Modern.az

“Azərbaycan xalçaları”nın saytı açıldı

“Azərbaycan xalçaları”nın saytı açıldı

6 Fevral 2013, 12:46

“Azər-İlmə” xalçaçılıq şirkətinin təsis etdiyi “Azərbaycan xalçaları” elmi-bədii dərginin carpetsmagazine.com ünvanlı saytı istifadəyə verilib. Azərbaycan, rus, ingilis dillərində hazırlanan sayt zövqlü tərtibatı ilə seçilir. Saytda “Azərbaycan xalçaları” dərgisinin indiyədək çap üzü görmüş beş sayı yerləşdirilib. Oxucuların dərgidəki məqalələri daha rahat şəkildə oxuması üçün ayrıca bölmələr yaradılıb.   

“Azərbaycan xalçaları” elmi-bədii dərgisi 2011-ci ildə “Azər-İlmə” xalçaçılıq şirkəti tərəfindən təsis edilib. 2012-ci il 6 iyul tarixində Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil edilib.

“Azərbaycan xalçaları” dərgisinin təsis edilməsində əsas məqsəd Azərbaycan xalçalarını təbliğ etmək, onların tarixinə bir daha nəzər salmaq, qaranlıq məqamları araşdırmaq, onun dünya mədəniyyətindəki mövqeyini möhkəmləndirməyə yardımçı olmaqdır. Rəngbərəng ilmələrdən toxunan zərif, əsrarəngiz, bənzərsiz naxışlarla bəzədilən xalçalar ilk baxışdan, sadəcə, gözəl əl işi kimi görünsə də, əslində, özündə bir dünyalıq sirr gizlədir. Hər naxışın, hər rəngin öz mənası, öz tarixçəsi var. Xalqımızın qürur mənbəyi olan, nəsillərdən nəsillərə yadigar qalan xalçaçılıq sənəti həm də incəsənətimizin dünya mədəniyyətinə inteqrasiyasında bir vasitədir. Buna görə də milli xalçalarımızın araşdırılması və dünya ictimaiyyətinə təqdim edilməsi bir zərurət kimi meydana çıxıb.

Dünyanın qloballığa kökləndiyi belə bir zamanda bəşəriyyətin mədəni irsinə çevrilən, milli sərvətimiz olan xalçalarımızın tarixi, bu günü barədə məlumatsız qalmaq böyük qəbahət olar. Elə buna görə də bu şərəfli yolda hər birinizin bələdçisi olmaq niyyətindəyik. Nəşrin baş redaktoru professor Vidadi Muradovdur. 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir