Modern.az

Türkiyə hökuməti qondarma “erməni soyqırımı”na qarşı hərəkətə keçdi

Türkiyə hökuməti qondarma “erməni soyqırımı”na qarşı hərəkətə keçdi

2 Mart 2010, 11:04

Qondarma “erməni soyqırımı” iddialarına dair qətnamə layihəsinin  ABŞ Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin gündəliyinə salınması Türkiyə hökumətini hərəkətə gətirib. Modern.az xəbər verir ki, Türkiyə hökumətinin son iclasında bu məsələ  geniş müzakirə olunub.

Baş nazirin müavini Cəmil Çiçək qanun layihəsinin qəbul olunacağı təqdirdə Türkiyə-ABŞ münasibətləri ciddi zərbə alacağını qeyd edib. Onun sözlərinə görə, hər iki ölkənin bölgədə üzərinə götürdüyü ciddi məsuliyyət nəzərə alınmalı və bu cür qanun layihələri parlamentlərdə təsdiq olunmamalıdır. Digər tərəfdən, bu qanun layihəsinin təsdiq olunması Qafqazda sülhün bərqərar olması və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə də mənfi təsir göstərəcək. Ankarada mətbuat konfransı keçirən Türkiyə xarici işlər naziri müavininin köməkçisi Səlim Yenel də Birləşmiş Ştatlar konqresmenlərini bu qanun layihəsini rədd etməyə çağırıb.  Səlim Yenəl deyib  ki, Türkiyə-ABŞ münasibətləri çox həssas bir dövrünü yaşayır və Konqresin Xarici Əlaqələr Komitəsinin 2007-ci ildə olduğu kimi bu qanun layihəsini təsdiq edəcəyi ehtimal olunur. Belə olan halda, aprelin 24-dək müddət çox gərgin keçəcək.

Türkiyənin Vaşinqtondakı səfiri Namik Tan məsələ ilə bağlı ABŞ-dakı yəhudi icmasının nümayəndələri ilə də danışıqlar aparır. Türkiyəli diplomat onu da əlavə edib  ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşmasını istəyir. Lakin, eyni zamanda Azərbaycan-Ermənistan münaqişəsinin də nizama salınması zəruridir.

Bu arada, Türkiyə parlamentarilərindən ibarət iki qrup da məsələ ilə bağlı Vaşinqtonda görüşlər keçirəcək. Bu qrupların rəhbərləri Türkiyə parlamentinin komissiya sədri Murad Mərcan və Türkiyə-ABŞ parlamentlərarası dostluq qrupunun sədri Suat Kınıkoğludur. Qondarma “erməni soyqırımı” ilə əlaqədar Ankarada ən çox maraq doğuran isə ABŞ prezidenti Barak Obamanın aprelin 24-də olacaq müraciətində “soyqırımı” kəlməsinin tələffüz edilməsi ehtimalıdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər