avropaya, istəsə lap marsa, yupiterə vursa da, onsuz da axırda gəlib Moskvadan keçəcək. İndiki halda isə Moskvanın Ermənistandan tələbi Azərbaycanın tələbləri ilə üst-üstə düşür. Sərhədlər delimitasiya,  demarkasiya olunmalı, Azərbaycanın ərazi bütövlüyü tanınmaqla birdəfəlik sülh sazişi bağlanmalı və Zəngəzur dəhlizi açılmalıdır. İrəvan nəhayət  qanmalıdır ki, ölkəni “çoban” siyasəti ilə idarə etmək olmaz. Əks təqdirdə onun öz aqibəti də Azərbaycan əsgərinin üzərinə qəsdən göndərilmiş, ancaq guya “yolunu azmış” və ya “çaşmış çobanın” aqibəti kimi olacaq.  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi