Modern.az

Zakirsizlik...

Zakirsizlik...

7 Fevral 2013, 16:02

Torpağın üzü soyuq olur deyirlər.  Zakirin ölümü uzaqlaşdıqca daha çox yandırır adamı. Torpağın üzü soyuq olmurmuş...

Yazıçılardan biri demişdi ki, “dostlarım öləndə mən də onlarla bir az ölürəm”. Bu daha inandırıcı səslənir. Bəlkə də zəmanəmizdə deyildiyindən. Ölüm haqda deyilənlərin ən cavanı, Zakirin xoşladığı ifadə ilə desək qət-təzəsi olduğundan. Bəlkə də...

...Zakirin gözlənilən ölümünə gedən yolun məsafəsi qısa zaman kəsiyinə sığdı. Yoxsa Zakir o yolu daha tez qət elədi. Doğmaları, dostları doymağa qoymadı Zakirdən bu qısa zaman. Elə bütün xəstəliyi boyu yanında dayanıb qulluğunu tutmuş, bütün əziyyətlərinə, hətta kaprizlərinə hamımızdan artıq dözmüş, balalarım qədər istədiyim qızı Fidanın da ondan doymadığını gördüm. Haykırtısı ilə atalı dünyasından atasız dünyasına keçid eləyə bilmirdi Fidan. Əslində Zakirdən keçməyin mümkünsüzlüyü idi bu. O ağrını bütün doğmalar, dostlar yaşayır.

...Zakir yaddaşımda istedadlı, ancaq “köhnə kişilər” kimi ilişib qaldı. Köhnə kişiliyin atributlarını yaşatdığından heç sosial şəbəkələrdə gün keçirməyi, vaxt öldürməyi, əylənib başını dincəltməyi da qəbul edə bilmirdi, Ancaq sən demə, sosial şəbəkələr də onu sevirmiş. Bir insan və istedadlı yazar kimi. Üç gündü ki, bütün sosial şəbəkələr də onun qulluğundadı. Yenə də yaxşı dostlar sağ olsun!

...Elbrus Ərudun səhər düşdüyü, yaşadığı təlaşa qarışan sevinc nidası – Zakirin ölüm xəbərindən sonra oğlu Vətənin ona Zakirin mobil telefonundan zəng eləməsi - Elbrusun bir anlıq əvvəl eşitdiyi dəhşətin yalan, yuxu olacağına özünü inandırmaq istəməsi, Zöhrab Əmirxanlının, Reyin, İlham Zeynallının, Anar Yusifoğlunun, Qulu Ağsəsin - elə hamımızın hönkürtülərimiz sadəcə Zakirə son borcumuz deyildi. Bu həm də Zakirsizliyə alışa bilməməyimiz idi.

...O anda həm də bir gün öncə Zakirə zəng edəndə ömür-gün yoldaşı Zərəngiz bacının “divanda uzanıb bərk ağrıyır, indi danışa bilməyəcək” sözündən sonra təkidlə bir kəlmə danışmağa məcbur etməməyimə təəssüfləndim.

...Zakirin cənazəsini evinin pilləkənindən düşürəndə külək onun nurlu simasını örtən mafəni qaldırdı. Külək fürsət yaratdı ki, Zakir həyətinə, min əziyyət bahasına tikdiyi, tikəndən sonra böyük sevinc hissilə köçdüyü evinə, qurduqlarına, yaratdıqlarına, özündən sonra qoyub getdiklərinə son dəfə baxsın, onlara vida eləsin. Dünyadan köçməyin bir yolu var. Kim nə aparır ki! Kəfəndən başqa. Kəfənini də İraq, Kərkük səfərində Kərbəladan hazır gətirmişdi Zakir...

Evdə ölümün nə olduğunu dərindən dərk edə bilməyən övladlarım da “Zakir əmi daha olmayacaq” deyə sual elədilər. Aldatmaq istədim. Olacaq dedim. İnanmadılar. Oğlumun toy kasetindəki sağlığını və şirin sözlərini xatırladılar. Onların da yaddaşına, xatirəsinə belə köçdü Zakir.

Allah rəhmət eləsin!


Nəzirməmməd Zöhrablı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi