Modern.az

Bakıda bəzi məktəb direktorları kompüterdə işləyə bilmirmiş

Bakıda bəzi məktəb direktorları kompüterdə işləyə bilmirmiş

26 Fevral 2010, 14:39

Bakının Qaradağ rayonu üzrə məktəb direktorlarının informaiya-kommunikasiya texnologiyalarından (İKT) istifadə bacarıqlarının öyrənilməsi istiqamətində monitorinqlər keçirilib. Modern.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, Qaradağdakı 166 saylı məktəbdə aparılan monitorinqdə bu rayon üzrə 25 məktəb direktorundan 14-ü iştirak edib. Digər 11 direktor isə üzrlü səbəblərdən keçirilən yoxlamada iştirak edə bilməyib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyevanın əmrinə əsasən aparılan monitorinqdə İdarənin Strateji Təhlil, planlaşdırma və kadrların idarəolunması (STPKİ), Monitorinq və Qiymətləndirmə, həmçinin  İnformasiya - kommunikasiya texnologiyaları (İKT) sektorlarının əməkdaşları iştirak ediblər.  “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın tələblərindən irəli gələn monitorinqdə 15 istiqamətdə direktorların İKT-dən istifadə bacarıqları yoxlanılıb. Monitorinq zamanı direktorların kompüterə giriş və çıxış, yeni faylın yaradılması, mətn yazmaq, yazının albom və ya adi qaydada yazılması, yaddaşa vermə, mətnin səhifələnməsi bacarığı yoxlanılıb. Bundan başqa, direktorların mətnin çap edilməsi, cədvəllərin qurulması, mətn və vərəqlərin ölçülərinin standartlara uyğunluğu, internetlə işləmə, elektron məktub göndərmə, mətni elektron varianta köçürmə, əhəmiyyətini itirmiş mətnin kompüterdən silinməsi və işçi masadan silinmiş mətnin yenidən bərpa edilməsi bacarığı da yoxlanılıb, nəticələr müəyyənləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi Strateşi təhlil, planlaşdırma və kadrların idarəolunması sektorunun müdiri Bəhman Nəbiyevin sözlərinə görə, direktorların kompüterdə işləmə bacarığına dair araşdırmaların nəticələri heç də ürəkaçan deyil.  Sektor müdiri qeyd edib ki, yaxın 10 - 15 gün ərzində mövcud vəziyyətin yaranma səbəblərinə baxılacaq, bu istiqamətdə maarifləndirici treninqlər keçiriləcək və yaranmış neqativ halların aradan qaldırılması sahəsində bir sıra işlər görüləcək. Sonrakı mərhələdə isə son vəziyyətlə bağlı təhlil və müzakirələr aparılacaq, vacib məsələlər isə Təhsil Şurasının müzakirəsinə çıxarılacaq. Modern.az

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi