Modern.az

Dünyada Xocalı soyqırımı anılır

Dünyada Xocalı soyqırımı anılır

Aktual

21 Fevral 2013, 17:48

Hər il olduğu kimi, Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar dünyanın bir sıra ölkələrində faciə qurbanlarının xatirəsi anılır, qətliamın dünya ictimaiyyətinə tanıdılması və qəbul etdirilməsi istiqamətində müxtəlif tədbirlər keçirilir. Bəzi ölkələrdə Azərbaycan diasporunun və səfirliklərin xətti ilə Xocalı qətliamının 21-ci ildönümünə həsr olunmuş tədbirlərə artıq start verilib.  

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu il Amerika Birləşmiş Ştatları, Kanada, Latın Amerikası ölkələri, Avstraliya və yeni Zelandiya da daxil olmaqla dünyanın 30-dan çox ölkəsində Xocalı faciəsinin qurbanları yad edilir.

Belə ki, Almaniyanın paytaxtı Berlində Xocalı soyqırımına həsr olunmuş dəyirmi masa, konfrans keçirilib. Fevralın 20-də isə Misirin paytaxtı Qahirədə Xocalı faciəsinə həsr edilmiş sənədli filmlərin nümayişi olub. Ukraynanın paytaxtı Kiyevdə soyqırımla əlaqədar qanvermə aksiyası başlayıb. Fevralın 25-də isə Kiyevdə BMT və ATƏT nümayəndəliyi önündə mitinq keçirilməsi nəzərdə tutulur. Ölkənin Odessa, Dnepropetrovsk, Poltava, Luqansk, Nikolayev, Vinnitsk, Donetsk, Lvov, Sevastopol şəhərlərində fevralın 26-dək Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı dəyirmi masa, anım mərasimi, konfransların təşkil olunacaq.

ABŞ-ın Los Anceles şəhərindəki təhsil ocaqlarında fevralın 19-dan Xocalını anım həftəsi başlayıb. 20-ci əsrin insanlıqdan uzaq cinayəti – Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimləri ABŞ-ın Vaşinqton, Hyuston, Mayami, San-Fransisko, San- Xose, Los-Anceles kimi şəhərlərində təşkil olunacaq. Fevralın 26-da isə Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında etiraz aksiyası planlaşdırılır. Həmin gün, həmçinin, Nyu-Yorkda “Pax Turcica” sistemi vasitəsi ilə  Türk və Azərbaycan icma üzvləri tərəfindən müvafiq yerli və federal orqanlara Xocalı soyqırımının tanınması məqsədi ilə  məktubların göndərilməsi nəzərdə tutulub.

Fevralın 26-da Kanadanın Toronto, Monreal, Hamilton, Vankuver şəhərlərində də Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək.

Türkiyənin İzmir, İstanbul, Əskişəhər, Adana, Yalova kimi şəhərlərində Xocalı mövzusunda konfranslar, fotosərgi və yürüş təşkil olunacaq. Fevralın 26-da Ankarada Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Əskişehir Azərbaycanlılar Dərnəyinin beş nəfərlik nümayəndə heyətinin Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) nümayəndə heyəti ilə birlikdə  Türkiyə Böyük Millət Məclisi nümayəndələri ilə görüşü olacaq.

Gürcüstanda “Xocalı ayı” çərçivəsində fevralın 26-dək ölkənin  Kvemo-Kartli bölgəsində və paytaxt Tbilisidə Xocalı qətliamına həsr olunmuş kitablar, foto-audio materiallar, sənədli və bədii filmlər nümayiş etdiriləcək. Fevralın 26-da Tbilisinin mərkəzi küçələrində yürüş təşkil olunacaq.

Xocalı qətliamının qurbanları Almaniyada da yad ediləcək. Berlin, Hannover, Hamburq, Frankfurt, Drezden, Potsdam də fevralın 22 və 23-də anım mərasimləri fotosərgi, konfrans və etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur. Maqdeburq şəhərində isə Xocalı soyqırımına həsr olunmuş avtomobil yürüşünün təşkili planlaşdırılır. Fevralın 26-da Berlində soyqırımın 21-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriləcək.

İsveçin paytaxtı Stokholmda isə Xocalı soyqırımının ildönümü ilə bağlı etiraz aksiyasının keçirilməsi isə fevralın 23-də baş tutacaq.

Belarusun paytaxtı Minskdə də fevralın 23-də Xocalı faciəsinə həsr olunmuş anım mərasimi, dəyirmi masa və konfransların keçirilməsi gözlənilir.

Fevralın 24-də Qazaxıstanın paytaxtı Astanada və bütün vilayətlərdə Xocalı soyqırımının qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi və “Xocalı xatirəsi” mövzusunda elmi-praktik konfrans keçiriləcək.

Rusiyada Xocalı soyqırımının təbliği məqsədilə Ümumrusiya Azərbaycanlıları Konqresinin  (ÜAK) saytında, mətbu orqanı “ Azerbaydjanskiy Konqres” qəzetində və digər kütləvi informasiya vasitələrində  Xocalı soyqırımının iyirmi birinci ildönümünə həsr edilmiş materialların dərci planlaşdırılıb. Fevralın 26-da Rusiya paytaxtında xatirə gecəsi təşkil olunacaq.

İsrailin paytaxtı Tel-Avivdə fevralın 25-də Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Tel-Aviv Universitetində foto “Justice for Khojaly” (“Xocalıya ədalət”) adlı fotosərgi olacaq.

Qırğızıstan paytaxtında isə Türk Manas Universitetində Xocalı faciəsi Vahid Mustafayevin “Xoca” filmi ilə anılacaq.

Meksikada, Belçikanın paytaxtı Brüsseldə, Niderlandın paytaxtı Amsterdamda, Rotterdam, Haaqa şəhərlərində, Moldovada, Danimarka, Polşa, Estoniya,  Litva, Rumıniya, Çexiyada fevralın 26-da Xocalı faciəsinin qurbanları anılacaq, dəyirmi masa və konfranslar keçiriləcək.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar