Modern.az

Ekspert: “Alternativ hərbi xidmətlə bağlı qanunun qəbulu Azərbaycanın marağına uyğun deyil”

Ekspert: “Alternativ hərbi xidmətlə bağlı qanunun qəbulu Azərbaycanın marağına uyğun deyil”

Aktual

7 Fevral 2013, 10:09

““Alternativ hərbi xidmət haqqında” qanun layihəsinin qəbulu ilə bağlı məsələ dəfələrlə gündəmə gəlir, hər dəfə də geri qaytarılır. Bunun səbəbləri əvvəllər qapalı saxlanılsa da, indi bir çox səbəblər göstərilir”. Bu sözləri Modern.az-a açıqlamasında “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli deyib. O, qeyd edib ki, qanunun qəbulu prosesi uzun müddətdir gedir.

“Azərbaycan Avropa Şurasına üzv olanda üzərinə belə bir məsuliyyət götürmüşdü ki, “Alternativ xidmət haqqında” qanun qəbul olunacaq, eyni zamanda bu Konstitusiyanın müvafiq maddəsində də göstərilib ki, vətəndaşlar üçün alternativ xidmət keçmək üçün müvafiq şərait yaradılır. Bu dəfələrlə gündəmə gəlir, hər dəfə də parlamentin müvafiq instansiyalarından geri qaytarılır.

Əvvəllər bunun səbəbi qapalı saxlanılırdı, sonradan bəlli oldu ki, bizim hökumətimiz, parlamentimiz narahatdır ki, reallıqda alternativ xidmət hüququndan istifadə etmək hüququna malik olanların sayı çox ola bilər. İkincisi, bir qisim vətəndaşlar hərbi xidmətdən yayınmaq üçün  hansısa formada “Alternativ xidmət haqqında” qanundan istifadə etsinlər. Bu bir vasitə ola bilər ki, hərbi xidmətdən yayınmaq üçün bu qanunda göstərilən imtiyazlardan istifadə etsinlər”.

Y. Cəfərli bildirib ki, qanunun qəbul olunmamasının digər səbəbi Azərbaycan hökumətinin azərbaycanlıların başqa təriqətlərə üzv olmasında narahat olması ilə bağlıdır. “Bu da real bir narahatlıqdır. Başqa məqam isə bu qanunun hansı formada həyata keçirilməsi, səlahiyyətləri kimə verilməsi ilə bağlıdır ki, bunun da ətrafında ciddi müzakirələr gedir. Səbəblərdən biri də düşünürəm ki, hazırda müharibə şəraitində olmağımızdır. Avropa Şurası qarşısında biz öhdəlik götürmüşük, onlar qanunun niyə qəbul olunmadığını soruşanda deyirik ki, müharibə şəraitindəyik. Bir növ bu həm də Avropa Şurasının diqqətini münaqişəyə yönəltmək üçün bir vasitədir”.

Hərbi ekspertin sözlərinə görə bütün səbəblərin əsas qorxu mənbəyi səfərbərlik, çağırış üçün resurslarımızın sayı azalması ilə bağlıdır. “Alternativ hərbi xidməti tətbiq etməyə başlasaq onda səfərbərlik resurslarımızın, həm də çağırış resurslarımızın sayı azala bilər, təbii ki, bu da ordunun komplektləşdirilməsində problemlər yarada bilər. Məsələnin başqa tərəfi də var. Hökumətin siyasətidir ki, Avropa Şurası da deyəndə ki, siz üzərinizə öhdəlik götürmüsünüz, sizin konstitusiyada bu əks olunub, niyə yerinə yetirmisiniz, bizimkilər dərhal deyir ki, bəs BMT-nin Ermənistan haqqında 4 qətnaməsi var, siz niyə onun icrasını həyata keçirmisiniz?”

Yaşar Cəfərli bildirib ki, müəyyən səviyyədə siyasi məqsədlər naminə “Alternativ xidmət haqqında” qanunun qəbulu gecikdirilir. “Sadaladığımız səbəblər həm də dövlət səviyyəsində, dövlətimiz üçün lazım olan məsələlərdir. Müəyyən məqamlarda hansı prizmalardan baxanda görürsən ki, bunun müəyyən əsaslandırması var. Amma biz başqa cür edə bilərik. Bütün qeyd etdiyim səbəbləri, maraqları də gözləmək şərti ilə biz vətəndaşlar arasında dövlətə inamı artırmaq üçün, konstitusiyaya hörmət nöqteyi-nəzərindən “Alternativ xidmət haqqında” qanunun qəbul edə bilərik. Qəbul edib orada bir müddəa əlavə edə bilərik ki, bu qanunun tətbiqi müvəqqəti dayandırılsın. Və yaxud münaqişə şəraitində olduğumuz üçün bu qanunun tətbiqi təxirə salınır. Fikrimcə bu bütün problemləri həll etmiş olar”.

Aytən Əliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi