Modern.az

Türkiyə Suriya qaçqınları üçün Ermənistanla sərhəddini açacaqmı?

Türkiyə Suriya qaçqınları üçün Ermənistanla sərhəddini açacaqmı?

9 Yanvar 2013, 10:57

ABŞ prezidenti administrasiyasının rəsmi saytında Türkiyə ilə Ermənistan arasında sərhəd blokadasının götürülməsi lehinə  imza toplanışı kampaniyası ilə bağlı Türkiyə rəsmi mövqe bildirməkdən imtina edir.

BBC Azərbaycancanın müraciət etdiyi hakim Ədalət və İnkişaf Partiyasından parlament üzvü Mustafa Kabakçı və ölkənin Xarici İşlər Nazirliyində məsələ ilə bağlı şərh vermək istəmədiklərini deyiblər.

Türkiyənin ABŞ-da keçmış səfiri Osman Faruk Loğoğlu bu kampaniyani "Türkiyə-Ermənistan sərhədlərinin açılmasına çalışan erməni lobbisinin fürsətcil davranışı" kimi dəyərləndirib.

"Suriya ermənilərini bəhanə edərək Türkiyə-Ermənistan səhədlərinin açılmasını istəmək yanlışdır", BBC Azərbaycancaya müsahibəsində cənab Loğoğlu deyib.

Diplomatın sözlərinə görə, Suriyadan gələn bütün qaçqınlar etnik mənsubiyyətlərindən asılı olmayaraq Türkiyəyə qəbul olunurlar. Onun fikrincə, "Ermənistana getmək lazımdırsa, bunu mütləq quru yolla etməyə ehtiyac yoxdur".

"Bu, humanitar məsələni siyasətə alət etmək deməkdir" Faruk Loğoğlu əlavə edib.

Türkiyədəki erməni lobbisinin təmsilciləri bu fikirdədirlər ki, Suriya erməniləri üçün Türkiyənin Ermənistanla sərhədlərinin açılması hökumətin iradəsinə bağlı məsələdir.

"Suriyalı qaçqınların, etnik mənsubiyyətinin Türkiyədə araşdırılacağına inanmıram. Ona görə də onların Türkiyəyə keçmələrinə problem olmayacaq" - türk-erməni biznes şurasının təmsilcisi Noyan Soyak BBC Azərbaycancaya bildirib.

Noyan Soyak xatırladıb ki, 2011-ci ilin oktyabrında Vanda baş vermiş zəlzələ zamanı fəlakət qurbanlarına həyati vacib əşya və ərzaqların çatdırılması ilə bağlı Türkiyə tərəfinə qeyri-rəsmi müraciət edilsə də, buna müsbət cavab almaq mümkün olmamışdı.

"Ona görə də humanitar məqsədlə sərhədlərin açılması məsələsi hökumətdən asılıdır", cənab Soyak deyib.

Yaxın Şərq Araşdırmaları Mərkəzinin Suriya məsələləri üzrə mütəxəssisi Oytun Orhan BBC Azərbaycancaya deyib ki, bir müddət əvvəl Suriyadan etnik çərkəzlər Rusiyaya getməkçün müraciət etmişdi.

"Müharibə başlayandan bu yana çox sayda erməni qaçqın da Suriyanı tərk edərək Ermənistana gedib. Ancaq indi nəyə görə onlar üçün Türkiyə-Ermənistan sərhədinin açılması vacib olub - bunu anlamaq çətindir. Bu proses humanitar məqsəddən daha çox, Türkiyə-Ermənistan sərhədlərinin açılması təşəbbüslərinin davamı kimi görünür" Oytun Orhan deyib.

Suriyada döyüşlər başlanandan bəri 6 min qaçqın Ermənistanda sığınacaq tapıb.

Onların kütləvi şəkildə tarixi vətənlərinə köçməsinə Suriyada etnik ermənilərin əksəriyyətinin məskunlaşdığı Hələb şəhəri və Yerevan arasında çətinləşən uçuşlar çətinləşdiyindən maneələr yaradır. Hələb və şəhər təyyarə limanı qiyamçıların müntəzəm atəş hədəfinə çevrilib.

Petisiyanın Prezident Obamaya göndərilməsi üçün fevralın 4-dək 24,689 imza toplanmalıdır. Yanvarın 5-də yaradılmış petisiyanın altında hələlik 350-dən artıq imza var.

İlhamə Qasımlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir