Modern.az

Zəlimxan Məmmədli hiddətləndi: “Bunu ağlı topuğunda olan adam edər”

Zəlimxan Məmmədli hiddətləndi: “Bunu ağlı topuğunda olan adam edər”

Aktual

22 Fevral 2013, 09:55

“Bu məlumatlar dezinformasiya ola bilər. Bu qənaətə gəlmişəm ki, bu bir kampaniyadır. Mən Gürcüstandakı dinamikanı izləyirəm. Bu xəbərlərin kimlə bağlı olduğunu da bilirəm. Gəlib siyasi mənbəyə söykənir. Ancaq rəsmi olaraq bu haqda mənim əlimdə dəqiq fakt yoxdur”. Bunu Modern.az saytına açıqlamasında “Borçalı” cəmiyyətini sədri Zəlimxan Məmmədli Moskvada yaşayan iş adamı Söyün Sadıqovun Gürcüstanda “Borçalı” Partiyası yaratması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Z.Məmmədlinin sözlərinə görə bu addım Gürcüstanla Azərbaycan arasında münasibətlərin pozulmasına gətirib çıxara bilər. Cəmiyyət sədri onu da qeyd edib ki, əlaqələrin pozulması mahiyyətcə bu ideyanı həyata keçirən qüvvələrin iddialarının gerçəkləşməsinə münbit ideal şərait yaradır.

“Son 25 ildə Borçalı türklərini Rusiyanın siyasi maşını, o cümlədən İran tərəfdən separatçılığa təhrik etmək cəhdləri olub. İndi isə Azərbaycanın və Gürcüstanın kövrək bir zamanında belə bir təfəkkürün meydana gəlməsi, adlı partiya yaradılması təşəbbüsü varsa belə, bunlar avantüradır. Bu, Cənubi Qafqazı çökdürmək üçün yürüdülən siyasətin tərkib hissəsidir”.

Zəlimxan Məmmədli bildirib ki, separatçılığa yönəlik partiya yaradılması Avropanın enerji təhlükəsizliyi üçün də böyük riskdir. Bununla yanaşı, iki ölkə arasında soyuq əlaqələrin yaradılması məqsədilə yürüdülən bu siyasətin qarşısı “Borçalı” cəmiyyəti tərəfindən alınacaq.

“Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığına xələl gətirən ixtiyari bir addım bizim tərəfdən qətiyyətlə qarşılanacaq. Bu politikanın konkret halda Borçalı türklərinin gələcəyi ilə bağlı heç bir yeri ola bilməz. Bu mərhələdə bölgədə barış və sülh ciddi təhdid altına düşə bilər. Soydaşlarımız bu təxribatlara uymamalı, Gürcüstana milli dövlət olaraq baxmalı, o cümlədən konstitusion hüquqlardan istifadə etməklə siyasi hakimiyyət uğrunda mübarizə aparmalıdırlar. Həm də Söyün Sadıqovun bu qərarı Azərbaycanı ağır duruma salmaq deməkdir. Bu ideyanın cəmiyyətdə yeri yoxdur. Bunlara sual verən lazımdır ki, “heç hənanın yeridir”? Bu avantüra haradan qaynaqlanır? Kremlin siyasi iddiasıdırsa, avantüradır. Digər tərəfdən ağlı topuğunda olan adam olmalıdır ki, belə bir zamanda bölücü bir təfəkkürü ortaya atsın”-deyə Z.Məmmədli vurğulayıb.

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!