Modern.az

Azərbaycan XİN Fransadan canilərin məsuliyyətə cəlb olunmasını tələb edir

Azərbaycan XİN Fransadan canilərin məsuliyyətə cəlb olunmasını tələb edir

Aktual

27 Fevral 2013, 16:08


Xarici İşlər Nazirliyi Fransada döyülən Azərbaycan vətəndaşlarına qarşı törədilmiş zorakılığı pisləyir. Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.

Fevralın 26-da Fransa Milli Assambleyasının binasında erməni diaspor təşkilatlarının keçirdiyi tədbir çərçivəsində Parisdəki "Azərbaycan Evi"nin rəhbəri Mirvari Fətəliyeva və bu ölkədə təhsil alan azərbaycanlı tələbə Vüsal Hüseynov erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülüb. Fransa Milli Assambleyasının üzvlərinin gözləri qarşısında baş vermiş hadisəyə onlar tərəfindən heç bir müdaxilə edilməyib.

Xaricdəki erməni lobbisi və onların havadarları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı zorakılığa yol verilməsi bir daha təsdiqləyir ki, Azərbaycan tərəfinin münaqişə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırması istiqamətindəki fəaliyyəti onlarda dərin narahatlıq doğurur. Bu kimi zorakılıq hallarına baxmayaraq, Azərbaycanın xaricdəki diplomatik missiyaları və diaspor təşkilatları, Ermənistan tərəfindən xalqımıza qarşı törədilmiş faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcək. 

Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş zorakılığı pisləyərək, baş vermiş hadisəyə Fransa Respublikasının müvafiq qurumları tərəfindən münasibət bildiriləcəyinə və cinayətin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə araşdırılaraq, cinayətkarların məsuliyyətə cəlb olunacağına inanır.   

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı