Modern.az

Azərbaycan hər zaman zəfərlərə yol açacaq

Azərbaycan hər zaman zəfərlərə yol açacaq

9 Dekabr 2021, 14:40

«Dövlətinin, xalqının gələcəyini düşünən Liderin dövlətçilik təcrübəsi, siyasi iradəsi inkişaf strategiyasının prioritetlərinin düzgün  müəyyənləşdirilməsinə, ən çətin məqamlarda düzgün yol seçməsinə,  ölkəsinə daim qələbələr  qazandırmasına  yol açır. Azərbaycanın müstəqilliyinin yenidən bərpasının ilk illərində  yaranan  siyasi vəziyyət  o zaman hakimiyyətdə olanların şəxsi keyfiyyətlərini özündə əks etdirir. Ümummilli lider Heydər Əliyev  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı böyük bəlalardan, dağılmaqdan xilas etdi. Ölkədə sabitliyin yaradılması bütün sahələrdə inkişafı, tərəqqini şərtləndirdi. Azərbaycan qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs əldə olunduqdan sonra ölkədə sabitliyin möhkəmləndirilməsi Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafında da əhəmiyyətli rol oynadı. Təbii ki, hər bir dövlət əməkdaşlıq etdiyi ölkədə öncə sabitliyə, demokratik inkişafa diqqət yetirir. Azərbaycan ulu öndər Heydər Əliyevin uğurlu və gələcəyə hesablanmış siyasəti nəticəsində hədəflərə doğru inamla irəlilədi. Ümummilli Lider öz xilaskarlıq missiyasını yerinə yetirməklə Azərbaycanın müstəqilliyinin  əbədiliyini və sarsılmazlığını təmin etdi.  Dahi şəxsiyyət  bildirirdi ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir  və  bizim qarşımızda dayanan vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.”

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

 

M.Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan  hər zaman zəfərlərə yol açacaq  bir inkişaf modelini dünyaya təqdim etdi: “Ümummilli Liderin  dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası o qədər genişdir ki, onları  bir yazıda    əhatə etmək qeyri-mümkündür. “Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir” ifadəsi özündə bütün məqamları ehtiva edir. Həmçinin Ümummilli Lider  “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri ilə dünənimizin, bugünümüzün və gələcəyimizin əsası olan ideyalarının  daim Azərbaycanın qarşısında böyük imkanlar açacağını  təsdiqləyir. Ulu öndər Heydər Əliyev, həmçinin hər  bir Azərbaycan vətəndaşının qəlbində bir abidə ucaldıb. Onun əziz xatirəsi  xalqımızın qəlbində daim yaşayacaq, qurduğu Azərbaycan möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edəcək.”

 

Millət vəkili son18 ildə Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin  rəhbərliyi ilə  ölkəmizdə yeni inkişaf strategiyasının  həyata keçirilməsindən bəhs edib:  “Dövlət başçısı bu illər ərzində ölkəmizdə bütün sahələrin müasir tələblərə uyğun inkişaf etdirilməsini təmin etdi. Ümummilli Lider  iqtisadiyyatın inkişafında neft amilinə üstünlük verməklə bugünümüz üçün möhkəm təməl yaratmışdır. Ölkə Prezidenti bu təmələ əsaslanaraq  neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafının prioritetliyini qarşıya mühüm vəzifə kimi qoydu və son 18 ildə bu istiqamətdə əldə olunan uğurlar göz önündədir. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də iki ildir dünyanı cənginə almış koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi  vaxtlarda belə heç   bir sosial layihə  təxirə salınmadı, iqtisadi islahatlar daha da dərinləşdirildi. Azərbaycanın iqtisadi  müstəqilliyi gücləndikcə siyasi mövqeyi də möhkəmlənir. Ordu quruculuğu sahəsində də  mühüm addımlar atıldı və atılır.  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün bu uğurların, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, xalq-Prezident-ordu birliyinin təqdimatı oldu.”

 

Malik Həsənov diqqəti bir il bundan öncə yaşanan anlara  yönəldərək bildirib ki, 10 dekabrda dünyaya səs salan və bir sıra mesajları ünvanlayan Zəfər paradı keçirildi:  “Dövlət başçısı İlham Əliyevin paraddakı nitqində qeyd etdiyi kimi, Azadlıq meydanında  paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır, tarixi hadisədir. O da məlumdur ki, Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi paradda ölkə Prezidenti bu əminliyi ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək.”

 

“Xalqımız cənab İlham  Əliyevin bu vədinin də real həyatda şahidi oldu” söyləyən millət vəkili qeyd edib ki, işğaldan azad edilmiş torpaqlarımızda qaldırılan üçrəngli bayrağımız Azadlıq meydanında dalğalandı: “Qələbə müjdəli bayrağımız 44 günlük Vətən  müharibəsi  dövründə bütün  şəhər və kəndəri, kücə və meydanları bəzədi. Bundan böyük xoşbəxtlik ola bilərmi? Bütün bunlar 1993-cü ildə xalqın təkidli  tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin gələcəyə hesablanmış addımlarının nəticəsidir. Ümummilli Lider müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirməklə yanaşı,  eyni zamanda, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın  vahid  amal,   məqsəd və məram  ətrafında səfərbər edən  azərbaycançılıq ideologiyasını yaratdı. Bu uğurlara söykənərək bir daha bu fikri böyük inamla qeyd edirik ki, hər bir dövlətin özünütəsdiqində Lider amili əsasdır. Azərbaycanın 1993-cü ildən bugünədək keçdiyi inkişaf yolu, beynəlxalq aləmdə qazandığı nüfuz, tarixinə Zəfər səhifəsini yazması bunun təsdiqidir.”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?