Modern.az

Kəmaləddin Heydərov müşavirə keçirib

Kəmaləddin Heydərov müşavirə keçirib

24 Yanvar 2013, 22:19

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzində Qərb bölgəsi üzrə yerli qurumları rəhbərlərinin iştirakı ilə zona müşavirəsi keçirilib.
Müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu tədbirin digər regionlarda keçirilən müşavirələrin davamı olduğunu diqqətə çatdırıb. Nazir bildirib ki, əsas məqsəd regionlarda Fövqəladə Hallar Nazirliyinin funksiyalarına daxil olan məsələlərin gedişi vəziyyətini müzakirə etməkdir.

"Hazırda ölkədə böyük quruculuq işləri gedir və istər sənayedə, istər kənd təsərrüfatında, istərsə də iqtisadiyyatın digər sahələrində böyük nailiyyətlər qazanılır".
Xüsusilə ölkənin inşaat sektorunda yüksək nailiyyətlər əldə edildiyini bildirən fövqəladə hallar naziri bu sahəyə nəzarətin gücləndirildiyini diqqətə çatdırıb. O, qeyd edib ki, inşa edilən hər bir obyekt, xüsusilə çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin edilməsi qarşıda duran ən mühüm məsələlərdəndir. Binaların qaz, işıq, su, eləcə də lift təsərrüfatının qaydalara uyğun təminatı sahəsində buraxılan ciddi nöqsanlar təcili olaraq aradan qaldırılmalıdır. Bu məqsədlə bir sıra qurumlarla, o cümlədən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsi, eləcə də “Azərenerji” və “Azərsu” Açıq Səhmdar cəmiyyətləri ilə məsləhətləşmələr aparılıb, bu sahədə mövcud nöqsanların aradan qaldırılması üçün bir sıra təbliğat və təşviqat işlərinə başlanılıb.

Müşavirədə əhalinin şikayət və təkliflərinə vaxtında baxılması, əvvəllər tikilmiş çoxmərtəbəli binaların infrastrukturunun tələblərə uyğunlaşdırılması sahəsində görülən işlər barədə də ətraflı söhbət gedib. Fövqəladə Hallar Nazirliyinin regionda fəaliyyət göstərən yerli idarələri rəhbərlərinə tapşırıqlar verilib, qış mövsümündə əhalinin təhlükəsizliyinin təminatı üçün qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
Müşavirəyə fövqəladə hallar naziri Kəmaləddin Heydərov yekun vurub.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər