Modern.az

Operativ Qərargah Yeni illə bağlı QƏRAR VERƏCƏK

Operativ Qərargah Yeni illə bağlı QƏRAR VERƏCƏK

Ölkə

7 Dekabr 2021, 11:54

Dünyada koronavirusun yeni “Omicron” ştammı sürətlə yayılıb. Bir çox ölkələr yeni ştammın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib.

 

Hətta Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah da toplanaraq, yeni ştammın yayılması ilə bağlı müzakirə aparıb. Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb. İclasda, habelə “Omicron” ştammı və ona qarşı profilaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.

 

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a bildirib ki, Azərbaycanda da koronavirusun “Omicron” ştammının qarşsını alacaq bəzi tədbirlər görülməlidir.

 

Onun sözlərinə görə, vətəndaşlara hələ ki, bu ştammın yayıldığı ölkələrə getməyi  dayandırmaq tövsiyə edilməlidir:

 

“Oradan gələn insanların hamısı ciddi şəkildə aeroportda yoxlanılıb, testdən keçirilib nəzarət altına götürülsə, yaxşı olardı. Hətta karantində saxlanılarsa, qabaqlayıcı tədbir görmüş olarıq. Profilaktika məqsədi ilə düşünürəm ki, bunlar edilməlidir”.

 

Deputat virusun yeni ştammının əlamətləri haqqında informasiyanın geniş şəkildə verilməli olduğunu qeyd edib:

 

“Maarifləndirmə işləri təəssüf ki, son vaxtlar zəif aparılır. Peyvəndləmə işləri davamlı aparılmalı və hamıya 3 doza peyvənd vurulmalıdır. Çünki peyvəndin 3 dozası vurulandan sonra demək olar ki, yoluxma, ağırlaşma və ölüm minimuma enir”.

 

Azərbaycanda virusun hazırkı vəziyyətində stabilləşmə olduğunu qeyd edən M.Quliyev bildirib ki, yoluxmada artım və azalma nəzarət altındadır.

“Arzu edirik ki, ölüm də bir az azalsın. Son günlər ölüm sayı 20-dən aşağı düşmür. Bu bizi narahat edir. Səbəblər araşdırılmalıdır”.

 

Deputat Yeni illə bağlı hansı qərarın, qadağaların tətbiqi haqqında indidən fikir bildirməyin tez olduğunu qeyd edib:

 

“Dekabrın 20-25-i arası yəqin ki, bununla bağlı müəyyən qərar olacaq. Biz sərt qadağalardan yox, tövsiyə xarakterli qadağalardan, çəkinmələrdən söhbət etməliyik. Hələ 20 gün var. İndidən nəsə söyləmək çətindir. Düşünürəm ki, 10 gün, bir həftə qalmış bu barədə Operativ Qərargah öz fikirini söyləyəcək. İstənilən halda insanların bir yerə çox toplanmamasını və qorunma qaydalarına əməl etməyi məsləhət görürük”.  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir