Modern.az

Siyasi partiyalar həbs edilən siyasətçilərlə bağlı BƏYANAT verdilər

Siyasi partiyalar həbs edilən siyasətçilərlə bağlı BƏYANAT verdilər

Aktual

5 Fevral 2013, 15:20

“Vətəndaş Həmrəyliyi Partiyası “REAL” Hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublunun həbsindən narahat olduğunu bildirir və bunu hakimiyyətin siyasi təzyiq vasitəsi kimi qiymətləndirir. İlqar Məmmədov və Tofiq Yaqublunun İsmayıllıya getməsi ordakı hadisələrin baş verdiyi gündən bir gün sonraya təsadüf edir. Onların narazı kəsimi təxribata çəkməsi, prinsipcə, inandırıcı görünmür, çünki İ. Məmmədov və T. Yaqublu özlərindən əvvəl başlamış hadisələrin iştirakçısı ola bilməzdilər. Digər tərəfdən, İ.Məmmədov və T.Yaqublu hər ikisi ölkənin tanınmış siyasət adamlarıdır, istintaqdan yayınmayıblar, ona görə də istintaq müddətində onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə heç bir ehtiyac yox idi. Həbs qətimkan tədbirinin seçilməsi və onların cəmiyyətdən təcrid olunması bu siyasətçilərə qarşı irəli sürülən ittihamların siyasi xarakterli olması şübhələrini daha da gücləndirir və siyasi fəallara qarşı hakimiyyətin dözümsüz yanaşdığını ortaya qoyur”.
Bu sözlər Vətəndaş Həmrəyliyi Partiyasının İlqar Məmmədov və Tofiq Yaqublunun həbs edilməsi ilə bağlı bəyanatında qeyd edilib.

Azərbaycan Demokrat Partiyası da Müsavat başqanının müvini T.Yaqublu və Respublikaçı Alternativ (REAL) Hərəkatının həmsədri İ.Məmədovun qanunsuz həbsi ilə bağlı açıqlama yayıb. Açıqlamada ADP-nin bu həbsdən ciddi narahat olduğu bildirilib və onların siyasi motivlər üzrə həbs edilməsini qətiyyətlə pislənilib.
Partiya hər iki şəxsin İsmayıllı hadisələri ilə əlaqədar həbs edilməsinin arxasında hakimiyyətin müxalif siyasi qüvvələrə uzun illərdən bəri başlatdığı repressiya və təzyiq faktının durduğunu bildirib.

Bu gün Demokratik Qüvvələrin Məşvərət Məclisinə (DQMM) daxil olan partiyaların növbəti toplantısı keçirilib. Müsavat partiyasının müavini Tofiq Yaqublu və Respublikaçı Alternativ Hərəkatının həmsədri İlqar Məmmədovun həbsinə diqqət çəkən toplantı iştirakçıları bu həbsləri siyasi motivli həbs kimi qətiyyətlə pisləyiblər.
DQMM-nə daxil olan partiyalar hesab edib ki, İsmayıllı hadisələri ilə əlaqədar demokratik düşərgəyə qarşı aparılan repressiya kampaniyası hakimiyyətin öz opponentlərinə qarşı uzun illər apardığı məkrli siyasətinin tərkib hissəsidir.


Vətəndaş və İnkişaf Partiyası (VİP) Müsavat başqanının müavini Tofiq Yaqublu ilə REAL hərəkatının həmsədri İlqar Məmmədovun saxta ittihamlarla həbs olunmalarını qətiyyətlə pisləyib və onların dərhal azad olunmalarını tələb edir. VİP hakimiyyətdən ölkənin müxalifət qüvvələrinə qarşı qanunsuz addımlara son qoyulmasını tələb edib və əks halda, ölkədə arzuolunmaz vətəndaş qarşıdurması təhlükəsinin artacağını, buna görə hakimiyyətin məsuliyyət daşıyacağını diqqətə çatdırıb.

Ədalət Partiyası da anoloji bəyanatla çıxış edərək, hakimiyyətin bu addımını pisləyib.

Sevinc İLTİFATQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu