Modern.az

Mən koronavirusa necə qalib gəldim - Jurnalistin təşəkkür borcu...

Mən koronavirusa necə qalib gəldim - Jurnalistin təşəkkür borcu...

6 Dekabr 2021, 17:30

Şəmsiyyə Musaqızı

Bildiyimiz kimi, iki ildir bütün dünyanı cənginə alan COVİD-19 Azərbaycandan da yan keçməyib. İki ildir ölkə əhalisi bu mənfur xəstəliklə mübarizə aparır. Nə qədər insanların həyatına son qoyub. Mütəxəssislər koronavirusdan qorunmağın yollarını  hər dəfə əhaliyə başa salır və geniş təbliğat işləri aparırlar. Əfsus ki, nə qədər qorunsan da, təmizliyə riayət etsən də bəzən xəstəlik səni elə yerdə yaxalayır ki, heç xəbərin də olmur…


... Sentyabr  ayında koronavirus mənim də yaxamdan yapışdı. İlk günlər bir şey başa düşməsəm də sonra gördüm ki, vəziyyətim ağırlaşır… Gəncəyə gedib KT müayinəsindən keçdim və elə orada – Abbas Səhhət adına    xəstəxanada yaradılmış modul tipli xəstəxanaya yerləşdirildim. İlk gündən həkimlərin qayğısı ilə əhatə olundum. Palata həkimim Leyla xanım gənc olmasına  baxmayaraq, çox savadlı və təcrübəli həkimdir. Gün ərzində bir neçə dəfə palatama gəlir, saturasiyamı tez-tez yoxlayır və tibb bacılarına tapşırıqlarını verirdi. Hətta axşam evdən zəng edib tibb bacılarından vəziyyətimlə maraqlanırdı… Demək istəyirəm ki, çox yaxşı müalicə olunurdum, həkimlər sağalmağım üçün əllərindən gələni edirdilər... Bu barədə ətraflı bir yazı hazırlayacam, inşallah. İndi demək istədiyim başqadır...

Xəstəxanaya düşdüyüm günlərdə vəziyyətim çox ağır idi... Bir tərəfdən qardaşımın hüzründə iştirak edə bilməməyim, digər tərəfdən isə xəstəlik... Həkimlər isə tapşırırdı ki, ancaq pozitiv ol, əhval-ruhiyyəni yüksək saxla.  Necə? Hər gün, hər gecə ətrafımda neçə insan nəfəs ala bilmir, boğularaq can verir... Hər elə boğularaq imdad diləyən səsləri eşitdikcə, mən də ölümə yaxınlaşdığımı düşünürdüm... Ancaq Allahdan üzülməyəndə üzülmür... Mən o ağır günlərdə bunu bir daha hiss etdim...

Xəstəxanaya yerləşdirildiyim gün xətrini çox istədiyim Elnurə Abuşova öz Facebook səhifəsində məlumat yayıb, narahatlığını bildirib. Sonra başqa saytlar xəbəri öz bildikləri kimi yayıblar. Sağ olsunlar... Bu informasiyalardan sonra dostlar, tanışlar xəbər tutan kimi mənə zəng edirdilər... Narahat olduqlarını bildirirdilər. Bəzən hamısına cavab verə bilmirdim, çünki sistem altında olurdum...

Xəstəxanada çox ağır günlər yaşadım. Hər gün, hər gecə gözümün qabağında nəfəs ala bilməyən insanlar boğularaq dünyasını dəyişirdi... Hər dəfə də mən ölümə  yaxınlaşırdım... Dəhşətdi... Deyirdim, ay doktor, mən necə pozitiv olum ki, gözümün qabağında insan həlak olur? Nə isə, o xəstəxanada nələr yaşadım, dediyim kimi, bir Allah bilir...

Orada olduğum günlərdə mənə mənəvi dəstək olan insanları heç vaxt unutmayacam. Çünki içəridəki vəziyyət, yəni dediyim kimi, nəfəs ala bilməyən insanlar boğulub öldükcə mən də ölümə yaxınlaşdığımı hiss edirdimsə, o gələn zənglər məni ordan uzaqlaşdırırdı... Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov zəng edib təsəlli verəndə, tez sağalmağımı arzulayanda, vitse-prezident Qafar Əskərzadə zəng edərək bütün kollektivin salamını və arzusunu çatdıranda mənə ruh verirdi. Mətbuat Şurasının sədri Əflatun Amaşov isə ilk gündən mənim müalicəmi diqqətdə saxladı, xəstəxananın baş həkimi ilə danışıb, sağalmağım üçün nə lazımdırsa etmələrini xahiş edib... Əflatun müəllim bir neçə dəfə mobil telefonuma zəng etdi, hər dəfə də xoş sözlərlə mənə ürək-dirək verirdi. Tez sağalacağıma inandırdı məni...
Gulər Mikayılqızının da zənglərini unutmuram. Bir neçə dəfə zəng vurdu, - nə çatmır, nə lazımdır, - deyə soruşdu... Həmən göndərim dedi... İnanın ki, onun bu qədər səmimi, qəlbdən danışması məni həm kövrəltdi, həm də xəstəliyimi bir anlıq da olsa unutdurdu...


Zəng edənlər arasında bir xanım da var : Sevinc Sultanova. Bu xanımla həyatda heç qarşılaşmadıq, şəxsi tanışlığımız yoxdur. Sadəcə Facebook-da dostuq.  Mesengerdən mesaj yazdı ki, sizinlə danışa bilərəm? Dedim olar... Zəng etdi, o qədər xoş sözlər söylədi, ürək - dirək verdi ki... Dedi qorxmayın, koronavirus sağalan xəstəlikdi, siz də sağalacaqsınız... Evdə 4 nəfər belə xəstəyə qulluq edib sağaltmışam.. Sonra da dedi ki, hardasınız, deyin, gəlim sizə qulluq edim... İnsalığın ən yaxşı nümunəsidir, Sevinc xanım. Məni çox duyğulandırdı... Tövsiyələrini də verdi...


Zəng edənlər arasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova, Fatma Abbasqulubəyli, Züleyxa Nadir, Zərifə Bəşirqızı, Adilə Qocayeva... Heç üzünü görmədiyim  Şəmsiyyə Bəylər də vardı. Ola bilsin ki, bəzilərinin adını unutdum, ancaq məni üzrlü sayın. Çünki həmin günlər həyatımda o qədər ağır hadisələr baş verdi ki...  Ard-arda...

Mənə zəng edən, mesaj yazan, səhhətimlə maraqlanan hər kəsə dərin təşəkkürümü bildirirəm. Həmin ağır günlərimdə yanımda olduğunuzu hiss etdirdiyiniz üçün, məni o mənfur xəstəliklə tək buraxmadığınız üçün, ən nəhayət, elə bir əcaib xəstəliyə qalib gəlməyim üçün mənə stimul verdiyinizə görə min dəfə təşəkkür edirəm hər birinizə. Yaxşı ki, varsınız! Hər birinizin zəngi, mesajı gəldikcə necə sevindiyimi görməniz lazımdı.. Sevinirdim, ona görə ki, sevildiyimi hiss etdim... Pessimist fikirləri başımdan qovurdu sizin zəngləriniz...

... Həyatın gözəlliyi insanların çətin anda bir-birinə dəstək olmasıdır. Mən sizdən bu dəstəyi gördüm, əziz dostlar. Allah heç birimizə pis dərd verməsin.  Amin.

Bir daha hər birinizə ən səmimi təşəkkürümü bildirirəm, bağrıma basıb öpürəm. Mən xəstəliyə qalib gəldim... Təbii ki, Allahdan hələ üzülməmişdi...  Bunu həmişə deyirəm, bir adamın kəndiri Allahdan kəsilibsə yüz min loğman yığışa, bir şey edə bilməz...

 
P.S. Dərd gələndə batmanla gəlir, deyirlər. Xəstəxanadan sentyabrın 21 - də evə buraxıldım.. Gəldim ki, anam şokdadı, heç kimlə danışmır, eləcə məni çağırır... Gəldim, görüşdüm, əlindən, ayağından, hər yerindən öpdüm. Dedilər, "mama, Şəmsiyyə gəldi". Gözünü açıb bircə kəlmə: "Şəmi" dedi... Dedim, mən gəldim, mama... Sadəcə 3-4 dəfə Şəmi dedi, vəssalam...  22-si səhər tezdən gözlərini bu həyata əbədi yumdu. Oğluna qovuşdu... Bu, azmış kimi, 26-da da Bakıdakı yeznəmin ürəyi dayandı... Anamın 7-si ilə onun 3-ü eyni günə düşdü... 

Bu qədər ağır yükə hansı ürək dözər? Allah mənə güc verir, hələ ki, dözürəm... Sonra nə olacaq, bilmirəm... Yəqin bu da keçər... Yenidən dikələrəm, dikəlmək zorundayam... Anam mənim üzərimə böyük yük qoyub... Onu çəkmək lazımdır... Haracan çəkə biləcəm, bilmirəm.... Bəlkə də Allah məni bu xəstəlikdən ona görə öldürmədi...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir