Modern.az

Şou-biznesin “kriminal avtoritetləri” - cinayətdə adı hallanan sənətçilər - SIYAHI

Şou-biznesin “kriminal avtoritetləri” - cinayətdə adı hallanan sənətçilər - SIYAHI

Aktual

5 Fevral 2013, 15:14

Həmişə yaradıcılığı, ictimai fəaliyyəti, qeyri-adi və ya qəribə şouları ilə gündəmdə olan tanınmış simalar hərdən bizi təəccübləndirməyi də bacarırlar. Belə ki, Azərbaycanın xeyli tanınmış siması saydıqlarımızla yanaşı, səhv addımları ilə gündəmə gəlib, adlarının tez-tez mətbuat səhifələrində hallanmasına səbəb olublar. Modern.az Azərbaycanda son illər tanınmışlardan kimlərin cinayət məsuliyyətinə cəlb olunmasını araşdırıb.   Məlum olduğu kimi tanınmış müğənni Rəqsanə İsmayılovaya qarşı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Belə ki, müğənniyə qarşı keçmiş sevgilisi Faiq Azayev və keçmiş prodüseri Təranə Səmədova da olmaqla 4 nəfər şəxs ittihamla çıxış edib. Rəqsanəyə qarşı ittiham irəli sürən şəxslər müğənninin onlara külli miqdarda borclu olduğunu iddia ediblər. 

Rejissor Aqil M.Quliyev də kriminal çevrədən yan keçə bilməyib. Rejissor barəsində də Ədliyyə Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 306.1 maddəsi ilə cinayət işi açılıb. Buna səbəb Marianna Turabova adlı vətəndaşdan aldığı 150 min manat borcu geri qaytarmaması olub. M.Turabovanın müraciəti əsasında Xətai Rayon Məhkəməsində işə baxılıb və borcun qaytarılması barədə qərar qəbul olunub. Borcun qaytarılmaması səbəbindən Ədliyyə Nazirliyinin İstintaq İdarəsi tərəfindən cinayət işi açılıb.

Müğənni, Azərbaycanın “Eurovision-2008” təmsilçisi Samir Cavadzadə 2011-ci ildə otaq yoldaşı və dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə cinayət məsuliyyətinə cəlb olunub. Baş vermiş hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Muğam ifaçısı, “Xalq Ulduzu” musiqi yarışmasının iştirakçısı olmuş Səfa Məmmədov Azərbaycanda külli miqdarda pul oğurluğunda təqsirli bilinərək Suraxanı Rayon Polis İdarəsi tərəfindən məsuliyyətə cəlb olunub. Xatırladaq ki, “Xalq Ulduzu” musiqi yarışmasının iştirakçısı olmuş S.Məmmədov 2011-ci ilin iyul ayında Qaraçuxur qəsəbə sakini İlkin Yusifovun mənzilindən 60 min manat və 20 min dollar oğurlamaqda təqsirləndirilib.

“Elit-star" ləqəbi ilə tanınan müğənni Cəmilənin də adı cinayət əməlində hallanıb. Məlumatlara görə, müğənnini keçmiş qonşusu polisə şikayət edib. Bildirilir ki, Cəmilə tanışı ilə birlikdə yaşadığı Nizami rayonu ərazisində qonşusunun avtomobilini mənimsəyib. Qeyd olunur ki, Cəmilə qonşusunun “CİP” markalı avtomobilini ucuz qiymətə tanışına alıb. Lakin pulun az bir hissəsini ödəyib və yerdə qalan məbləğin ödənməsi üçün müəyyən vaxt istəyib. Həmin şəxs müğənninin etibarına inanaraq avtomobilin altı-satqı sənədinə imza atıb. Lakin xeyli vaxt keçsə də, həmin pulları geri ala bilməyib. Sonra isə məlum olub ki, həmin maşın digər bir şəxsə satılıb. Həmin şikayət əsasında müğənni istintaqa çağırılaraq dindirilib.

Azərbaycanın populyar rep ustası Elşad Xose də kriminal işlərdə adı hallananlardandır. O, ilk dəfə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb və üzərindən 0,553 qram “heroin” götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanıb. İkinci dəfə isə bu yaxınlarda Elşad Xose Cinayət Məcəlləsinin 147-ci (böhtan) madəsi ilə cəzalandırılıb. Belə ki, ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayev onu təhqir etdiyi üçün reperi məhkəməyə vermişdi. Məhkəmənin qərarı ilə E. Xose 6 ay müddətinə islah işlərinə cəlb edilib.

Digər rep ifaçısı Hüseyn Dərya da narkotik istifadəçisi kimi məhkumluq həyatı yaşayıb. İki il bundan öncə Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı reper H.Dəryanın üzərindən heroin aşkar edilib və o həbs olunub. O,  ittiham aktına görə Cinayət Məcəlləsinin (CM) 228.4-cü (qanunsuz olaraq qaz silahı, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama və ya satma) maddələri ilə ittiham olunub. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə tanınmış reper Hüseyn Dərya (Muradov) 1 il həbs cəzası alıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 14 nəfərlik dəstə üzvlərindən biri xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşovanın ansamblında vaxtilə çalışan skripka ifaçısı Ramin Həsənov, bu əməliyyata rəhbərlik edənlərdən biri isə xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovdur. Həmin əməliyyatla bağlı məhkəmə zamanı təqsirləndirilən şəxslər gənc müğənnilərdən Tunar və Zamiqə də narkotik satdıqlarını bildirdilər. 

Türkiyənin İstanbul şəhər Baş Prokurorluğu bu ölkədə fəaliyyət göstərən və “Azəri qızı Günel” kimi tanınan azərbaycanlı müğənni Günel Zeynalova haqqında ittihamnamə hazırlayıb. G.Zeynalova keçmiş sevgilisi, iş adamı Rza Zərrabı hədələməkdə ittiham olunur. İttihamnamədə qeyd edilir ki, şikayətçi R.Zərrab və şübhəli şəxs G.Zeynalova təxminən 10 il dostluq ediblər, lakin tərəflər arasında münaqişə yaranıb və onlar ayrılıblar. Daha sonra Günel R.Zərraba hədə-qorxu gəlməyə başlayıb. İttihamnamədə G. Zeynalovanın Türk Cəza Qanununun 106-cı maddəsinə (hədələmə) uyğun olaraq 6 aydan 2 ilə qədər azadlıqdan məhrum edilməsi tələb olunur.
Bir müddət əvvəl Azərbaycanın tanınmış aktrisası, əməkdar artist millət vəkili Zeynəb Xanlarovanın qardaşı qızı da cinayət məsuliyyətinə cəlb olunanlardandır. Hətta bir müddət əvvəl Mehriban Xanlarovanın ölkədən çıxmasına qadağa qoyuldu. Bu barədə qərar aktrisanın daimi qeydiyyatda olduğu rayon üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən verilib. Məhkəmə qərarına əsas kimi M. Xanlarovanın borclu olması göstərilib.

Prodüser Emin Mansurov da barəsində cinayət işi açılanlar sırasındadır. E.Mansurov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur. Belə ki, prodüserdən şikayətçi olan qadın iddia edir ki, E. Mansurov onun etimadını qazanaraq işə düzəltmə adı ilə 6000 manat pulunu alıb və verdiyi vədə əməl etməyib. Qeyd edək ki, Emin Mansurov “MM production”ın rəhbəridir.


Gültəkin ƏLƏSGƏR  
Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı