Modern.az

35 saylı seçki dairəsində: seçicilər İqbal Ağazadənin fəaliyyətini necə qiymətləndirirlər?

35 saylı seçki dairəsində: seçicilər İqbal Ağazadənin fəaliyyətini necə qiymətləndirirlər?

5 Mart 2010, 16:44

“525-ci qəzet» və Modern.az saytının «Deputat vədi» adlı birgə layihəsi çərçivəsində əməkdaşımız Ümid Partiyasının sədri, Milli Məclisin üzvü İqbal Ağazadənin deputat seçildiyi 35 saylı Xətai rayon Seçki Dairəsində olub, onun fəaliyyətinə seçicilərin münasibətini öyrənib. Xatırladaq ki, İqbal Ağazadə 2005-ci il seçkilərində bu dairədə 21 namizədi arxada qoyaraq deputat seçilib.

 

"Mənzil İstismar İdarəsinə təsir etsin, sözü keçəndir"

Seçki Dairəsinin ərazisində öncə yolumu Şıxlınski küçəsində saldım. İlk həmsöhbətim Şıxlınski küçəsi 37 ünvanının sakini Tamilla Quliyeva adlı seçici oldu. O, həm də bu küçədə kiçik ticarətlə məşğul olur. Tamilla xala elə bil bizi gözləyirdi. İlk dediyi söz bu oldu: “Əgər dediklərimi doğrudan da deputat oxuyacaqsa, onda qoy danışım. İnsanların dolanışığı çox ağırdır. Bax mən axşama qədər çörəkpulu xatirinə burada otururam. Qazancım nədir ki, guya. Amma məcburam. Oğlumun ailəsinə də mən baxıram. Gəl ki, bu kanalizasiya iyisi məni birtəhər edir. Bizim küçədə knalizasiyalar tez-tez daşır. Murdar suyun içində yaşayırıq. Heç kim buna dözməz. Deputatdır, gəlib baxsın da… Mənzil İstismar İdarəsinə təsir etsin, sözü keçəndir. Amma heç onu da eləmir. Gözümün qabağında hər ay neçə adamı maşın vurur. Körpələr yedəyimizdə qalıb. Küçələrin səkisi yoxdur. Yolun ortası ilə gedib gəlirik. Boş torpaq doludur. Doldursunlar bir səki yaratsınlar. 62 saylı marşrutun axırına qədər küçənin ortası ilə getmək olar? Özü də gün ərzində nə qədər adam bu marşrutdan istifadə edir. Heç maraqlanan var ki? Xahiş edirik gəlsin bir baxsın”.

Bu küçənin sakini Rahilə Hacıyeva da deputatın diqqətsizliyindən şikayətləndi: “Bizim deputat problemlərimizlə maraqlanmır. Bir-iki dəfə yanına getmişəm, heç qəbuluna da düşə bilməmişəm. Elə deyirlər ki, hər şənbə qəbuldu. Amma bir nəfər də demir ki, hardadır, saat neçədədir. Deputatlar ancaq seçiləndən-seçilənə gəlib bizi yada salırlar. Gəlinim Füzulidəndir. Burada öz evimizdə qeydiyyata aldırmaq istəyirik, amma icazə vermirlər. Həyətdə oturmağa yerimiz yoxdur. 37 binanın bir parkı yoxdur ki, yayın istisində oturub nəfəs alaq. 300 ailə yaşayır burada. Yaşıllıq salmaqdansa, əksinə ağacları kəsirlər, boş yerləri də kiməsə satırlar ki, yeni binalar tiksinlər. Təzədən nəyini seçək? Bir dəfə adamları gəlmişdi. Onda tutulmuşdu. İmza toplayırdılar ki, azad olunsun. Hamı kimi biz də imza atdıq. Ondan belə heç görməmişəm”. 

 

Gəncə prospekti 53/63 ünvanında yaşayan sakinlərin də deputata deyəcəkləri sözləri çoxdur: “Birinci dəfə seçiləndə səs verdik, fikirləşdik ki, nəsə eliyər. Heç nə eləmədi. İndi nə gözləyək? Bir İqbal Ağazadə deyil, bütün deputatlar  hamısı ona görə seçilirlər ki, pul alsınlar. Nə bələdiyyələr, nə deputatlar bir iş görmürlər. Sovetin vaxtından bu binaların istilik sistemi işləmir. Zirzəmilərimiz su ilə doludur. “Turbalar” işləmir, hamısı yenilənməlidir. Deyirik ki, əsas “turbaları” siz düzəldin, evlərinkini ayrıca özümüz təzələyərik. İki metr hündürlüyündə su var zirzəmimizdə. Sumqayııt Bakıdan balaca şəhərdir. Amma hər kvartalın qarşısında bir xeyir-şər evi var. Kömək etsinlər bizdə də heç olmasa hər 5-6 binanın birinin qarşısında belə yerlər tikək. Bu boyda binanın qabağında beş-altı ağac əkmişik. Bunu da özümüz edirik. Daha deputatı neyniyirik? Binamız təhlükəli ərazidə yerləşir. 90-cı ilin sonunda bir dəfə sürüşmə olub. Yenə də uçur. Camaat burada qışda 176 pilləkəni düşənə qədər Allah bilir nə zülm çəkir. Uşağı bağçaya ona görə aparırlar ki, vaxtını yaxşı keçirsin, oynasın. Bizim bağçaların qabağı hamısı zibillikdir. Uşaq bu natəmizlikdə neynəsin? Deputatı görəndə soruşmaq lazımdır ki, bu neçə ildə neçə dəfə camaatla görüşübsən? Bir dəfə hələ təzə seçilmişdi. Ofisləri də burada yerləşirdi. Dedilər ki, deputat şəxsən özü görüşə gəlib. Getdik heç köməkçisi yanına buraxmadı camaatı. Sözümüzü də eşitmədilər. Binanın qabağını bir metr boş yeri  torpaqla doldurub özümüz səki etmişik”.

 

Zahirə Ərzumanova adlı sakin qeydiyyat zamanı yaradılan süründürməçilikdən danışdı: “Keçən il yoldaşım rəhmətə gedib. Bir neçə aydan sonra iki ili tamam olacaq ki, hələ də mən onun yerinə də işıq, qaz, su pulu verirəm. Evi öz adıma keçirtmək istəyirəm. İcra başçısı Razi Məmmədovun dəfələrlə qəbulunda olmuşam. Gah deyir Prezident yeni sərəncam imzalamalıdır, gah deyir ki, komissiyadan keçməmisən. Qadın xeylağı məni get-gələ salıblar. Teymur adında hüquqşünas var orada, hər dəfə bir bəhanə ilə məni yola salır. Bir-iki il də keçsə ümumiyyətlə ev də əlimdən çıxacaq. Bütün qəbullara, şikayətlərə baxmayaraq hələ də evi özəlləşdirə bilmirəm. Qızım yoldaşım rəhmətə gedəndən sonra psixoloji gərginlik keçirdi. İndi elə də anlaqlı vəziyyətdə deyil. Oğlumun 18 yaşı var. İllərdir epilepsiya xəstəliyindən əziyyət çəkir. Montində qeydiyyatdadır. Amma dərmanlarını vermirlər. Əslində qeydiyyatda olan xəstələrə dərmanlar pulsuz verilməlidir. Amma hər dəfə həkim pul istəyir. Verəndə də elə verirlər ki, heç 15 günə çatmır. Amma “hörmət etsəm” bilirəm ki, artıq da verərlər. Dərmanlar hamısı od qiymətinədir. Deputat gərək hər bir seçici ilə maraqlansın. Hər halda məni get-gələ salanlara onun bir müraciəti bəs edər ki, iş həll olunsun. Heç onu da eləmir. Üç-dörd il əvvəl hamı qol çəkirdi, biz də çəkdik. Axırda da bir təşəkkürnamə məktubu göndərdi. Vəssəlam. Demirəm ki, uşağıma dərman al gətir. Amma heç olmasa gəl görüş. Problemlərimiz deyək. Bəlkə həll olundu…? Bizə iş görən adam lazımdır”. 

"

Şıxlınski"də eşitdiklərim Gəncə prospekti 109 ünvanında yaşayan sakin Xurmanaz Eyvazova isə bura qədər danışanların əksinə olaraq deputatdan razılıq etdi: “Deputat neynəməlidir? Məhəllənin su çəni axıdırdı, boru tutulubmuş. Su axıb yolu pis vəziyyətə salırdı. Sağ olsunlar gəlib həll etdilər. Əsas şikayət asfaltdan idi. Maşınlar bura qalxmırdılar. Yaxınlıqdakı dəyirmanın ağır texnikası yolu dağıtmışdı. Bu payız yeni asfalt çəkildi. Üç gün idi ki, suyumuzu pulunu ödəmədiyimiz üçün kəsmişdilər. Heç kim baxmırdı. Gecəynən İqbal müəllim gəldi maraqlandı, traktorçunun pulunu da öz cibindən verdi. Bundan artıq nə istəyək?”

 

Şıxlinski 39/a ünvanının sakinlərinin şikayəti də qeydiyyatla bağlı idi. Ələkbər Hacıyevin sözlərinə görə, dörd ildir ki, yaşadığı binada pasport qeydiyyatına düşə bilmir: “Qeydiyyata düşə bilmirik. Faktiki olaraq yaşayırıq. Vaxti ilə bina Bakı Şin zavodunun sifarişi ilə tikilib. Dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişik. Amma sənəd ala bilmirlər. Sosial Müdafiə Fondundan arayış da verilmir. Bəs biz neyləməliyik?”.

 

“Namizəd olsa, yenə səs verəcəyik, guya başqası ondan yaxşıdır?”  Şıxlinski 37/39-da yaşayan Əmirşah İbadov təkcə İqbal Ağazadəni deyil, bütün deputatları işləməməkdə günahlandırdı: “Bütün deputatlar belədir. Heç biri camaatla maraqlanmır. Kimdi seçicinin problemi ilə maraqlanan? Təki öz işləri düz gətirsin, vəzifələri artsın. Hamısı gözləyir ki, seçkini udsun. Seçildilərsə, deməli, məsələ qurtardı. Hər dəfə seçkiyə yaxın ancaq əhalinin seçkiyə getdiyi yolu asfaltlayırlar. Bununla da işlərini bitmiş hesab edirlər. Heç bilmirik ki, onların bununla heç olmasa əlaqəsi var, ya yox. Daha bilmirlər ki, qırmızı kresloda oturmaqla camaatın səsini qazanmaq olmur. Gərək iş görəsən. İqbal müəllimə qalanda bu dəfə də namizədliyini versə, yenə səs verərik. Guya başqası ondan yaxşı olacaq?". 35 saylı dairədə söhbətləşdiyim bir xeyli seçici də yuxarıda danışanlar kimi, əsasən öz şəxsi problemlərini söylədilər. Seçicilərin əksəriyyəti hələ də elə bilir ki, deputat yol çəkməli, işıq, qaz, su, kanalizasiya problemlərinin həlli ilə məşğul olmalıdır. Amma belə düşünməyənlər də var. Seçici İsmayıl Əliyev kimi. 57 yaşlı seçicinin sözlərinə görə, İqbal Ağazadəni bütün sakinlər tanıyırlar. "Ən azından televizorda görürük, bilirik ki, bəzi deputatlardan fərqli olaraq, susmur, az-çox danışandır, vətəndaşların qanuni haqları parlamentdə məsələlər qaldırır. Guya, başqası gəlib bizim şəxsi məsələlərimizi həll edəcək..? Bizə heç vaxt xeyirlisi gəlmiyib. Əslində deputatın işi bizim əleyhimizə Məclisdə qəbul olunacaq qanuna qarşı çıxmaq, sözümüzü onlara çatdırmaqdır. O da ki, İqbal müəllimin çıxışlarını tez-tez eşidirik. Savadlı insandır, gəncdir”. Seçicilərdən bir çoxu deputatı yaxşı tanıdıqlarını desələr də, onun 5 il öncə hansı vədlərlə çıxış etməsini xatırlamadılar. 

 

Əmirşah İbadov bütün deputatları işləməməkdə günahlandırır: “Heç biri camaatla maraqlanmır".

 

Şıxlinski küçəsi 37/39-da yaşayan sakinlər yayda da, qışda da bu küçədə əziyyət çəkirlər.

 

35 saylı Seçki Dairəsinin ərazisindəki küçələrdə belə ağzıaçıq quyular çoxdur. 

 

Gəncə prospekti 53/63 ünvanında yaşayanların deputata deyəcəkləri sözləri çoxdur.

 

Xətai ərazisində asfalt üzü görməyən daha bir küçə.

 

İllərdir qaza ehtiyac duyan sakinlərin yaşadığı yataqxana.

 

Seçici: ""JEK"lər, bələdiyyələr işləmirlər, hər yan zibillikdir". 

 

Tamella Quliyeva: "Kanalizasiya daşanda qoxudan burada alver edə bilmirəm".

 

Ağacları kəsib, yerində bina tikmək istəyirlər .

 

Gəncə prospekti 109-un sakinləri: "Deputat kommunal problemlərin həllində bizə kömək edir". 

 

Bu binanın sakinləri illərdir burada yaşasalar da, onları qeydiyyata almırlar.

 

Bu məktəbin təmirində deputatın təşəbbüsü olub.

 

Deputatın müraciətindən sonra burada-sürüşmə zonasında tikintiyə icazə verilməyib. 

 

Gəncə prospekti 89-da yaşayan sakinlər bu su çəninin təmirinə görə İqbal Ağazadəyə minnətdarlıq etdilər. 

 

N.Tusi küçəsi 24-də məhəllə sakinlərinə xalça-palaz yumaq üçün rahat şərait yaradılıb.

 

Sürüşmə zonasında tikinti dayandırılıb.

 

Zahirə Ərzumanova: "Oğlum əlildir, amma ona verilməli olan pulsuz dərmanları da ala bilmirik". 

  Kəmalə TOFİQQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir