Modern.az

Elçin Hüseynbəylinin ermənilər tərəfindən oğurlanmış HEKAYƏSİ

Elçin Hüseynbəylinin ermənilər tərəfindən oğurlanmış HEKAYƏSİ

15 Dekabr 2012, 11:41

Gözünə gün düşür

(uzun hekayə)

Gözünə gün düşür. Gözlərini qıya-qıya pəncərədən uzaqlara baxır və məktubun birinci cümləsini xatırlayır: “Bu nə zamansa baş verməliydi. Sən bunu yaxşı bilirdin...”

İlk cümləni ürəyində bir neçə dəfə təkrar elədi, razılaşdı. İkinci cümləylə əllinin-əlliyə. Çünki şübhə eləyirdi. Ərinin ölümsüzlüyünə inandığı üçün.

Məktubu dünən səhər yuxudan duranda dolabın üstündə tapdı. Daha doğrusu, məktub onu tapdı və ərinin xəttini tanıdı. O getmişdi. Dan üzü söküləndə... 31 il bir yastığa baş qoyduğu arvadını yuxudan durquzmamış, vidalaşmamış, sakitcə. O, ölümü də belə qarşılayardı, yəqin.

Əri sağalmaz xəstəydi. Hamı bunu yaxşı bilirdi və ölümünü işğal altında olan kəndlərində qarşılamaq istəyirdi. Fillər kimi, amma alaqaranlıqda yox, dan üzü, günəş üfüqdən çırtlayanda. O, günəşlə birgə doğulmuşdu. Hər ikisi eyni zamanda çığırmışdı.

“Bu məlumatları bir neçə dildə informasiya agentliklərinə və tele-kanallara paylayarsan, (gördüyün kimi, özüm əvvəlcədən hazırlamışam) qoy, yaysınlar, ermənilərə də çatsın və məqsədimin nə olduğunu məndən qabaq bilsinlər...” Sonra da həmin xəbər: “Hamıya bəyan edirəm ki, mən 53 yaşlı həkim (“dünyaca məşhur” sözünü yazmağa yəqin ki, utanmışdı) altı aydır ki, ağır xəstəyəm, sağalmağa heç bir ümidim yoxdur, ölüm ayağında kəndimizə getmək, həyətimizdə ağac əkmək, sonra isə orada ölmək istəyirəm. Qoy, bu ağac dünyadakı münaqişələrin hamısına etiraz əlaməti, sülh rəmzi olsun...” Daha sonra xəbərdə rayonunun və kəndinin adını yazmış, imzasını qoymuşdu.

Məktub əlindəydi. Ondan ərinin nəfəsi, hənirtisi gəlirdi. Məktubu öpdü, ərini son dəfə bu məktub görmüşdü. Çıxılmazlıqda qalmışdı. Əvvəlcə istədi ki, ərinin getdiyi marşrutu polisə xəbər versin, yəqin ki, onu yoldan qaytara bilərdilər. Çünki mənzil başına altı-yeddi saatlıq yol idi. Ordan o tərəfə isə çayı tutub gedəcəkdi. Güman ki, qaranlıq düşəndən sonra. Axırda qərarını dəyişdi. Bu, ərinə xəyanət olardı.

Əri o yerləri yaxşı tanıyırdı və planını bir neçə dəfə arvadına danışmışdı. O, ərinin son vəsiyyətini yerinə yetirməliydi...

53 yaşlı onkoloq- həkim arvadının güman elədiyi kimi, mənzil başına təxminən altı saata çatdı. Qəsəbədən iki kilometr aralıda hərbi post qoyulmuşdu. Burdan o tərəfə gediş qadağanıydı. Qaranlığın düşməsinə bir neçə saat vardı. Həmin vaxtı qəsəbənin çayxanasında keçirdi, yəni zamanı dirigözlü öldürdü. Çayxanada ondan başqa iki müştəri vardı. Odun peçinin yanında oturub nərd oynayırdılar. Sonradan bildi ki, zər atanlardan biri çayxananın sahibidir.

O, bu qəsəbəni pis tanımırdı. Uşaqlıqda burda çox olmuşdu. Xalasıgil bu qəsəbədə yaşayırdı. Yayda onlara qonaq gələrdi. Xar tut yemək üçün. Həmişə də danlanardı. Anası tutdan qıpqırmızı olmuş üst-başına baxıb acıqlananda xalası köməyə gələrdi.

Burdan kəndlərinə 14-15 kilometr ancaq olardı. Axşam çayı tutub getmək lazımıydı. Onda azmazdı, həm də qəfil təhlükə olarsa, özünü çaya atar, suda gizlənərdi. Bərayi-ehtiyat əlavə paltar da götürmüşdü. Ağrıkəsici “stadol” iynələri bir sutkaya çatardı. Özü belə istəmişdi. Ağrılar çox olanda ölümü də qarşılamaq asanıydı. Morfi kimi adamı başdan edən dərmanları sevmirdi. Bu cür xəstələri çox görmüşdü. Onlar morfi qəbul edəndən sonra key kimi olurdular. Görünür, ölümün yaxınlaşmasından qorxurdular. Amma o, ölümü ayıq başla qarşılamaq istəyirdi.

Günbatandan sonra çayxanada adamların sayı yavaş-yavaş çoxalmağa başladı. Üst-başlarından, çayxanaçı ilə münasibətlərindən sezilirdi ki, işçiz-gücsüz adamdılar. Cavanlar daha çox təsadüfi qazanclara və hökümətin ayırdığı yardımlara, ata-analarının, babalarının pensiyalarına, yaşlılar isə Allaha bel bağlayırdılar. Cavanlardan artıq qalsa, onlara da nəsə çatardı.

Çayxanaçı nisyə dəftərini piştaxtanın üstünə qoymuşdu ki, hamı nisyə çay içənlərin adını oxuya bilsin. Borclular utandıqlarından pullarını vaxtında qaytarsınlar.

Zarafatlardan və atmacalardan borcluların sayının müştərilərdən çox olduğu bilinirdi.

O, çayın pulunu verdi, sonra dəftərə işarə ilə:

–Bu borcları da sil,-dedi.

Çayxanaçı göydən düşmüş bu adamın səxavətinə təəccüblənib – eləmədi, eləcə sevincək oldu.

–Allah əvəzini versin,-dedi, – amma sizi tanımadım. Bura adamlarına oxşamırsınız.

– Nədən bildiniz? Danışığımdan?

–Yox, danışığınız bizimki kimidir. Amma adamlara birtəhər baxırsınız, elə bil, tələsən yeriniz var.

–Hə, var. Tələsirəm,-dedi və çayxanadan çıxdı.

Müştərilər bir müddət maddım-maddım onun arxasınca baxdılar. Yaşlı bir kişi:

–Buraların adamı olmasa da, allah adamına oxşayır.

Cavanlardan biri də dedi ki, elə bil, onu hardasa görüb...

–Allah adamları hər yerdə olur,-yaşlı kişi müdrikliyini gizlətmədi.

Sonra daha bir neçə adam səxavətli qəfil qonaqla bağlı mülahizələrini bildirdilər və yenidən nərd oynayanların başına yığışıb, yad adamı unutdular.

Həkim qəsəbənin aşağısından axan çaya düşdü. Çay həminkiydi, suyu bir az da çoxalmışdı. Aprelin əvvəlləriydi. Dağlarda qarların əriyən, bulaqların buzunun açılan vaxtlarıydı. Bu tərəflərdə iqlim mülayim olduğundan təbiətin qırışığı tez açılır. Sonuncu kitab cümləsini o, ali məktəbə coğrafiyadan imtahan verəndə öyrənmişdi.

Çiyninə asdığı çantanı çıxarıb yerə qoydu, çayın qırağında oturub iti axan suya baxmağa başladı. Qoca söyüd ağacı çaya əyilmişdi, sanki ordan su içməyə çalışırdı, çiləkənlər onun saçaqlarına, budaqlarına ilişib qalmışdılar. Çiləkənlərin arasında zorla seçilən göy-qırmızı üzgəc, balaca rezin top da vardı. Görünür, su onları çox-çox uzaqlardan gətirmişdi. “Balıq tutmağı, futbol oynamağı çox sevirdi”. Nekroloqda belə yazılacaq, yəqin, hər halda bu cür yazılsaydı, onun xoşuna gələrdi.

Çantasındakı balaca “sülh ağacı”nı çıxarıb baxdı. Hər şey qaydasındaydı. Ağacı bazardan almışdı. Satıcıya demişdi ki, ona hər iqlimə uyğunlaşa bilən, yaşıl ağac növü lazımdır. Yaşlı və təcrübəli bağban bu balaca ağackolu məsləhət bilmişdi. Onun adını da unutmuşdu, yalnız vağzalların ətrafında görmüşdü, amma bu hibrit ağacın fərqi ondaydı ki, mayın əvvəllərində çiçəkləyirdi. Onu mütləq öz torpağı ilə basdırmaq və basdırandan sonra dibinə bir vedrə su tökmək lazımıydı. “Əslində ağacı martın ortalarında əkərlər, amma bu onlardan deyil, bu ağacları fəslin istənilən vaxtlarında əkmək olardı”-yaşlı satıcı demişdi.

Nəhayət su qaranlıqdan işıldamağa başlayanda ayağa durdu və yolu əlinə yığıb, çayın qırağı ilə getməyə başladı.

Yolun qırağı ilə hamar cığır uzanırdı, amma bir azdan sonra o cığır qurtardı və kolluqlar başladı. Yalnız gur və iti axan çay və hər tərəfini kol basmış sahil varıydı. O, belə olacağını, vəhşi mənzərə ilə qarşılaşacağını öncədən bilirdi, ona görə də bazardan dəhrə də almışdı. Bir zamanlar bu dəhrə ilə barama qurdu üçün tut budayardı. Əlini də bir neçə dəfə kəsmişdi və onunla necə davranmağın yolunu yaxşı bilirdi.

Qaranlıqda yerimək çətiniydi. Kol-kos da bir tərəfdən əl-qolunu cızırdı, xüsusən də böyrütikan kolları həyasızlıq edirdilər. Məcbur olub bir neçə dəfə dayanmış, qanayan yerləri bintlə sarımışdı. Ağrıları da başlamışdı. Dörd saat əvvəl vurduğu iynənin gücü qəfildən itmişdi. “Stadol” ampulası doldurulmuş, hazır iynələrdən birini çıxarıb, şalvarın üstündən buduna vurdu və yoluna davam elədi.

O, yolunun üstündəki kəndlərə yaxşı bələd idi. Uşaq vaxtı burada çoxlu pambıq yığmışdı. Hər il dərslər başlayanda onları qonşu kəndlərə pambıq yığmağa aparırdılar. Qızlar yığımla evdar qadınlar kimi davranar, işin ağırlığını öz boyunlarına, daha doğrusu, bellərinə çəkərdilər, çünki pambıq yığanda güc belə düşür, oğlanlar isə avaralanardılar, çayda çimərdilər, balıq tutardılar, könüllərinə düşəndə isə qonşu həyətlərdən meyvə oğurlayar və belləri sızıldayan qızların könüllərini almaq üçün onları da meyvəyə qonaq edərdilər, əvəzində hər axşam oğlanların da adına 2-3 kilo pambıq yazılardı. Bu hər üç tərəfi: qızları-müəllimləri-oğlanları qane edərdi. Müəllimlər ona görə razıydılar ki, şagirdləri ictimai əməklə səhlənkar davransalar da, işin öhdəsindən yaxşı-pis gəlirdilər. Onlar da bir zamanlar şagird olmuşdular, bu yolları keçmişdilər, yetirmələri kimi hərəkət etmişdilər.

Qızlar isə yorğunluqlarını oğlanların oğurluq meyvələrilə çıxırdılar.

İki kəndi geridə qoydu. Qarşıdakı kəndlə arxada qalanların arasında uzun bir məsafə vardı və həmin aranı tut bağları, ilğın və söyüd meşəsi doldururdu. Qəribəydi, bu qaranlıqda o, hər tərəfi aydınca görürdü. Sanki ay çıxmışdı, amma aydan əsər-əlamət yoxuydu. O düşündü ki, yəqin, bu aydınlığa səbəb yer qatının həddən artıq basırıq və qaranlıq olmasıdır.

Kəndlər yox idi, onların kölgələri qalmışdı. Evin çardaxları, divarları sökülüb aparılmışdı, talan edilmişdi, yalnız yaşayış üçün yararsız olan kərpic tövlələrin, qamışdan olan çovustanların, kümlərin, toyuq hinlərinin divarları qalırdı. O, bunları aydınca görməsə də, duyurdu. Evlərin bir qismini sərhəddin o tayında, Arazın güneyində yaşayan iranlı soydaşları, bir qismini isə ermənilər aparmışdılar.

Yorulmuşdu. Kol-kos qırmaqdan dizlərində təpər, qollarında güc azalmışdı. Çayın sahilindən aşağı endi və böyük bir tut ağacının dibinə söykənib oturdu. Bir müddət dinməzcə sakitliyi dinlədi. Sonra onun oturduğu yerdən bir az aralı xışıltı gəldi. Ya çaqqal, ya da dovşan ola bilərdi. Buralarda canavarın olmasını ağlına da gətirmirdi. Birdən yadına düşdü ki, uzun müddət boş-kimsəsiz qalan yerlərdə vəhşi itlər dolaşır. Sahibini itirmiş itlər qəzəblərindən vəhşiləşirlər. Sahiblərinin onları atıb getməsini bağışlamırlar və öz sədaqətlərini belə ucuz tutanlarla barışmırılar. Ona görə də güc-bəla ayağa durub, təzədən çayın qırağına gəldi. Çayı buraxıb gedə bilməzdi, yolu itirərdi. Amma çay yolun itməsinə imkan verməzdi, çünki düz evlərinin yanına aparıb çıxarırdı. Bir müddət dayanıb dincini aldıqdan sonra yoluna davam elədi.

Böyük bir məsafə arxada qalmışdı. Növbəti iki kənddən sonra onların doğma yerləri gəlirdi. Öz kəndlərini tanımağa nə vardı ki. Gecənin istənilən vədəsində onu yuxudan durquzub, gözü bağlı kəndlərinə aparsaydılar, oranı iyindən tanıyardı. Vətən də anadır, deməli, ondan da ananın iyi kimi doğma bir qoxu gəlir.

Qarşıdakı kəndləri də keçdi. Burada sahilin kənarı nisbətən hamar idi. Kol-kos o qədər də böyüməmişdi. Çayın o biri tərəfindən keçən dəmiryolu daha görünmürdü. Relsləri söküb aparmışdılar, yerində nəhəng bir cığır qalmışdı.

Qədim körpüyə çatdı. Körpü uçulmuşdu. Bir zamanlar həmin körpünün altında mini elektrik stansiyası vardı, işıqlar sönəndə o, işə düşürdü, əsasən çörək sexlərini və hökümət idarələrini işıqlandırırdı.

Sevindi, kəndlərinə çatmağa az qalırdı. Bir az irəlidə “Maralyan bağı”, sonra “dukker” olmalıydı. Su o tərəfdən batıb, bu tərəfdən çıxırdı. Uzunluğu azı ikiyüz metr vardı. Həmişə ordan qorxardı. “Dukker”ə düşən ordan sağ çıxmazdı. Su azalanda özündən deyən uşaqlar bu qorxunc tuneldən keçərdilər və orada çiləkənlərdən başqa özgə bir şey olmadığını deyərdilər, gopbazlar isə əjdahaya rast gəldiklərini uydurardılar.

“Çayağzı” bağı cəngəlliyə bənzəyirdi. Birdən ona elə gəldi ki, Amazoniyanın sahillərində gəzir və bir azdan ceyran, vəhşi at sürülərinə rast gələcək. Qəribəydi, heç nə yox idi. Bəs çöl donuzları hara yoxa çıxıb?! Onlar burda sürüynən olardı. Gecələr ova çıxan kişilər, əliboş qayıtmazdılar.

“Qurdağzı dərəsi”ndə dayandı. Burdan o tərəfə çayı əlindən buraxa bilərdi. Azmazdı, çünki doğma yerləriydi. Bura onun uşaqlıq vətəniydi. Sahildən aşağı yola tərəf təpəlik uzanırdı. Təpəlik bom-boş idi. Dazlaşmışdı. Bunun səbəbini bir azdan bildi. Buralar yayda yanmışdı. Yanmış küləş iyi gəlirdi.

“Küdrü deyilən yerin üstünə çıxıb, uzaqlara göz gəzdirdi. Ulduzların və ağ-mavi səmanın fonunda Qarağacı sezdi. Adamlar ilğınlığın arasında bitmiş bu ağacın kölgəsində dincələrdilər. Kölgəsi o qədər böyük idi ki, günorta vaxtı az qala bütöv bir kənd orada dincələ bilərdi. Qarağac dururdusa, deməli, kəndləri də dururdu və yaşamağa dəyərdi. Uşaq kimi sevindi. Sağ dizinin ağrılarının şiddətlənməsinə baxmayaraq, Küdrüdən düşüb, ona tərəf qaçdı, amma kol-kosa ilişib yıxıldı. Əvvəllər burda torpaq yol vardı, indi yoxuydu. Birtəhər özünə yol aça-aça qarağacın yanına çatdı. Onun gövdəsini qucaqladı. Əvvəlcə kövrəldi, özünü sındırmamaq üçün ağlamadı, için-için göynədi. Sanki axşamın onu eşidəcəyindən, ağlamağına şahid duracağından qorxdu, axırda içindəki hisslər bu qorxuya üstün gəldi və hönkürdü.

Qarağac göyərmişdi, yarpaqlamışdı. Yarpağının tumturş və nəm qoxusu ona ağrılarını unutdurmuşdu. O, indi heç kimdən və heç nədən qorxmurdu. Eləcə qarağacın dibinə söykənib, hönkür-hönkür ağlayırdı. Kimsə qarağacın dibində ocaq qalamışdı. Yəqin erməni əsgərləriydi. Birdən ağlına qəribə bir fikir gəldi. Bəlkə, kəndçilərindən kimsə buralarda yaşayır və indi onu görür. Ocaq yeri təzəydi. Bir-iki gün öncə qalamışdılar. Ürəkləndi. Ayağa durub, ətrafa boylandı və:

–Ey, burda kimsə var?!-deyə çağırdı, sonra qışqırdı, mən gəlmişəm! Eşidirsiniz!?

Hay verən olmadı. Yalnız səssizlik. Və birdən it hürdü. Sonra it uladı. Axırda bu səs yox oldu və bir daha gəlmədi. Bəlkə onu qara basır. İt hürməyib, ona elə gəlib.

“Yaloba”ya çıxdı. Yol,iz itmişdi. Mahmudlu bağı keçilməz meşəyə çevrilmişdi. Kələsərlik yox olmuşdu, ilğın kollarının içində itmişdi.

Bu da öz bağları. Gecə böcəklərinin, ilbizlərin və çöl qurbağalarının səsindən duydu ki, açıqlığı yenə də su basıb. Yoxsa ki, bu ayazda nə ibliz, nə böcək. Ürəyindən gizilti keçdi, kövrəldi. Açıqlığın ortasındakı qonur tut ağacı yerində yox idi. Yəqin quruyub, sonra da çürüyüb. Bəlkə də kəsib aparıblar.

Qonşu bağdakı şəllər eləcə yerində dururdu. Kapyuşonlu (papaqlı) katolik keşişləri kimi başlarını aşağı əyib, sanki ölümə məhkum olunmuş cəngavərin o biri dünyada həyatının günahsız keçməsi üçün Tanrıya dua edirdilər.

Havadakı ayaz getdikcə güclənirdi. Bu, səhərin tezliklə açılacağına işarəydi. Ona görə də ləngimədi və kəndin ortasındakı yenişi enib, yenidən çayın kənarına çıxdı və evlərinə tərəf addımladı. Ürəyi uçunurdu. Doğma həyətlər ona keçmiş tarixini xatırladırdı, əski sevincini, kədərini yadına salırdı. Həyəcanlanmışdı. Köhnə həyət-bacalar, evlər xarabalığı xatırladırdı, amma burada qorxudan çox, sevgi hökm sürürdü. Onun ürəyi sevincindən partlaya bilərdi.

Həyətlərinə girdi. Tövlə iyi burnuna vurdu. Tövlənin çardağı yanmışdı. Ona ot qarışıq od vurmuşdular. Divarları qara daşla hörüldüyündən sökməmişdilər. Tövləni Lal Baloğlan hörmüşdü.

Hava açılırdı. Çovustanları yanıb külə dönmüşdü. Evlərinin bir divarı bütöv qalmışdı. Sanki onu muzey üçün saxlamışdılar. Evin ağ daşlarını vaxtı ilə dağlardan, qayalardan çapıb gətirmişdilər. Bağçalarındakı ağacların bəziləri kəsilmişdi, bəziləri qurumuşdu, amma nar və tut ağaclarının əksəriyyəti dururdu. Həyəti hasarlayan beton pilitələr sökülüb aparılmışdı. Yurd yağmalanmışdı.

Qəlbindəki həyacanı, gözlərindəki yazıqlığı, əllərindəki, dizindəki qəzəbi soyutmaq üçün ağladı...

Evi sökənlər, güman ki, zirzəmiyə də girmişdilər. Çantasını yerə qoydu. Xarabalığa dönmüş evə girdi. Bir zamanlar üstündə iməklədiyi, qardaş-bacıları ilə qaçdı-tutduğu oynadığı evin döşəməsi də sökülmüşdü. Ara-sıra çürük taxta qırıqları gözə dəyirdi. Evin zirzəmisində olan ləvazimatların heç biri yerində yoxuydu. Ağac üçün çalanı nə ilə qazacağını fikirləşdi. Qonşuya adladı. Onların da həyəti xarabazarlığı xatırladırdı. Qonşularının da evləri gözünün qabağında tikilmişdi. Üz-gözündən tər axan xarratlar, bənnalar, elə bil, dünən tut ağacının dibində oturub, ağızları yana-yana çay içirdilər.

Kimsəsizlik hər tərəfə hakim kəsilmişdi. O düşündü ki, bir azdan buralar tamam itəcək. İllər keçəndən, bu kəndin onunla yaşıd adamları dünyasını dəyişəndən sonra hər şey yaddan çıxacaq. Kəndlilərindən heç kim, hətta onun nəvə-nəticələri də öz yurd- yuvasını, qonşusunu tanımayacaq. Xatirələr də qalmayacaq. Deməli, keçmiş olmayacaq.

Gün artıq çıxmışdı və bu cansıxıcı mənzərəni amansız cəllad kimi çılpaqlığı ilə göstərirdi. Təbiət, sanki adamlardan hayıf çıxırdı və öz ilkinliyinə can atırdı.

Nəhayət, çöl darvazanın yanından dəmir parçası tapdı. Bu, mərmi qırığıydı. Həmin dəmirlə bağçanın ortasında, köhnə evlərinin yerində çala qazmağa başladı. Çalayla bir xeyli əlləşdi. Dizi ağrıdığından çömbəltmə otura bilmirdi, ikiqat əyildiyinə görə beli sızıldayırdı və tez-tez dikəlirdi ki, ağrıları çəkilsin. Ağrılarını azaltmaq üçün buduna təzə iynə vurdu. Nəhayət, çalanı qazıb qurtardı. Balaca bir çala xeyli vaxt apardı, sanki, yekə bir evin özülünü qazmışdı. Tövlənin böyründəki təpəlikdən çürümüş peyin gətirib çalaya tökdü, ağacı çantasından ehmalca çıxardı, salafanını açıb, köklü-köməcli və torpaq qarışıq çalaya qoydu, dibini doldurdu və torpağı ayaqlamağa başladı. Bircə qalırdı çaydan su gətirmək. Amma nə ilə gətirəcəyini bilmirdi. Yola götürdüyü suya heyfi gəldi, bir müddət dayanıb ağaca baxdı, götür-qoy elədi. Bu zaman arxadan addım səsləri və hənirti eşitdi. Ehmalca arxaya döndü. İki erməni əsgəriydi. Avtomatlarını ona tuşlamışdılar. Yəqin ki, onu qarşıdakı təpədən görmüşdülər. Orda ermənilərin gözətçi postu vardı. Bunu sonradan bildi.

Rütbəcə böyük olan erməni əsgəri (paqonundakı xətlərdən çavuşa oxşayırdı), öz dilində hündürdən nəsə dedi, az qala qışqırdı. Elə başa düşdü ki, əsgər ona əllərini qaldırmağı əmr edir. Əllərini yuxarı qaldırdı və:

–Rusca bilirsiniz?-deyə soruşdu.

O biri əsgər həkimin çantasını töküb baxdı, silah-zad yoxuydu.

Rütbəcə böyük əsgər yenə də öz dilində nəsə dedi və avtomatın lüləsilə işarə elədi ki, onların qabağına düşsün. Başqa çarə yoxuydu. Ona görə də, əsgərlərin əmrinə tabe oldu. Bir az gedəndən sonra əllərini yavaş-yavaş aşağı saldı, erməni əsgəri, avtomatın qundağı ilə onun kürəyindən vursa da, əhəmiyyət vermədi, çünki heç bir ağrı hiss etmirdi. Əsgərlər əsirin əlini aşağı salmasına acıqlanmışdılar.

Onu kənddən iki kilometr aralıda yerləşən zastavaya gətirdilər. Bir zamanlar bura sovet sərhədçilərinin qərargahıydı. SSRİ dağılandan sonra özlərinin ixtiyarına keçdi, işğaldan sonra ora erməni əsgərləri yiyələndilər.

Zastava həminkiydi, amma bir balaca əl gəzdirmişdilər, darvazanı, hasarı və binanın divarlarını rəngləmişdilər.

Üstünə ermənicə lövhə vurulmuş otağın qapısını açıb içəri girəndə başa düşdü ki, onu komandirin yanına gətiriblər. Əslində, burda anlaşılmaz bir şey yoxuydu, əvvəlcədən də bunu təxmin eləmişdi.

Erməni zabiti cavan oğlanıydı. Paqonunda üç xırda ulduz parıldayırdı. Yad adamı görəndə təəccüblənmədi, oturmaq üçün yer göstərdi, güman ki, əsgərlər ratsiya ilə komandirlərinə öncədən məlumat vermişdilər. Erməni zabiti pis adama oxşamırdı, elə bil onun ermənilərə aidiyyatı yox idi və sakit görünürdü.

–Kimsiniz?-deyə o, rus dilində, özünəxas ləhcəylə soruşdu. Xoşu gəlmirdi onların ləhcəsindən. Beynəlxalq tədbirlərdə ermənilərlə etika xatirinə salamlaşardı, onlardan kənar gəzməyə çalışardı.

O özünü təqdim elədi və zabitin növbəti sualını gözləmədən kəndə gəlməyinin məqsədini danışdı. Zabitin ona inanmadığını sezdi və:

–İnanmırsınızsa, internetə girib baxa bilərsiniz, –dedi.

–Burda internet nə gəzir,-deyə zabit mızıldandı, sanki bu yeknəsəq həyatından bezmişdi, – heç işığımız da yoxdur. Yanacaq bol olanda generatordan istifadə eləyirik.

–Onda yuxarılarla danışın, qoy, onlar baxsınlar, biləcəksiniz ki, yalan demirəm.

Zabit:

–Mənim yuxarılarla danışmağa vaxtım yoxdur. Sizi onların yanına göndərəcəyik. Orda özləri qərar qəbul edərlər.

–Mənim vaxtım azdır, ömrümə bircə gün qalıb,-dedi və şalvarının balağını yuxarı qaldırıb, şişmiş dizini göstərdi. –Doğrudan da son iki gündə onun dizi həddən artıq şişmiş və qızarmışdı. Uzaq yolu piyada gəlmək öz işini görmüşdü. –Metastaz altı aydan çoxdur başlayıb, bu gün-səhər o dünyalığam,-deyə əlavə elədi və nədənsə öz ölümünə gülümsündü.

Erməni zabiti onun qıpqırmızı və şişkin dizinə baxdı, deyəsən, inandı.

–Özünüz fikirləşin, sağlam olsaydım, ölümü niyə bu xarabalıqlarda axtarardım. Deyə bilməzsiniz ki, erməni xalqı bu müharibədən nəsə qazanıb. Müharibə heç kimə lazım deyil. Mən o ağacı bütün münaqişələrin əleyhinə, etiraz əlaməti olaraq əkdim. İstəyirəm ki, onu qoruyasınız. Siz, ya başqası, mənimçün fərqi yoxdur,-deyə həkim davam elədi. O, bizimkilər gələnə kimi qoruyun demədi, düzü, deməyə ürəyi gəlmədi, zabiti acıqlandıra, işləri korlaya bilərdi.

Zabit fikrə getdi, görünür, onun dedikləri haqda düşünürdü və:

–Hər halda, mən zəng eləməliyəm,-dedi, əsirin adını və soyadını yenidən soruşdu və o biri otağa keçib, səhra telefonuyla uzun-uzadı danışdı. Bir müddət susdu və yenə də telefonla danışdığı adama nəsə dedi və yerinə qayıtdı.

–Onlar sizin dediklərinizi təsdiqlədilər. Doğrudan da internet portallarında sizin bəyanatınız yayılıb.

–Görürsünüz,-həkim üzündəki bayaqkı təbəssümlə dedi,-mənim bura gəlməkdə işıqlı məqsədim var. Amma məsələ təkcə ağac əkməklə bitmir. Mən həm də ölməyə gəlmişəm. Əgər ölməsəm, yaxud ölə bilməsəm, sizlərdən kimsə məni öldürməlidir. Özü də dan üzü, günəş üfüqdən çırtlayanda. Zabitin üzündə istehza yaransa da, ona əhəmiyyət vermədi və davam elədi. Əvvəlcə qəbrimi qazmalıyam. Ora elə də uzaqda deyil. Bəlkə də görmüsünüz. Görünən boz yolların başındadır. Babalarım orda basdırılıb.

–Biz bunu eliyə bilmərik,-zabit etiraz elədi,-dərimə saman təpərlər.

–Niyə?-həkim təəccübləndi.

–İki şeyə görə: birincisi, siz düşmən də olsanız, silahsızsınız və əsir hesab olunursunuz, ikincisi, sizi öldürməyi yox, qorumağı tapşırıblar. Özü də bərk-bərk tapşırıblar.

Bu sözlərdən sonra zabit çölə çıxdı, əsgərləri içəri çağırdı və ermənicə nəsə dedi. Sonra həkimə tərəf dönüb:

–Hələki, sizi müvəqqəti saxlama kamerasında mühafizə edəcəyik. Sabah yeni naryadla Yerevana göndərəcəyik. Qoy, orda taleyinizi həll eləsinlər.

–Mən dedim, axı, ömrümə bircə gün qalıb. Yerevana gedib çata bilmərəm. Özümü öldürmək elə də çətin deyil. Mən onun yollarını yaxşı bilirəm. Amma məqsədim var. Onu mütləq həyata keçirməliyəm. Məni təklikdə dinləsəniz, sizə daha vacib bir məsələdən danışaram.

–Nə vacib məsələdi, elə?

–Tək deyərəm.

Zabit əsgərlərə işarə ilə:

–Onsuz da rus dilini bilmirlər. Kənddən dünən gəliblər,-dedi.

–Yaxşı, qoy siz deyən kimi olsun. Mən sizə çoxlu pul verərəm.

Zabit “pul” sözünü eşidəndə əsgərlərin çölə çıxmasına işarə elədi.

–Nə puldu elə?

–Məni sakit ölümlə baş-başa buraxmağınızın, yaxud da güllələməyinizin əvəzində sizə on min verərəm. Dollarla.

Zabit fikrə getdi. Bu təklifə hazır cavabı yoxuydu, sonra mızıldadı:

–Pul sizdədir?

–Mən onu gizlətmişəm. Məqsədimi yerinə yetirsəniz, harada gizlətdiyimi deyərəm.

–Mən sizə niyə inanmalıyam ki?

–Bu qədər yolu gələn adam məqsədinə çatmaq üçün hər şeyə əl atardı. Yalan da danışa bilərdi. Amma yalan danışmağa ehtiyac yoxdur. Mənim pulum çoxdur. Nəvələrimə də çatar. Sizə verəcəyim isə, kəfənlik əvəzidir. Bircə durub gözləməyiniz qalır, vaxtında ölməsəm, tətiyi çəkməyiniz yetər. İstəsəniz, əsgərlərinizdən biri də bunu edər.

Erməni zabiti:

–Mən fikirləşməliyəm,-dedi, –siyirmədən siqaret çıxarıb yandırdı, bir qullab aldı. Tüstüsü çox oldu, deyəsən. Öskürdü. –Üç gündür ki, tərgitmişdim,-öskürə-öskürə əlavə elədi.

Bir müddət hər ikisi dinmədi. Sonra erməni zabiti:

–Nə qədər qalıb?-deyə soruşdu. –Həkim onun sualını anlamadı. –Demək istəyirəm ki, ölümünüzə nə qədər qalıb?

–Təxminən bir sutka. Əvvəllər dərman atırdım, həmin həblər xəstəliyi ləngidirdi, amma bir həftədir ki, onlardan imtina eləmişəm. Gələndə də özümlə götürmədim.

–Mən sizi güllələyə bilmərəm. Yaxşısı budur, gözləyək.

–Ağrıkəsicilərim qurtarıb. Çox dözə bilmərəm. Çox ağrıdır.

–Gözləməkdən başqa çarəmiz yoxdur,-erməni zabiti əlacsız şəkildə əllərini yellədi və durub otaqda var-gəl eləməyə başladı, sonra yan otağa keçib, yenə də telefonla uzun-uzadı nəsə qırıldatdı, geri qayıdıb dedi ki, yuxarılar onu hökmən göndərilməyi xahiş edirlər.

–Siz onlara deyin ki, mənim istəyimi yerinə yetirməsəniz, dünyada biabır olarsınız. Hamı deyəcək ki, bir müsəlmanın, yaxud bir insanın öz doğma torpağında ölməsinə icazə vermədilər. Özü də mən ölümümü pulla satın alıram, öz pulumla öz ölümümü.

Zabit həkimin bu sözləri üstündə bir az baş sındırandan sonra yenə də telefon olan otağa keçdi. Bir azdan qayıtdı:

–Mən onlara yalan satmağa məcbur oldum, dedim ki, siz artıq ölmüsünüz, daha doğrusu, can üstəsiniz. Onlar da sizi basdırmağa razılıq verdilər, amma hökmən sizin nəşinizi və qəbrinizin şəklini çəkib onlara göndərməliyik ki, bütün dünyaya yaysınlar. İndi isə pulun yerini deyin.

–Mən pulun yerini son nəfəsimdə deyəcəm.

Həkim narahat idi ki, pulu alandan sonra erməni zabiti sözünün üstündə durmaz.

–Mənə etibar eləmirsiniz?-deyə zabit xəbər aldı.

–Söhbət etibarda deyil, yuxarılar sizə təzyiq edə bilər. Mən yalnız öz qəbrimdə, atamın yanında uzananda rahat ola və ölümümə inana bilərəm.

–Siz ora nə vaxt getməlisiniz?-deyə zabit boz yollara işarə ilə soruşdu.

–Bu gün axşam.

–Dediniz ki, bir sutka qalıb.

–Mənə elə gəlir ki, xəstəlik daha da sürətlənib. Bədənimdə əvvəl atdığım dərmanların təsiri tamam yoxa çıxıb və xəstəlik daha da sürətlənib. Mən bunu yaxşı bilirəm. Hesablamışam. Sabah sübh tezdən bu hadisə baş verəcək. Ona qədər isə qəbrimi qazacam.

–Yox. Yaxşısı budur, siz burda qalın, o məsələ baş verəndən sonra özümüz dəfn edərik, şəklinizi də necə lazımdır, çəkərik.

–Mənim istəyim öz qəbrimi əllərimlə qazmaqdır. Bu, bir etirazdır. Təkcə sülh ağacı ilə iş bitmir. Qoy, onlar görsünlər ki, bu müharibələr uzandıqca hələ çox adam özünü diri-diri basdırmağa hazır olacaq. Əslində, belə də olur, hamı öz içində ölür, yaxud hansısa bir sevgini, deyək ki, vətən sevgisini öldürür. Bundan dəhşətli nə ola bilər? Mən günəş üfüqdən çıxanda ölməliyəm. Ona baxa-baxa. Belə ölüm mənimçün rahat və ağrısız keçəcək. Səhərə kimi qəbrimi qazacam. Dediyim zaman ölməsəm, məni güllələyin.

Zabit bir söz demədi, eləcə əllərini yellədi və siqaret çıxarıb yandırdı və yenə də eyni sözü təkrar elədi:

–Siqareti təzəcə tərgitmişdim. –Öskürəyi ara verəndən sonra,-indi əsgərlərim sizi müvəqqəti saxlama otağına aparacaqlar. Bu gün axşam onları başqa məntəqəyə göndərəcəm. Qoy, qəbiristanlığa getməyimizi görməsinlər. Qaranlıqlaşandan sonra yola çıxarıq.

Zabit əsgərləri çağırdı və əsiri müvəqqəti saxlama otağına aparmağı tapşırdı.

Nəm iyi verən otaqda bir köhnə çarpayı, sınıq-salxaq stol və stul vardı. Çarpayıda oturdu, ağrıyan dizini əlinə alıb çarpayının üstünə qoydu, ehmalca uzandı.

Axşama kimi dilinə heç nə vurmadı, yeməyə həvəsi yoxuydu. Ağrıdan qıvrılırdı, hərdən qalxıb dizini sığallayırdı, az qala ona yalvarırdı, dizini ağrılardan qorumaq üçün hərdən qucaqlayırdı.

Öz içindən keçmişə boylanırdı, arvadını, uşaqlarını, körpə nəvələrini düşünürdü. İndi onlar hamısı narahat idi, yəqin ki, onu ağlayırdılar, həyətdə mağar da qurmuşdular, ya bəlkə yaxınlıqdakı restoranı kirayələmişdilər. O öz yasına uzaqdan baxırdı, sanki onu görürdü, kimlərin lap yuxarı başda oturduğunu da bilirdi. Onun yaxın dostları, həmkarları və yəqin ki, hansısa dövlət məmuruydu, çox güman, Səhiyyə Nazirliyindəndi.

Əsas arvadıydı. Bacıları başına yığışıblar, yəqin. O isə özünü dözümlü və qürurlu aparır, heç nə olmayıbmış kimi davranır, ərinin bu hərəkətini qəhrəmanlıq kimi qələmə verir, açıq şəkildə deməsə də, onun fədakar qadınlara xas məğrurluğunu hamı duyur.

Axşama yaxın vaxt ləng getdi. Günəş qoca və əldən düşmüş ilanlar kimi qüruba tərəf sürünürdü.

Bir az mürgülədi. Yorğunluq onu əldən salmışdı. Amma tam yuxuya gedə bilmədi. Qarşıdakı səfər onu yatmağa qoymurdu. Hər şeyi götür-qoy edirdi...O, buralardan birdəfəlik gedirdi. Bir də heç zaman doğmalarını görməyəcəkdi. “Ağır hisslərdir. Sağ adamın başı xarab olar. Mən heç, mən xəstəyəm”,-deyə öz vəziyyətinə istehza elədi, güldü.

Gözlərini açanda pəncərədən düşən işığı görmədi, deməli qaranlıq düşmüşdü. Dikəldi ağrıyan dizini əlinə alıb yerə qoydu, oturdu. Ağrıları artmışdı. Əllərini başının arasına aldı. Harda olduğunu, sanki, bir anlığa unutdu, yaddaşını itirən kimi oldu, sonra özünü ələ aldı.

Erməni zabiti bir azdan gəlib çıxdı, dedi ki, o istədiyi yerə piyada gedəcəklər, maşını götürə bilməz, istəmir ki, kimlərsə onları izləsin.

Həkim:

–Belə daha yaxşı olar, mən də köhnə yerləri görərəm,-dedi.

Təxminən bir saat keçmiş yola çıxdılar. Aşağı yola düşüb, asfaltla bir az getdilər. Bu yolda hərbi maşınlar hərdən hərəkət etdiyinə görə, nisbətən hamar idi, asfaltı yarıb çıxmış kol-kos tapdalanmışdı.

Onun üçün hərəkət eləmək çətinləşmişdi, sanki ayağından ağır daş asmışdılar, ürəyi sancırdı, nəfəsi kəsilirdi, elə bil yerimirdi, sürünürdü. Amma bu yolu getmək lazımıydı. Kilometrdən bir az artıq olan yolu allah bilir neçə saata getdilər. Zabitin hövsələsi daralmışdı, cavanlıq həvəsi hövsələsini üstələmişdi, əsiri az qala çiyninə alıb aparmaq istəyirdi, amma həkim buna razı olmurdu.

–Mən özüm gedəcəm. Ölüm onda daha yaxın olacaq,-dedi.

Birinci aşırımı keçmək daha çətin oldu. Həkim bir-iki addım atmamış dayanır, sol dizini yerə atır və böyrü üstə uzanır, dincini alandan sonra zabitin köməyilə qalxırdı. Artıq o, zabitin köməyi olmadan yeriyə bilmirdi.

–Hələ çox qalıb?-deyə zabit səsində qəzəb notuyla soruşdu.

–Bir təpə də aşsaq ordayıq.

Həmin təpəyə çatıb dayandılar. Həkim yerə uzandı.

–Mən daha gedə bilmirəm,- inildədi, – sən geri qayıt, hər şey danışdığımız kimi olsun, pulun yeri burda yazılıb,-zarıyaraq dedi və yeldöyəninin yaxasını söküb, bir kağız parçası çıxardı. –Həyətimizdə gizlətmişəm, tövlənin yanındakı əncir ağacının dibində, məni tutan əsgərlər oranı yaxşı tanıyır. Ağaca da su verməyi unutmayın. Bircə vedrə kifayətdir. Əsgərləriniz bunu eləməyə imkan vermədilər.

Zabit kağızı aldı, həkimin sözlərinin nə dərəcədə həqiqət olub-olmadığını öyrənmək üçün qaranlıqda aşağı əyildi, alışqanını yandırıb, üzünə baxdı. Həkimin üzündə ağrıdan başqa ifadə yoxuydu.

–Tapmasam, bəs necə olsun?-deyə zabit, sanki kiminsə eşidəcəyindən çəkinərək, pıçıltıyla soruşdu.

–Həkim:

–Mən Hippokrat andı içmişəm. Bu isə hər şey deməkdir.

Erməni zabiti bir müddət onun başının üstündə dayandı, deyəsən, həkimi huş aparmışdı.

–Sizi burda qoya bilmərəm. İstədiyiniz yerə aparmalıyam, əmr belə olub. Mən də and içmişəm,-dedi və həkimi çiyninə qaldırıb aparmağa başladı. Təpəlikdən qəbiristanlığa aparan yollar qumsallıq idi və yerimək çətiniydi. Zabit bir dəfə büdrədi, həkimlə birlikdə yerə yıxıldı, yenidən durdu, öz dilində mızıldandı, bir az dincələndən sonra yenidən yoluna davam elədi.

Həkim özünə gəlmişdi, huşdan ayılmışdı.

–Məni yerə qoy. Özüm gedə bilərəm.

Zabit onu yerə qoydu, qoltuğuna girib aparmağa başladı.

Qəbiristanlıq tanınmaz olmuşdu. Uçulmuşdu, bəzilərinin baş daşıları çıxarılıb aparılmışdı.

Atasının qəbri irəlidə, qəbiristanlığın lap yüksəkliyindəydi. Atası yüksəkliyi sevirdi, elə o özü də.

–Məni burax, burdan o tərəfə özüm gedəcəm.

Zabit onu buraxdı və həkim sürünə-sürünə xeyli getdi, atasının qəbrinə çatdı. Qəbrin yalnız yeri qalmışdı, özü uçulmuş, “övladlarından yadigar” sözü yazılmış mərmər baş daşı yoxa çıxmışdı.

Həkim:

–Qəbir qazmaq lazım olmayacaq,- dedi və sürüşüb çalaya düşdü.

Erməni zabiti qəbrin yanına gəldi, bir müddət onun başının üstündə durdu. Səhərin açılmağına az qalırdı. Zabit ətrafa baxıb, uçuq qəbirləri görəndə xoflandı. Ona elə gəldi ki, qaranlıq dünyanın sakinləri hər tərəfdən onun üstünə gəlir. O, geri döndü, arxaya baxmadan tez-tez yeriməyə, sonra qaçmağa başladı.

Qəbir istiydi. Həkim ağrı hiss eləmirdi. Onun bədəni, sanki ölmüşdü, amma yaddaşı diriydi. O, yaddaşını qaytarmadan ölmək istəmirdi. Uşaqlığını, cavanlığını xatırlayırdı. Anasının əlindən tutub, qəbiristanlığı dolaşması, anasının dodağının altında hansısa mahnını züm-zümə eləməsi, yaxınlarının ruhuna dua oxuması indi də qulaqlarında səslənirdi.

Gözlərinin qarşısına güllü-çiçəkli dağlar, məktəb illəri, quzu otardığı yerlər, çayda balıq tutduğu günlər canlanırdı. Hər şey gözəl idi. Onun yadında daha çox günəş qalmışdı. Amma bu gözəllik yox olmuşdu və bunun nə zaman baş verdiyini xatırlaya bilmirdi. İndi bu gözəlliyin və itkinin yerini acı bir boşluq doldururdu...

Səhər açılırdı. Həkimin ürəyi və yaddaşı hələ də diriydi...

Ölərkən hiss elədi ki, gözünə gün düşür...

Gözlərimi ovuşdurdum...

15-18 fevral 2010

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi