Modern.az

Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki»

Turan yolçusu Əhməd Cavad: «Turan öylə bir müqəddəs Kəbədir ki»

Ədəbi̇yyat

11 Fevral 2013, 09:08

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə

fəlsəfə doktoru Azərbaycan milli ideyası və onun gerçək nəticəsi olan Azərbaycan Cümhuriyyətinin (1918-1920) poeziyada ən böyük tərənnümçüsü Əhməd Cavadın (1892-1937) dünyagörüşündə islamçılıq və türkçülük bir tamı təşkil edir. Bu baxımdan deyə bilərik ki, Ə.Cavad millət və dinə münasibətdə türk-islam sintezindən çıxış etmiş və ömrünün sonuna qədər də bu ideyasına sadiq qalmışdır. Doğrudur, mütəfəkkirin yaradıcılığında daha çox türkçülük-turançılıq öyülmüş və irəli çəkilmişdir. Məsələn, şair şeirlərinin birində Turan yolçusu olması ilə fəxr etmişdir:

Bən bir Turan yolçusuyam, əlimdə bir sönük məşal,
Aman, şeirim, hümmət eylə, aman, təbim, bir qanad çal!
Açın qəlbim qubarını, baxın nədir baş yazısı?
Əvvəl Allah göndərəndir, sonra Türkün bayatısı!
Turan öylə bir müqəddəs Kəbədir ki, hər bir daşı
Kölgəsində düşər yerə Türkün əgilmyən başı!

Göründüyü kimi, biz onun türkçü-turançı ruhlu şeirlərində də islam dinin ruhunu görürük. Belə ki, şair Turan sevdasını müqəddəs Kəbə ilə müqayisə etmişdir. Bu isə o deməkdir ki, Ə.Cavad M.Ə.Rəsulzadə, N.Yusifbəyli, M.Hadi, H.Cavid və başqa Azərbaycan-türk mütəfəkkirlər kimi, islamçılığın və türkçülüyün vəhdətindən çıxış edən bir ziyalımızdır. Türkçülüklə islamçılığın vəhdətini Cavadın «Münacat» şeirindən də görmək olur:

Əsirgəsin Tanrım yabançı gözdən
Bizim eldə məbədinin daşını!
Acı bizə, imanımız sönməsin,
Rəhmətinlə keyit bu göz yaşını!
Yarəb, Vətən sənin, iman sənindir!
Mömünü güldürən Quran sənindir!

Çünki Cavad hesab edirdi ki, Allahın istəyilə bir millət azadlıq əldə edər və milli bayrağı olarsa, o zaman onun məscidi, minarəsi də lal qalmaz. Deməli, millətin azadlığı ilə islam da ucalacaq və azan səsi Vətəndə həmişə eşidiləcəkdir.  Bu baxımdan Cavad Allahdan diləyirdi ki, Vətəni azad olsun və başının üstündə milli bayraq dalğalansın:

Ey mərdliyi ilham edən böyük Haqq!
Buyuruq sənin qullarına, nə sormaq?!
Pək dərdliyiz, bir arzumuz var ancaq,
Cəbrayılla göndər bizə bir sancaq!

Bütün bunlarla yanaşı Cavad anlayırdı ki, hər bir millət vətəninə və dininə sahib çıxması üçün maariflənməli, elm və təhsil əldə etməlidir. Yəni Allah o millətlərə milli azadlıq və güclü iman bəxş edir ki, onlar ilk öncə avamlıq və cahillikdən qurutulur. Bu baxımdan Cavad hesab edirdi ki, vaxtilə vətən şərəfi və din imanı yüksəklərdə olan türklərin son əsrlərdə gerilməsinə səbəb elmsizlik olmuşdur. Cümhuriyyət şairinin fikrincə, son əsrlərdə elmsizliyə yuvarlanan müsəlmanların, o cümlədən türklərin yalnız vətənləri xaraba qalmamış, eyni zamanda islamın ruhundan da uzaq düşmüşlər. Bununla da Allah müsəlmanların nə kəslən qurbanını, nə oruclarını, nə də başqa ibadət və dualarını qəbul etmir. Cavad yazırdı:

Quran nədir? Anlamzdıq.
Vətən nədir? Bilməzdik.
Qarşımızda yetimlərin göz yaşını silməzdik.
Ağlanacaq bir hal idi, kəndimiz də görürdük,
Dilimizin, dinimizin getməsinə gülürdük.

Cavad hesab edirdi ki, müsəlmanların belə bir vəziyyətə, yəni Qurandan və Vətən imanından uzaq düşməsinə görə isə islamın adından çıxış edən yalançı ruhanilər, axundlar və mollalar günahkardır. Çünki axundlar müsəlmanlara Quranı doğru və olduğu kimi anlatmaqdansa, ancaq öz şəxsi mənafelərini düşünmüşlər. Bununla da başa düşmək olmur ki, islamın adından çıxış edən bu axundlar, mollalar müsəlmanlıq, yoxsa başqa dinin təmsilçiləridir. Çünki müsəlmanlığa ən çox zərbə vuran başqa dinə tapınanlar deyil, məhz islamın adından çıxış edən bu ikiüzlü ruhanilər, axundlar və mollalar olmuşdur. Cavad yazırdı:

Ey axund, ey pişivayi-əhli-iman, bir utan!
Əllərindən dad edir ehkami-Quran, bir utan!
Hansı dinin əhlisən sən, yolmudur göstərdiyin?
Ümməti məhv eyləyəndə varmı iman, bir utan?
Hansı «Quran»dır sənə öyrətdi şeytan sirrini?
İşlərinçin qaldı şeytanlar da heyran, bir utan!
Zati-napakında, yahu, hissi-rəhman yoxmudur?
Saymadın Allahı, ey Allaha düşman, bir utan!

Deməli, şair-mütəfəkkirin fikrincə, yalançı axundlar, mollalar və başqa din xadimləri islamın müqqədəs kitabı Quranı bir kənara qoyaraq, özlərindən «Quran» uydurmuşlar. Bununla da, həmin din xadimləri Allahın Quranını deyil, içələrindəki şeytana uyaraq müsəlmanlara islamda olmayan müəddəları təlqin etmişlər. Çünki onların məqsədi xalqın qanını içmək və onu zəlil günə salaraq bundan öz xeyirlərinə faydalanmaq olmuşdur. Cavad yazırdı:

Geydiyin əmmamə ağ, amma yazıq, qəlbin qara,
Daşmısan, daşdanmı  ruhun, ey müsəlman bir utan?!
Kor gözün, şil əllərin bi qövmü məhv etməkdədir,
Bax, onun ənqazidir bu ahu əfqan, bir utan!
Çox uzaqlaşdın həqiqətdən dur, Allah eşqinə,
Ey həqiqət qatili, ey canlı peykan, bir utan!

«İmansıza» adlı şeirində də Cavad göstərirdi ki, elmdən danışan ruhanilərin, axundların və mollaların əksəriyyətində bundan əsər-əlamət belə yoxdur. Əgər axundlar da elm yoxdursa deməli, onlardan təhsil və təlim alanlarda da bundan ola bilməz. Ancaq Cavadın fikrincə, onun axundlardan fərqi odur ki, onlar kimi elmi olmasa da, heç olmasa imanı var:

Əsr bizdən nə istiyor onu billə bilməyəlim?!
Ancaq səndən fərqim bu ki, bəndə sağlam bir iman var,
Bir kainat yaradar ki, nəşəsindən doymaq olmaz!
Sənin kibi imansızlar o cənnətdən heç anlamaz!

Cavada görə bu baxımdan müsəlmanlara lazımdır ki, ilk növbədə elm və təhsil əldə etməklə islama, millətə və vətən imanına sahib çıxsınlar. Cavadın fikrincə, yalnız bu halda Allah da həmin müsəlmanların səsini eşidib dualarını da qəbul edəcək, yurdumuza Günəş doğacaqdır.

Qeyd edək ki, Azərbaycan Cümhuriyəti dövründə də Ə.Cavad türkçülüklə- turançılıqla yanaşı, islamçılığı əldə bayraq etmişdir. Buna ən bariz nümunə onun milli himnin müəllifi kimi burada üçrəngli bayrağı öyməsidir. «Üç rəngli bayrağınla məsud yaşa!» deyən şair üçün, hər bir rəngin öz müqəddəs mənası vardır. Bu baxımdan Cavadın milli himnlə yanaşı,  «Azərbaycan bayrağına» (1919-cu il) şeiri də diqqəti cəlb edir. Bu şeirində də şair türkçülüklə islamçılığın vəhdətini unutmur:

Qayi xan soyundan aldığın rəngi,
Qocalmış Elxanla müsəlman bəgi.
Elxanın övladı, dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!

Sovet Rusiyası tərəfindən Azərbaycan Cümhuriyyəti işğal edilib, onun yerində yaradılan Sovet Azərbaycanı dövründə də Cavadın yaradıcılığında türkçülük və islamçılıq ruhu yaşadılmışdır. Doğrudur, artıq Sovet dövründə şair daha çox sətiraltı mənalarla türk-islam sintezini yaşatmağa çalışmışdır. Buna ən bariz nümunə kimi şair-mütəfəkkirin «Göy göl», «Kür» və başqa əsərlərini göstərmək olar. Məsələn, o, «Göy göl» şeirində yazırdı:

Sənin gözəlliyin gəlməz ki, saya,
Qoynunda yer vardır yıldıza, aya.
Odun sən onlara mehriban daya,
Fələk büsatını quralı, Göy göl.

Hətta, Sovet dövründə şair bolşeviklərin təzyiqi ilə islamın əleyhinə şeir yazmağa sövq edilərkən belə, bundan kənara qaçmağa çalışmışdır. Məsələn, Cavad «Tarixi-müqəddəs» şeirində yazırdı ki, əslində ilk baxışda yalnız islamda deyil, digər səmavi dinlərdə (xristianlıqda, iudaizmdə) də insanlar üçün inadırıcı olmayan hadisələr ola bilər. Bu baxımdan Cavad göstərməyə çalışırdı ki, bolşeviklərin Azərbaycanda yalnız islama qarşı müharibə açıb, digər dinləri görməməzlikdən gəlmələri doğru deyildir. Əgər müsəlmanlar islama tapınmaqda yanılıblarsa, deməli eyni şəkildə xristanlar, yəhudilər və başqa dinə inananlar da aldadılıblar. Cavad yazırdı:

Yazıq… yazıq bizə ki, əsrlərcə aldandıq!
Qaranlıqda cızılan izləri görmək üçün,
Görüb yüz sürtmək üçün.
Yazıq!.. Yazıq bizə ki, bir çıraq kibi yandıq!
Nə göydən çıraq gəldi, nə bir parça mərhəmət.
Çalışan əsirlərə Musa, İsa Məhəmməd
Sadə bir sətir ilə bir vnotsubuxor verdi,
Masal cənnətlərinin yollarını göstərdi.

Bununla da Cavad bir tərəfdən, yalnız islama qarşı yönəlmiş sovet ateizminə qarşı çıxmış olurdu. Yəni Cavad göstərməyə çalışırdı ki, sovet ideoloqlarının yalnız islama qarşı səlib yürüş təşkil etməyi doğru deyildir. Digər tərəfdən isə, Cavad hesab edirdi ki, əslində bütün dinləri inkar etməklə də, heç də insanların mənəvi problemlərini həll etmək mümkün deyildir. Belə ki, bütün hallarda insanların hər hansı bir dinə, haqqa inanmağa ehtiyacları var. Cavad yazırdı:

Əfəndilər, ağalar, evliyalar, keşişlər!
Əbədi qaranlığın bu sönük qollarında.
Artıq təmiz ruhların aydınlıq yollarında,
Sadə bir din, bir qanun, bir həqq, işləyən dişlər!

Göründüyü kimi, Cavad bütün hallarda insanların hər hansı bir dinə inanmaq zorunda olduğunu göstərmişdir. Bununla da şair ümumilikdə islamın müsəlmanlar üçün mühüm əhəmiyyət daşmasının və onun mənəvi əhəmiyyətinin istisnalığını irəli sürmüşdür. Deməli,  Cavadın dünyagörüşündə türkçülüklə bir tam təşkil edən islamçılıq sona qədər öz əzəmətini qoruyub saxlamışdır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı