Modern.az

Magistraturaya sənəd qəbul başladı

Magistraturaya sənəd qəbul başladı

Aktual

6 Fevral 2013, 11:55

Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013/2014-cü tədris ili üçün respublikanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edib. Elanın tam mətni “Magistr” xüsusi buraxılışının 2-ci sayında nəşr edilib.  

Qəbul imtahanlarında iştirak etmək üçün bakalavr TQDK-nın müvafiq internet səhifəsinə (tqdk.gov.az/erizemag) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və PİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş  nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurur.  Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar (ətraflı məlumat tqdk.gov.az/erizemag səhifəsindəki aktual keçidlərdə verilib).   Bundan sonra bakalavr tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirir. Milli Sertifikat Xidmətləri Mərkəzinin Qeydiyyat Mərkəzlərinin birindən  “Elektron imza” sertifikatını əldə etmiş bakalavrlar həmin sertifikatdan istifadə etməklə “Bakalavrın elektron ərizəsi” formasını Sənəd Qəbulu Komissiyasına müraciət etmədən özləri təsdiq edə bilərlər.  

Bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını 2013-cü il fevralın 11-dən 21-dək olan müddətdə doldurur və ərizələrini 2013-cü il fevralın 12-dən 22-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək olan müddətdə təsdiq etdirirlər.

Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər.    Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirirlər.    Xarici ölkələrdə ali təhsil  almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.   Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Bakalavrın  elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.   “Bakalavrın elektron ərizəsi” formasının təsdiqi üçün TQDK tərəfindən yaradılmış bütün Sənəd Qəbulu Komissiyalarının siyahısı və tələb olunan sənədlər “Magistr” jurnalının 2-ci sayında dərc olunub.    Bu bölmədə “Bakalavrın elektron ərizəsi” formasının nümunəsi ilə yanaşı, onun doldurulma qaydası da verilib.   

Qəbul imtahanı - Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi,  ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.   

Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.  

İmtahanın birinci mərhələsi 2013-cü il martın 3-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy­yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq.    Birinci mərhələdəki nəticələri TQDK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə buraxılırlar. Həmin bakalavrlar “Magistr” jurnalının 2013-cü il 4-cü sayında dərc ediləcək elanda göstərilən  müddət ərzində elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər (“İxtisaslaşma seçimi cədvəli” və  qəbul proqramları “Magistr” jurnalının 2013-cü il tarixli 3-cü sayında veriləcəkdir).  

Test tapşırığı nümunələri  - Xüsusi buraxılışda ümumi intellekt səviyyəsi ( məntiqi təfəkkür), informatika və xarici dili (ingilis dili, alman dili, fransız dili, rus dili, ərəb dili  və fars dilini) bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunur. Magistraturaya qəbul imtahanına hazırlaşan bakalavrlar bu test tapşırıqları vasitəsilə birinci mərhələ üzrə imtahanda onlara təqdim olunacaq sualların modeli ilə yaxından tanış olmaq, həmçinin öz hazırlıq səviyyələrini yoxlamaq imkanı qazanacaqlar.    İlk dəfə olaraq imtahanın birinci mərhələsi üzrə 2013-cü il fevralın 17-də sınaq imtahanları keçiriləcək. Bu gündən sınaq imtahanlarına internet vasitəsi ilə qeydiyyat başlayıb.  

 Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı