Modern.az

Çaqqal oğlu çaqqal - Akif Əli yazır

Çaqqal oğlu çaqqal - Akif Əli yazır

19 Fevral 2013, 13:50

Akif Əli

Mən bu rəvayəti 80-lərdə yazıb çap etdirmişəm (bax: “Məhəbbət təranələri”, Bakı, Gənclik nəşr., 1989, səh.14). İndiki “başıdaşlı olaylar” fonunda onun aktuallığını görüb bir daha hörmətli oxuculara təqdim etmək istədim. Həqiqətən çaqqalkimiləri nə qədər öz simalarını ört-basdır edib layiq olmadıqları şöhrət çələngini qazanmaq üçün insanları aldada bilsələr də, günlərin bir günü böyük Yaradanın hər canda kodlaşdırdığı qan tərkibi özünü büruzə verib gizlinləri aşkar edir.

(rəvayət)

Bəli, ay keçdi, il dolandı, nəhayət ucqar bir Xəlvət dərənin heyvanları da özlərinə padşah seçmək qərarına gəldilər. Şir, Pələng, Ayı, Bozqurd, İlan yığışıb fikirləşdilər ki, ay balam, nə vaxtacan bizim bu Xəlvət dərədə ara qarışıb məzhəb itəcək? Nə qədər hiyləgər Tülkü bəy olacaq, Çaqqal ulaya-ulaya gödən yırtacaq? Biz də özümüzə görə bir kişiyik! Bığımız, pəncəmiz, gücümüz var. Gərəkməzmi bir ağıllı çıxa hərəni öz yerində oturda, böyük-kiçik bilinə, dolanışığımız sahmana düşə?
Xülaseyi-kəlam, məsləhət-məşvərətdən sonra qərara gəldilər ki, bütün mənəm-mənəm deyənlər bir yerə toplaşsınlar və kim daha əzəmətli, daha həşəmətli, daha şücaətli, nəhayət daha ləyaqətlidirsə, şahlıq taxtına o çıxsın.
Xəbər bütün Xəlvətstana yayıldı, mənəm deyən-deməyən, özunə güvənən-güvənməyən, adamyeyən-yeməyən cəmi heyvanat aləmi axışdı dərəyə.

Bunlar burada axışmaqda olsun, sizə kimdən xəbər verək, Tülküdən. Qoca Tülkü görəndə ki, ey dili-qafil, dünyanın axırı gəlib və heyvanlar Tülkünün dərisinə saman təpəcəklər, tez özünü çatdırdı başıaşağı sülənə-sülənə yol gedən Çaqqala. Qolundan tutub yoldan çıxartdı və dedi bəs hal-qaziyə belə, vəhşilər qızışıblar, məni hədələyiblər, səni də parçalayacaqlar.
Çaqqal təəccüblə çiyinlərini çəkdi: “Səni hədələyiblər, məni niyə parçalayacaqlar?”
Tülkü bic-bic gülümsədi:
- Dədənə görə. O kişi ömrü boyu bu dərədə çaqqallıq eləyib? Neçə Qurdun adı ona görə bədnam olub.
Çaqqalı fikir götürdü:
- Yaxşı, bəs indi neyləyək?
- İndi gərək sən padşah olasan ki, biz salamat qalaq.
- Məzələnirsən? Məndən padşah? Ulamaqdan başqa əlimdən bir iş gəlmir. Sülənməkdən savayı bacarığım yox, leş yırtmaqdan qeyri qabiliyyətim.
- Özünü tülkülüyə vurma, - Tülkü Çaqqala dedi. – Sənin ürəyindən padşahlıq keçmir?!
- Dünyada elə adam varmı ki, ürəyində bir dəfə deməsin: “bu fani dünyada padşahdan-zaddan da olmadıq...” Amma kimdi məni padşah qoyan?
-Mən! – Tülkü ərklə dedi. - Sən mənə qulaq as, bundan sonra ağzını açıb bir kəlmə danışma, o eybəcər səsin çıxmasın. Çaqqal kimi ulamağını unut. Pələng kimi mırılda, nər kimi nərildə. Sülənməyi də burax. Mən səni padşah edəcəm. Gəl gedək hazırlaşaq...

Bəli, vaxt gəldi, vədə yetişdi, qurd-quş padşahlıq yarışına yığışdı. Ayı ortalıqda agır-ağır addımlayır, Pələng əsnək çəkə-çəkə dişlərini qıcadır, Şir uzanıb müdrikanə görkəmlə camaatı seyr edir, Bozqurd pəncəsini gəmirə-gəmirə o baş-bu başa gərdiş edir, İlan bir topa qıvrılıb kinli-kinli fısıldayırdı...
Xülasə, kürsü quruldu, ağsaqqallar düzüldü, qələmlər itiləndi, baxanlar yerbəyer oldu və yarış başlandı. Dərənin dibindəki meydanda iynə atsan yerə düşməzdi.
Ey ulu Tanrı! Sən özün kömək ol! Sən özün bu bədbəxt və biçarə heyvanlarının dərdinə əlac elə, ey Yaradan!
Pələngə dərhal yox dedilər. Çox çılğındır, hirsli başda ağıl olmaz dedilər, hər xırda şeyin üstündə hamını qırıb-çatar. Padşah gərək müdrik olsun.
Şir müdrik idi, amma yatağan idi. Şah bu gədər yatsa, dərəbəylik olar dedilər. Padşah gərək ayıq-sayıq olsun, qıvraq olsun, zirək tərpənsin.
Bozqurd ayıq-sayıq idi, qıvraq idi, zirək idi, amma rəngi xoşagələn deyildi. Boz adamdan padşah olmaz dedilər. Boz adam hamını suçlu bilib hürküdər. Padşah gərək mehriban, gülərüz, mülayim və rəhmdil olsun.
Yenə bir “xulasə” deyib, əsas mətləbə doğru irəliləyək.
Bu qarmaşalıqda Tülkü utana-utana, sıxıla-sıxıla, əyilə-əyilə çıxdı meydana ki, bəs, ay camaat, olarmı mən də bir söz deyim?
- Ə kəs! Elə sənin kimi tülkülərin zibilinə düşmüşük. Qapaz olmasa olmur deyəsən. Çıx meydandan, yoxsa dərinə saman təpərik.
Tülkü özünü tülkülüyə vurub boynunu bükdü:
- Siz bilən məsləhətdi. Üzr istəyirəm... Amma çox əla təklifim vardı, ümumi işin xeyrinə, hamı bəyənəcəkdi, neynək, qalsın sonraya.
- Nə təklifdi ə, o elə? – Ağsaqqalların ən zayı dilləndi.
Tülkü sevincək:
- Canlara dəyən biri var, - deyib quyruğunu buladı. - Təzə gəlib bizim tərəflərə. Sizdən yaxşı olmasın, qızıl kimi xasiyyəti var. Çox mülayim, ağlı iti, ədəbi ərkanlı, başı aşağı, sakit, tədbirli, ləyaqətli, dəyanətli, ən əsası köklü-köməcli, əsil-nəcabətli bir ali zatdır... Dədə-babadan şah nəslindəndir. Heç kimi tanımır deyə heç kimlə düşmənçiliyi yoxdur. Kimsəni incitməz. Özü də ki aləm, iki göz istəyir tamaşa eləsin. Yemə-içmə, səhərdən axşamacan xətti-xalına, gül-camalına tamaşa elə... Əsil sizləri təmsil etməyə layiq vücud.
Bunu eşidən dişilər hayıl-mayıl oldular. Hamısı bir ağızdan xəbər aldı:
-O kimdi? Adı nədir? Cavandı? Yaraşıqlıdı? Hardadı?
Tülkü özünü əhəmiyyətli göstərməyə çalışaraq ağır-ağır dedi:
- Çox uyğundur... Layiqdir... yaxşıdır... Adı da özü kimi şirindir... Eee... “Qaqqa can” deyərlər ona. Çağırım gəlsin özünüz baxın. Görün necə mərifət sahibidir.

Bəh, bəh! Tülkü “Qaqqa can” dediyi Çaqqalı çəkdi ortalığa.
Bu dəfə erkəklər də heyran qaldılar. Bu nədir, ilahi! Biz niyə indiyəcən bu gözəl heyvanı tanımamışıq?
Bəli, Çaqqal nə Çaqqal! Gün işığında tükləri bərq vururdu, par-par yanırdı. Tülkü onun hər əzasını bir rəngə boyamışdı. Qulaqları sarı, dodağı qırmızı, gözləri yamyaşıl, sol kürəyi dama-dama, sağ tərəfi halqalı, qarnı zolaqlı, qolları çil-çil, pəncələri bəmbəyaz, dırnaqlar zərli, qurşağı çəhrayı sarıqlı, boynunda güllü naxış...
-Baxın, qardaşlar, - dedi Tülkü. – Budur o nümunəvi vücud, baxın, baxın, diqqətlə baxın. Siz onda həşəmətli Pələngin zolaqlarını, əzəmətli Şirin yallarını, hörmətli Qurdun dırnaqlarını, müdrik İlanın naxışlarını, Vaşaqın xallarını, Maralın duruşunu görürsünüz, dostlar... O hamını əvəz edə bilər, hamını təmsil edə bilər, hamının sözünü deyər.
Bəli, Tülkü Çaqqalı elə bəzəyib-düzəmiş, elə rəngləyib naxışlamışdı ki, namizədliyi şıppıltıyla keçdi. Heyvanlar fikirləşdilər ki, indiyəcən hərəmizin bir əyər-əskiyimiz olub, hərədə bir pislik var, hamı hamının zibilini bilir. Bu isə təzədir, özü çox qəşəngdir, tərtəmiz gül kimidir; həm də naməlumdur, müəmmalıdır, onun haqqında heç kim heç nə bilmir, o da bizi tanımır. Əsil şahlığa layiqdir. Qoy camaatın başı onun haqqında əfsanələr qoşmağa qarışsın, işlərinə qarışmasınlar.
Qısa məsləhət-məşvərətdən sonra Çaqqal oldu hökmdar “Qaqqa şah”!
Vəzir məsələsinə gələndə təzə padşah astadan yastı-yastı dedi ki, möhtərəm ağsaqqalar, mən hələ buraları əməlli tanımıram, ona görə də izn verin ilk dövrlər hörmətli Tülkü bəy mənə bələdçilik eləsin, vəzirim olsun, sonrasına özünüz baxarsınız.

Sonrasına ta nə baxacaqlar? Kimin nə haqqı var padşahın qərarını dəyişsin?
Bah-bah! Başladı nə başladı. Ay bu təzə padşaha təzə imarət tikilsin! Ay onun cah-cəlalı durmadan artırılsın! Ay onun təamları məxsusi seçilsin! Ay onun lap...
Nə isə, təzə padşah gündə bir ziyafətə qonaq çağırıldı; təzə padşahın hər sarsaq kəlməsinə müdrik kəlam dedilər; köhnə salnaməçilər ona təzə mədhiyyələr qoşdular; daha nə oyunlardan çıxmadılar...
Tülkü beləcə Çaqqalı əməlli-başlı adam eləyib ortalığa çıxartdı. Özü də təhlükədən sovuşub kef-damaq içində yaşamağa başladı. Amma...
Yenə günlərin bir günündə, məşhur Məmmədnəsir tinində, təzə padşahla növbəti ziyafətlərin birində yeyib-içməkdə idilər. Təzə padşahın sağlığına badələr qaldırılırdı. Onun şəninə təriflər söylənirdi, başından qızılgül ləçəkləri, ətirli söz zərrələri səpələnirdi. Onun tüklərinin rəngi, belinin naxışı, bərbəzəkli əndamı haqqında ağızdolusu danışır, bu cür yetkin məxluqun hələ tarixində yaranmadığını deyir və məlum edirdilər ki, bu dərənin ala-bəzək padşahının sorağı bütün qonşu dərə-təpələrə yayılıb və hamı həsəd, paxıllıq, kin-küdürət içində yanıb-yaxılır. Digər padşahlar bu qeyri-adi padşahın görüşünə gəlmək üçün çaparı çapar dalınca göndərir, elçini elçiyə qoşur, ənamı ənama calayırdılar. Münəccimlər göydə təzə peyda olmuş “Qaqqacan” bürcündən xəbər verir, salnaməçilər eradan əvvəlki “Qaqqacanlar” sulaləsinin yüksək şahanə mənsəbini bəyan edir, loğmanlar bu nəslin alicənablığını onlardakı ali zatlara məxsus saf və təmiz qanla bağlayırdılar.
Bütün bu əllamələrə qulaq asan qoca Tülkü isə üç cüt bir tək bığının altından gülümsünə-gülümsünə “heyvanına şükür!” deyib Çaqqala göz vururdu. Onlar heç gözləmədikləri bir nəticə görüb firavan ömür sürür, dövran keçirirdilər.

“Bay, sənin zatına lənət, gəda! Bədəsil oğlu bədəsil, sən nə danışırsan? Qoy oturdmuşuq yerimizdə!”
-Yox, qardaş, mümkün deyil...
-Niyə axı? – heyrətdən Tülkünün gözləri bərəldi.
-Bilmirəm, məndən asılı deyil - ulamaq istəyirəm. – Çaqqal bir də təkrar elədi.
- Sən nə danışırsan?! Ulamaq???
-Hə... Ta dözə bilmirəm.
-A kişi, tanrıya bax, dön bir bu məclisə bax, heç hənanın yeridi?
-Neynim Tülkü lələ, gör neçə müddətdi dözürəm. Amma axı mən həmişə yaxşı yeyəndən sonra mütləq ləzzətlə ulamalıyam! İndi də kefim lap yuxarıdır... Ulayacam.
-A kişi, sən bu boyda mal-dövlət sahibisən, dərəni idarə edirsən, özünü ələ al, sənin kəlmən kitaba yazılır. Sən tarixdə dədə-babanın görmədiyi bir ali zat sayılırsan, hamı sənə hörmət edir, qulluğunda durur. Nə elədiyindi? Sən ulasan Çaqqal olduğunu bilib bizi cırarlar...
- Dözə bilmirəm axı...
- Sən dədənin göru dinmə. Qadan alım, sənin kim olduğunu bilsələr... mən məhv oldum.
- Sən özün bilərsən... Mən dözəmmirəm... “Uuuuuuu!!!”
Padşah budu ha uladı:
- Uuuuuuuu!!!
Qonaqlığa toplaşanların tikəsi boğazında qaldı. Şir, Pələng, Bozqurd, Ayı heyrətdən dondu. Hamının gözü bərəldi.
- Çaqqal?!
- Bu ki Çaqqaldır?!
- Zatıqırıq oğlu, zatıqırıq!
-Bu alçağı kim çıxarıb yuxarı başa?!
Heyvanlar yerlərindən dik sıçradılar.
Tülkü bircə kəlmə deyə bildi:
-Tfu, zatına lənət! Demədim ulama?
Bayaq dörd bir tərəfdən cuman nəhəng heyvanlar pəncələrini atıb ala-bəzək “padşahı” parça-parça elədilər, elə dağıtdılar tikəsi ələ gəlmədi.
-Ayə, ordan saman gətirin, - deyib Tülküyə tərəf döndülər, amma qarışıqlıqda Tülkü qalardımı?
Tülkü bayaqdı ha: “Çaqqal oğlu çaqqal” deyib gözdən itmişdi...

(1989)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir