Modern.az

Magistraturaya qəbul qaydalarında dəyişiklik edilib

Magistraturaya qəbul qaydalarında dəyişiklik edilib

5 Mart 2010, 13:53

İMTAHANLARIN BİRİNCİ MƏRHƏLƏSİ MAY AYINDA, İKİNCİ MƏRHƏLƏSİ İYUN AYINDA KEÇİRİLƏCƏK

 

2010-2011-ci il tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul qaydalarında dəyişiklik edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında belə deyib.

Məleykə Abbaszadə bildirib ki, magistraturaya qəbul imtahanı iki mərhələdə aparılacaq:

-  Birinci mərhələdə test üsulu ilə bakalavrın ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika (Azərbaycan Diplomatik Akademiyasına daxil olmaq istəyənlər üçün riyaziyyat) fənnini və xarici dili bilmə səviyyəsi yoxlanılır. Birinci mərhələdəki nəticələri TQDK tərəfindən müəyyən edilən tələbləri ödəyən bakalavrlar ikinci mərhələyə buraxılırlar və ikinci mərhələdə onların ixtisas sahəsində bilikləri  seçdikləri qəbul proqramı üzrə test üsulu ilə yoxlanılır. Bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə təqdim edilmiş suallara yazılı formada cavab verməlidirlər. Bbu barədə ixtisaslaşmalar üzrə qəbul proqramları dərc olunanda məlumat veriləcək.

Xarici dil kimi Azərbaycan bölməsinin bakalavr­larına ingilis, alman, fransız və ya rus dilini, rus bölməsinin bakalavrlarına isə ingilis, alman və ya fransız dilini seçmək imkanı verilir. Filologiya və tərcümə sahəsi üzrə ixtisaslaşmalara qəbul olunmaq istəyən bakalavrlar ixtisaslaşma dilini xarici dil kimi seçə bilməzlər.

Tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrlar xarici dil kimi yalnız ingilis dilini seçməli və onların ingilis dili üzrə topladığı bal TQDK tərəfindən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul üçün qoyulan tələblərə uyğun olmalıdır.

Məleykə Abbbaszadə qeyd edib ki, bu ildən etibarən ümumi intellekt səviyyəsini müəyyən edən bəzi test tapşırıqları cavab variantları olmadan (açıq tipli) təqdim ediləcək. Bu tipli test tapşırıqlarının nümunələri “Magistr” jurnalının birici sayında verilib.

M.Abbaszadə deyib ki, magistraturada təhsil dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına və ödənişli əsaslarla həyata keçirilir. Ancaq, dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi əsasında dövlət büdcəsinin vəsaiti hesabına təhsili həyata keçirilən ixtisaslaşmalar üzrə magistraturaya qəbul oluna bilməzlər.

M.Abbaszadə vurğulayıb ki, martın 15-nə qədər dövlət sifarişli yerlər TQDK-ya təqdim edilicək: “Dövlət əvvəlcədən müəyyən edəcək ki, əmək bazarında hansı ixtissaslara tələbat çoxdur. Buna uyğun da öz sifarişini verəcək. Dövlət hesabına təhsil almaq istəyənlər yüksək bal toplamalıdır. Bu şəxslər universitet seçimində azaddırlar. Dövlət və ya özəl fərqi yoxdur, istədikləri universiteti seçə bilərlər.

Ancaq, elə ixtisaslar olacaq ki, dövlət sifarişli yerlərdə təhsil alan şəxslər təhsilini bitirdikdən sonra dövlətlə müqavilə bağlayacaq. Həmin müqaviləyə görə də o şəxslər 3-4 il dövlətin müəyyən etdiyi yerlərdə çalışmalıdır”.

Magistraturaya qəbul imtahanın keçirilmə vaxtına gəlincə, M. Abbaszadə bildirib ki, imtahanın birinci mərhələsi may ayında, ikinci mərhələsi iyun ayında keçiriləcək. Təhminə Paşayeva

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər