Modern.az

“Ştrasser əvvəldən qərəzli mövqe tutdu” - DEPUTAT

“Ştrasser əvvəldən qərəzli mövqe tutdu” - DEPUTAT

25 Yanvar 2013, 16:32

Bu gün Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov Avropa Şurasında keçirilən qış sessiyası ilə bağlı mətbuat konfransı keçirib. Modern.az xəbər verir ki, konfransın əsas mövzusu yanvarın 23-də Avropa Şurasında keçirilən dinləmələr olub.

AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov bildirib ki, Azərbaycanla bağlı müzakirə edilən məsələ bütün sessiyanın zirvəsi idi. “Həmin günü həm də Avropa Şurası parlamentarilərinin hüququn aliliyi və obyektivlik sınağından uğurla keçdiyi tarix də adlandırmaq olar. Plenar iclasda Azərbaycana dair iki hesabat müzakirəyə çıxarılmışdı. Bunlardan biri Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex tərəfindən hazırlanmış “Azərbaycan tərəfindən öhdəlik və vəzifələrin icrası”, digəri isə Hüquq məsələləri və İnsan Hüquqları Komitəsinin məruzəçisi Kristof Ştrasserin hazırladığı “Azərbaycanda siyasi məhbusların izlənilməsi” adlı məruzə idi. Gərgin müzakirələrdən sonra keçirilən səsvermə nəticəsində Pedro Aqramunt və Cozef Debono Qrek tərəfindən hazırlanmış məruzə qəbul edildi, Ştrasserin məruzəsi isə qəbul edilmədi. 222 nəfər deputat Azərbaycanla bağlı olan bu məsələdə iştirak edirdi. Avropa Şurası baş katibi və prezident Minyon bildirdilər ki, hələ Avropa Şurasının heç bir sessiyasında və iclasında 60 nəfər bir mövzu ilə bağlı çıxış etməyib. Çox maraqlıdır ki, deputatların hamısına söz verildi. Bu məruzənin qəbul edilməsi o deməkdir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Eyni zamanda həmməruzəçilərin verdiyi bəyanatda qeyd olunmuşdu ki, son illərdə Azərbaycanda siyasi irəliləyişlər nəzərə çarpacaq dərəcədədir. Məruzənin bu şəkildə qəbul edilməsi ümumilikdə Azərbaycan üçün çox müsbət bir haldır”.

E. Süleymanov qeyd edib ki, K. Ştrasserin hesabatı ilə bağlı eyni fikirləri qətiyyən söyləmək olmaz. “Pedro Aqramunt və Cozef Debono Qrek Azərbaycan iqtidarı, müxalifəti və vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşlıq ediblər və obyektiv qiymətləndirmə nümayiş etdirməyə çalışıblar. Bunun nəticəsində onların hazırladıqları hesabat balanslaşdırılmış bir sənəd kimi dəyərləndirilmişdi. Bu səbəbdən həmməruzəçilərin hesabatlarının Monitorinq Komitəsində müzakirəsi obyektiv və işgüzar şəraitdə keçdi. Plenar iclasda da çıxış edənlər məruzənin qəbul edilməsin dəstəklədilər. Ştrasser isə məruzəçi təyin edildikdən dərhal sonra Azərbaycan hakimiyyəti və cəmiyyəti ilə əməkdaşlıq qurmaq əvəzinə, hakimiyyətə təzyiqlər etmə və məsələni siyasiləşdirmə yolu tutdu. Azərbaycan tərəfinin ona 2 dəfə dəvət məktubu göndərməsinə baxmayaraq, bir dəfə də olsun ölkəmizə səfər etmədi. Onun Azərbaycana gəlmək istəyində olmadığını gördükdə isə Komitə katibliyinə məktub göndərildi. Məktubda Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsinin Strasburqda K. Ştrasserlə görüşməyə hazır olduğu bildirilirdi. Lakin Ştrasser bu imkanların heç birindən istifadə etmədi, bunun əvəzində məsələni siyasiləşdirməkdə davam etdi. Guya ona ölkəyə səfər etməsi üçün viza verilməyib və s. Nəticədə, onun hazırladığı hesabat birtərəfli, qərəzli və reallıqdan tam uzaq yazı kimi gündəmə gəldi. Bu səbəbdən iyun ayında Ştrasserin hazırladığı hesabatın Hüquq məsələlərin və İnsan hüquqları Komitəsinin iclasında müzakirəsi çox gərgin şəraitdə keçdi. Bu gərginlik AŞPA-nın qış sessiyası ərəfəsində pik həddə çatdı. Bu cəhdlərə baxmayaraq, AŞPA üzvləri Ştrasserin hazırladığı hesabatın əleyhinə səs verdilər və bu hesabat rədd edildi.  

Qeyd etdiyim kimi, Azərbaycan üzrə məruzəçi mandatı verildikdən sonra Ştrasser ölkəmizə qarşı qərəzli və açıq-aşkar düşmən mövqe tutdu, məsələni siyasiləşdirmək istiqamətində səylər göstərdi, öz müsahibələrində Azərbaycan hakimiyyətini ağır cinayətlərdə ittiham etməyə başladı. Bu o deməkdir ki, Ştrasser əməkdaşlığı deyil, konfrontasiya və qarşıdurma yolunu seçdi və mandatı çərçivəsində heç bir araşdırma aparmadı. O, Azərbaycana qarşı siyasi təzyiqlər göstərməyə cəhdlər etməyə başladı. Bu onun ən başlıca səhvi olmaqla, Avropa məkanında siyasi fiaskoya uğramasına gətirib çıxardı. Ştrasser müzakirəyə təqdim etdiyi məruzəsində azadlığa buraxılmış məhbusları, AŞ PA Baş Katibinin 2001-ci ildə təyin etdiyi müstəqil ekspertlərin siyasi məhbus hesab etmədikləri dustaqları, terrorçuları, Azərbaycanda dünyəvi  dövlət quruculuğunun zorakılıq tətbiq etməklə dini dövlətlə  əvəz etmək kimi ağır cinayətdə ittiham olunanları və digər ağır cinayət törətmiş şəxsləri siyasi məhbus kimi təqdim etmişdi”.

 

Anar KƏLBİYEV

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər