Modern.az

Hadı Rəcəbli: ““Veteranlar haqqında” Qanuna belə bir əlavə etmişik...”

Hadı Rəcəbli: ““Veteranlar haqqında” Qanuna belə bir əlavə etmişik...”

Aktual

21 Fevral 2013, 17:43

“Veteranlar haqqında” Qanuna əlavələrlə bağlı sabah Milli Məclisin plenar iclasında 7 qanuna dəyişiklik ediləcək”. Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət Komitəsinin sədri, millət vəkili Hadı Rəcəbli deyib. ““Veteranlar haqqında” Qanuna əlavə və dəyişikliklərdə veteranlara sosial xidmətin göstərilməsi məsələsini ehtiva edilib”.

H. Rəcəbli qeyd edib ki, veteran məfhumu geniş olduğundan bu dəyişiklik yalnız qayğıya ehtiyacı olan və sosial durumu ağır olan veteranlara şamil olunacaq. “Qanuna belə bir əlavə etmişik: müvafiq icra hakimiyyəti orqanları, dövlət qurumları və digər təşkilatlar veteranların həyat və məişəti üçün lazımi şərait yaratmaq məqsədilə sosial xidmət müəssisələri, habelə sosial xidmətin göstərilməsini təşkil edirlər. Digər bir əlavə; veteranlara “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq sosial xidmət göstərilir. Məsələn, adam evində yuyuna bilmirsə, gəlib onu çimizdirirlər, onun üçün bazarlı edirlər, paltarını yuyub, ütüləyirlər və s. Yəni bu insan özü özünü idarə edə bilmir və yaxında da ona kömək edəcək nə qohumu, nə tanışı varsa, onun üçün sosial-məişət xidməti təşkil olunur”.

Deputat bildirib ki, əvvəllər veteranlar sosial xidmətə aid edilməmişdilər, amma indi sosial xidmətə veteranlar da cəlb olunurlar. “Sosial durumu ağır olan ailələrdə, məsələn, ailədə iki və ya üç əlil uşaq varsa, eyni zamanda qadın da işləyə bilmirsə, ola bilsin ki, bu qrupa da hansısa müavinət verilməsi və s. həyata keçsin. Ümumiyyətlə, sosial xidmətlərlə bağlı bu il Azərbaycanda köklü dəyişiklər olacaq”.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var