Modern.az

Azərbaycanın yeni Ombudsmanı seçildi

Azərbaycanın yeni Ombudsmanı seçildi

Ölkə

5 Mart 2010, 13:05

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının yeni İnsan Hüquqları üzrə Müvəkkilini (Ombudsman) seçilib. Modern.az xəbər verir ki, deputatlar bu vəzifəyə təkrar olaraq Elmira Süleymanovanı seçiblər. Səsvermədə iştirak edən deputatlardan 106 nəfəri E.Süleymanovanı dəstəkləyib. 7 deputat onun əleyhinə səs verib. Bitərəf qalan olmayıb. Xatırladaq ki, fevralın 25-də Milli Məclisin İnsan Hüquqları Komitəsi Ombudsmanlığa namizədlərin siyahısını parlamentə tövsiyə etmişdi. Onlar üç nəfər idilər.

Ombudsman vəzifəsinə namizədlər hazırkı Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanov idi. Onların namizədliyi Konstitusiyanın 109-cu maddəsinin 14-cü bəndinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən parlamentə təqdim olunmuşdu.   Bu günkü səsvermədə Faiq Qurbanovun 3 nəfər lehinə, 66 nəfər əleyhinə olub, 18 nəfər bitərəf qalıb, 2 nəfər səsvermədə iştirak etməyib. Teymur Məlikaslanovun namizədliyi səsverməyə çıxarıldıqda onun lehinə 9, əleyhinə 59 deputat səs verib. 23 nəfər bitərəf qalıb. Köhnə-təzə Ombudsman Elmira Süleymanova 1937-ci ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib. Kimya elmləri doktoru, professordur. 1990-1994-cü illərdə Azərbaycan Qadınlar Cəmiyyətinin sədr müavini olub. 1994-cü ildən “Qadın və İnkişaf” Elmi-Praktiki Mərkəzinə rəhbərlik edib. Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsinin və onun nəzdində uşaqların liderlik məktəbinin yaradıcısıdır, uşaq haqları üzrə milli koordinator olub. 2001-ci ildə Azərbaycanda ahıllar üçün ilk resurs mərkəzini yaradıb. 2000-2002-ci illərdə Prezident yanında Əfv Məsələləri Komissiyasının, 2000-2006-cı illərdə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü olub. 2002-ci il iyulun 2-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili seçilib. Beynəlxalq Ombudsmanlar İnstitutunun və Avropa Ombudsmanlar İnstitutunun üzvüdür.

Modern.az
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi