Modern.az

Azərbaycanda əmək pensiyası alanların 60,6 faizi qadınlardır

Azərbaycanda əmək pensiyası alanların 60,6 faizi qadınlardır

Ölkə

5 Mart 2010, 11:01

Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, Azərbaycanda əmək  pensiyaçılarının 60,6 faizini qadınlar, 39,4 faizini kişilər təşkil edir.  

       Modern.az Fonda istinadən xəbər verir ki, Azərbaycanda 1 yanvar 2010- cu il tarixə olan dəqiq statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 2009-cu ilin əvvəli ilə müqayisədə 33 294 nəfər artaraq (2,6 faiz) 1 308 432  nəfərə çatıb. Əmək pensiyaçılarının  39,4 faizi kişi (516 142 nəfər), 60,6 faizi isə qadınlardır (792 290 nəfər). Qadınlardan 389 919 nəfəri çoxuşaqlı analardır.

Bu ilin yanvarın 1-i tarixinə dövlət qulluqçusu kimi pensiya alanların sayı  10 112 nəfər təşkil edir. Ümumilikdə əmək pensiyaçılarının 133 881 nəfəri işləyən pensiyaçılar, 37 481 nəfər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərdir.

Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 311 849 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə  137 924 nəfərdir.

Əmək pensiyalarının orta aylıq məbləği isə 2009-cu ilin əvvəlinə nisbətən 5,3 faiz artaraq ilin sonuna 100,4 manat olub.

Qeyd edək ki, əmək pensiyası - “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var - yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?