Modern.az

Cavid Qurbanov: "Bu, Azərbaycanın növbəti böyük qələbəsidir" - MÜSAHİBƏ

Cavid Qurbanov: "Bu, Azərbaycanın növbəti böyük qələbəsidir" - MÜSAHİBƏ

Aktual

21 Fevral 2013, 15:33

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibə verib. Modern.az saytı həmin müsahibəni təqdim edir.

- Cavid müəllim, ölkənin, o cümlədən Bakı şəhərinin nəqliyyat infrastrukturunun qurulması üzrə perspektiv planlarınız nədən ibarətdir?

Yüksək inkişaf dövrünü yaşayan Azərbaycan Respublikası çox qısa bir zaman ərzində regionun lider dövlətinə çevrilib. Bu möhtəşəm nailiyyətlər, xüsusən də təməli ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı və mərhələ-mərhələ reallaşdırılan ümumi inkişaf konsepsiyası dayanır.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsində də geniş islahatlar aparıldı. Bunun ən bariz nümunəsi 5 avqust 1998-ci ildə Nəqliyyat Nazirliyinin təsis edilməsi, 23 iyun 2003-cü ildə Nəqliyyat Nazirliyinin tərkibində “Yolnəqliyyatservis” Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılması və fəaliyyətinin təmin edilməsi olmuşdur.

Təkcə İpək Yolunun bərpası layihəsini xatırlatmaq kifayətdir ki, bu beynəlxalq əhəmiyyətli layihənin reallaşması ulu öndərimizin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə “Tarixi İpək yolunun bərpasına həsr edilmiş Beynəlxalq Konfrans” 1998-ci il sentyabrın 8-9-da Bakıda keçirilmişdir. 32 ölkənin və 13 beynəlxalq təşkilatın səlahiyyətli nümayəndələrinin iştirak etdiyi konfransda “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsi üzrə beynəlxalq nəqliyyat haqqında “Bakı deklorasiyası” qəbul olunmuşdur. Bu sənədin ərsəyə gəlməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.

Ulu öndərin yol nəqliyyat kompleksində başladığı inkişaf strategiyası Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2003-cü ildən sonra ardıcıl və sistemli tədbirlər davam etdirildi. Ölkə başçısının 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətin təşkilati-hüquqi forması dəyişdirilərək, Nəqliyyat Nazirliyinin tabeliyində “Azəryolservis”Açıq Səhmdar Cəmiyyətinin yaradılması ölkənin yol infrastrukturunun öz inkişafının yeni mərhələsinə qədəm qoyması istiqamətində mühüm addım oldu. Qeyd edim ki, 22 fevral tarixini Avtomobil yol işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Fəxrlə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı nəqliyyat-yol sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. Ölkə başçısının respublikamıza rəhbərlik etdiyi dövrlər ərzində bu sahədə baş vermiş dəyişikliklərlə yanaşı, böyük nailiyyətlər əldə olunmuşdur .

- Cavid müəllim, fevralın 12-də Prezident İlham Əliyevin sədrliyilə müşavirə keçirildi. Həmin iclasda dövlət başçısı yolların çəkilişi və bərpası ilə bağlı da bir sıra göstərişlər verdi. Bu məsələdən irəli gələrək hansı işlərin görülməsi planlaşdırılır?

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli Sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və 2011-ci il 04 may tarixli 1490 nömrəli Sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə Tədbirlər Planı təsdiq edilmişdir.

Regionların sosial-iqtisadi inkişafı Proqramının icrası ilə əlaqədar Respublikamızın qonşu dövlətlərlə nəqliyyat əlaqəsini təmin edən, Böyük İpək yolu marşrutuna daxil olan Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi, Şimal-Cənub nəqliyyat dəhlizinə daxil olan Bakı-Gəndob- Rusiya Federasiyası ilə dövlət sərhədi və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yollarının birinci texniki dərəcəyə uyğun tikilməsi, ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması, təmiri və asfaltlaşdırılması, yeni yolların çəkilməsi, körpülərin tikintisi istiqamətində silsilə tədbirlər həyata keçirilir.

Bakı şəhərinin və qəsəbələrinin nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədilə hal-hazırda Bilgəh-Novxanı-Sumqayıt, Buzovna-Mərdəkan-Qala, Qala-Şüvəlan-Pirallahı, Zabrat-Maştağa-Buzovna, Zabrat- Kürdəxanı - Pirşağı, Zığ dairəsi-Heydər Əliyev Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yollarının, Qələbə meydanında, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli, Böyük Şor, Müzəffər Nərimanov küçələri ilə kəsişməsində, prospektin Əbdül Vahab Salamzadə, Alı Mustafayev, Hüseynbala Əliyev küçələri ilə birləşməsində müxtəlif səviyyəli yol qovşaqlarının, Babək prospektində, Müzəffər Nərimanov və 5-ci Köndələn küçələrinin Heydər Əliyev prospekti ilə kəsişməsində, Atatürk prospektində, Alı Mustafayev küçəsində piyada keçidlərinin tikintisi işləri sürətlə davam etdirilir.

Növbəti illərdə nəzərdə tutulan işlər daha böyükdür. Belə ki, yaxın bir neçə ildə Bakı şəhərində müxtəlif səviyyəli yol qovşaqlarının, piyada keçidlərinin tikintisi, qəsəbə və kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin təmiri nəzərdə tutulub. Bu sırada yol işçilərindən qarşıdakı illərdə daha yüksək işgüzarlıq tələb olunur. Ona görə də tapşırıqları vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirmək üçün ilin ilk günlərindən işlərin intensiv şəkildə aparılmasına başlanılıb. Fəaliyyətində daim dövlət başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutan yol işçiləri qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirmək üçün bütün qüvvə və bacarıqlarını sərf edəcək.

- Məlum olduğu kimi, 2015-ci ildə Azərbaycanda I Avropa Oyunları keçiriləcək. Bununla əlaqəli olaraq, ölkəmizə 10 minlərlə idmançılar və turistlər gələcək. Məhz, həmin vaxt nəqliyyat probleminin olmaması üçün hansı işlər görüləcək?

Qeyd edim ki, 2015-ci ildə ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi ölkəmizin və Azərbaycanın növbəti böyük qələbəsidir. Təbii ki bu qələbə ölkə başçısının cənab İlham Əliyev apardığı çox sahəli siyasətin məntiqi nəticəsidir.

I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalamışdir. Sərəncama əsasən - Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva təşkilat komitəsinin sədri təyin olunmuşdur və müvafiq dövlət qurumların rəhbərləri təşkilat komitəsinin üzvləridir. Bu istiqamətdə aparılan işlər I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradacaqdır.

I Avropa Oyunları zamanı Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması üçün 2013-2014-cü illərə dair tədbirlər planının layihəsi artıq hazırlanır və yaxın zamanlarda hazır olacaqdır.

Tədbirlər Planına uyğun olaraq Bakı Olimpiya stadionuna və digər idman obyektlərinə gedən əsas yolların genişləndirilməsi və bərpası, burada yeni bağlantıların və qovşaqların inşası, şəhərətrafı istirahət zonalarına gedən yolların genişləndirilməsi və yeni yolların tikintisi, bütün yolların xətlənməsi və yol nişanlarının qoyulması, əsas magistral yolların tikintisinin yekunlaşdırılması işləri görüləcəkdir.

Əsas tədbir və oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi əsas məsələlərdən biridir və bu məqsədlə hazırda Ziya Bünyadov prospektinin yenidən qurulması və prospekt üzərində yol qovşaqlarının tikintisi başa çatdırılması. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel olan Həsən Əliyev küçəsinin sonundan Keşlə stansiyasına və Ziya Bünyadov prospekti üzərindən Olimpiya Stadionuna birbaşa yolun tikintisi, Buzovna-Mərdəkan-Qala, Qala-Zığ şosesi bağlantısı başa çatdırılması, Şəfa stadionunun qarşısındakı tunel və yeraltı piyada keçidi, Maştağa-Buzovna yolu, Qələbə meydanı qovşağı bu il istismara verilməsidir. Sadalanan bu yollar Olimpiya Oyunları zamanı nəqliyyatın əsas marşrutlarını əhatə edir. Bundan başqa şəhərin digər mövcud yollarında da təmir-bərpa və genişləndirmə işləri aparılacaqdır.

2012-ci ildə Bakı şəhərində Avroviziya mahnı müsabiqəsi keçirilən zaman şəhərin bir sıra prospekt və küçələrində avtonəqliyyat vasitələrinin parklanması qaydalarına ciddi nəzarət edilməsi nəqliyyat tıxaclarını tamamilə aradan qaldırmış və normal hərəkət şəraiti yaratmışdı. Nəqliyyat Nazirliyinin strukturları ilə müvafiq dövlət qurumların birgə fəaliyyəti nəticəsində tədbir çox yüksək səviyyədə keçirilmişdir. Bu bizim üçün çox faydalı təcrübə olmuşdur, və bu təcrübədə biz I Avropa Oyunları keçirilən zamanı faydalanacağıq.

- Cavid müəllim, sonuncu sualımızı partiyamızla əlaqələndirmək istərdik. Bildiyiniz kimi, bu yaxınlarda YAP-ın 600 mininci üzvünə də vəsiqə verildi. Ümumi konteksdə Yeni Azərbaycan Partiyasının Azərbaycanın həyatındakı rolunu necə qiymətləndirirsiniz?

Əlbəttə ki, təkzibolunmaz faktdır ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın hərtərəfli şəkildə inkişaf etdirilməsi işində böyük rol oynayır. Xüsusilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası sosial sifariş əsasında yarandığı kimi, bu gün də böyük sosial dayağa malikdir və insanların rihafı naminə genişspektrli fəaliyyət sərgiləyir. Bu mənada əminliklə demək olar ki, YAP üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir və müasir siyasi təşkilat olaraq, funksiyalarını yerinə yetirir.

Bir faktı da nəzərə almaq lazımdır ki, YAP müasir Azərbaycan Respublikasının dayanıqlı, sabit və dinamik inkişafına səbəb olan bitkin dövlətçilik konsepsiyası hazırlayıb. Məhz, hazırda Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsində öz əksini tapmış prinsiplərin reallaşdırılması nəticəsində bugünkü sürətli inkişaf edən, rəqabətədavamlı və stabil iqtisadiyyatı, siyasi şüur və siyasi mədəniyyəti yüksələn vətəndaşları olan, plüralizmin öz əksini tapdığı demokratik siyasi sistemə, vətəndaş cəmiyyətinə, mükəmməl işləyən sosial-siyasi institutlara malik Azərbaycan qurulub.

Yeni Azərbaycan Partiyası yalnız daxili siyasətə əsir edən faktorlarla deyil, həmçinin, ölkənin xaricdə imicinin yüksəldilməsinə, əlaqələrinin genişləndirilməsinə, xalqımızın həyatında yaşanmış acı hadisələrlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında əhəmiyyətli işlər görür. Təkcə, YAP-ın Avropa Xalqları Partiyasının və İCAPP-ın fəaliyyətində öz dəsti-xəttilə seçilməsi, Avrasiya geosiyasi məkanın aparıcı siyasi partiyalarının da yekdilliklə qəbul etdiyi təkliflər verməsi, partiyamızın iştirakı ilə Bakı şəhərində qlobal əhəmiyyətli tədbirlərin təşkil edilməsi söylənilənləri isbatlayır.

Bununla yanaşı, əlbəttə ki, YAP-ın ölkə daxilindəki nüfuzu haqqında da danışmaq lazımdır. Qeyd etdiyiniz kimi, hər zaman ictimai nəbzi tutan, cəmiyyətimizin tələblərinə tam uyğun gələn təkliflər verən YAP artıq 600 min üzvü olan iri siyasi təşkilata çevrilib. Bu bəlkə də, kimlərsə üçün adi statistik rəqəm ola bilər. Amma həqiqət ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən tam dəstəklənir. Bunu sübuta yetirən faktlar isə 1993-cü ildən bu günə qədər keçirilmiş seçkilərin nəticələridir. Keçirilmiş 4 prezident, 4 parlament, 3 bələdiyyə və 2 referendum prosesində YAP-ın irəli sürdüyü namizədlər və təkliflər xalqın böyük əksəriyyəti tərəfindən tam dəstəklənib. Cərəyan edən prosesləri də təhlil edərkən, bir daha əmin olursan ki, bundan sonra da eyni mənzərənin, eyni dəstəyin şahidi olacağıq.

Söylənilənləri nəzərə alaraq, bir daha əminliklə demək olar ki, YAP Azərbaycanın siyasi tarixinə düşən, Azərbaycan xalqı və dövlətçiliyi qarşısında duran tarixi missiyasını yerinə yetirən yeganə siyasi partiyadır. Ona görə də, Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi YAP bundan sonra da cəmiyyət daxilində öz nüfuzunu saxlayacaq və hər dəfə olduğu kimi xalqın dəstəyilə bütün seçkilərdən möhtəşəm qələbələrlə çıxacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir