Modern.az

Dünyanın ən nüfuzlu yazarları - SİYAHI

Dünyanın ən nüfuzlu yazarları - SİYAHI

27 Dekabr 2012, 17:21

Amerikanın məşhur “Foreign Policy” jurnalı “2012-ci il üçün dünyanın 100 ən nüfuzlu mütəfəkkiri“ siyahısını hazırlayıb. Burada dünyanın tanınmış siyasətçiləri və iqtisadçıları ilə bərabər, ədəbiyyat və sənət adamlarının da adları var. Beləliklə, sizi həmin yazarlarla tanış edirik.

1. Barəsində böyük səs-küylərə səbəb olmuş Britaniya yazıçısı Salman Rüşdi bu siyahıda 33-cü yerdədir. O, fikir azadlığını müdafiə etdiyi üçün bu məqama layiq görülüb. Xatırladaq ki, o, böyük ajiotaja səbəb olan “Şeytan ayələri” romanının müəllifidir. Romanda İslam dinini və onun peyğəmbərini tənqid etdiyi üçün İranın ali dini lideri yazıçının ölümünə fitva vermişdi. İllərlə gizlənməli olan yazıçı sonda Britaniya hökumətindən sığınacaq ala bilib. Lakin o, hazırda da İslam dininin radikal liderlərini tənqid etməklə məşğuldu.

2. Bu siyahının daha bir yazarı isə çinli Ai Veivei-dir. Belə ki, bu şəxs siyahıda hətta Salman Rüşdini də qabaqlayaraq 31-ci pillədə qərarlaşıb. Dissident yazar olmaqla bərabər, çox istedadlı heykəltaraş  olan Veivei Çin hökumətini tənqid etdiyi üçün çoxlu təqiblərə məruz qalır və həbs edilir. 2011-ci ildə azadlığa buraxılıb.

3. Amerikalı publisist Çarl Murrey siyahıda 43-cü yeri tutur.  O, kitablarında bildirir ki, Amerika cəmiyyəti getdikcə daxildən daha çox parçalanır. Bu da varlı və kasıblar arasında uçurumun dərinləşməsi ilə bağlıdır. Kasıb ailələrin təhsil səviyyəsi enməkdə, kasıblar yaşayan məhəllələrdə cinayətlər artmaqda, nigah sayı azalmaqdadır. Varlılar arasında isə nikah göstəricisi və hər iki bioloji valideyni ilə yaşayanların sayı yüksəkdir. Varlıların həyat tərzi də getdikcə kasıblardan daha çox fərqlənir, onların məşğul olduqları idman növləri, seçdikləri əyləncələr kasıblar üçün daha çox əlçatmaz olur.

4.  Hamının sevimlisi və milyonların oxuduğu, ölkəmizdə də böyük rəğbət qazanan yapon yazıçısı Haruki Murakami isə siyahının 49-cu pilləsindədir. O, bu şərəfə “qloballaşan dünya üçün hüdudsuz fantaziyalarına görə “  layiq görülüb.
Onun əsərlərindəki hadisələr zahirən Yaponiyada baş verir, az qala hamı Kafka oxuyur, caza qulaq asır, ingiliscə sərbəst danışır. Amma bu, əslində qloballaşmış dünyanın obrazıdır. Təsadüfi deyil ki, Murakaminin əsərləri milyonlarla tiraja malikdir, özü də həm yapona maraqlıdır, həm də xaricdəki oxuculara. O, həm də ictimai-siyasi məsələlərə münasibət bildirməkdən çəkinmir.

5. Amerikalı yazıçı-publisist Robert Kaqan 50-ci pillədə qərarlaşıb. Son prezident seçkilərində demokratların namizədi Obama ilə respublikaçıların namizədi Romney az qala bütün məsələlərdə fərqli mövqe nümayiş etdirirdi. Amma bir məsələdə onların mövqeyi üst-üstə düşürdü və onlar eyni kitabın təsiri altında çıxışlar edirdilər.
Brookings İnstitutunun eksperti Robert Kagan bu il çapdan çıxmış “The World America Made” (Amerikanın düzən verdiyi Dünya) kitabında bildirir ki, ABŞ-ın dünyadakı mövqelərini getdikcə itirməsi haqda fikirlər mifdir. O, siyasətçiləri Amerikanın dünyadakı rolu ilə bağlı daha iddialı olmağa çağırır. Müəllif hesab edir ki, Amerikanın indiki qlobal hegemonluğu onun hərbi və iqtisadi qüdrətinə əsaslanır. Və Amerikanın bu gücünü qorumaq həm də dünyada sülh və təhlükəsizliyin qorunması deməkdir.

6. Ədəbiyyat nominasiyasında 6-cı, ümumi siyahıda isə 63-cü yeri Nigeriya yazıçısı Çinua Açebe tutur. O, ingiliscə yazdığı və 1958-ci ildə çap edilən “Things Fall Apart” (Hər şey dağılır) romanı ilə məşhurlaşıb. Roman afrikalıların müstəmləkəçilik və zorən xristianlaşdırma əleyhinə mübarizəsindən bəhs edir. O, həm də Avropa yazarlarının Afrika haqda yaratdıqları mifləri dağıtmağa və Afrika reallıqlarının yerli müəlliflər tərəfindən təsvir edilməsinə çağırır.
Bu il onun xatirələri işıq üzü görüb. Onun fikrincə, Afrikanın bir çox problemlərinin, milli münaqişələrinin, təbii sərvətlər üstündə davalarının kökündə vaxtilə müstəmləkəçilərin öz maraqlarına uyğun şəkildə çəkdikləri sərhəd xətləri dayanır. 

Xatırladaq ki, ümumi ilk üç yer də xeyli maraq doğuran məqamlardan olub. Belə ki, 3-cü yerə: “Hələ də gələcək haqqında düşündükləri üçün” Bill və Hillari Klintonlar, 2-ci yerə: ”Ərəb baharı ideyalarını yaşatdığı üçün”  Tunis  prezidenti Monsef Morzuki, birinci yerə isə “Dəyişikliyin istənilən yerdə, o cümlədən dünyanın ən repressiv rejimlərində baş verməsinin mümkünlüyünü göstərdiyi üçün” Birma müxalifətinin lideri və hazırki prezidenti  Tsein Sein tutur.

 Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi