Modern.az

AXC Xocalıda suçlumu?

AXC Xocalıda suçlumu?

27 Fevral 2013, 18:04

Fazil Mustafa

Azərbaycanın yaxın tarixinə münasibətdə təhriflər baş alıb getməkdədir. İqtidarın tarixə birtərəfli baxışı anlaşılandır. Lakin guya tərəfsiz mövqedən Xocalı hadisəsinə münasibət bildirən Milli Məclisin deputatı Elmira Axundovanın gəldiyi nəticələr həqiqətən də məntiqsiz və konyunktur xarakterlidir. Xocalı hadisələrində Mütəllibova və AXC-yə eyni dərəcədə günahkar deməyin əslində erməni tezisləri üçün daha faydalı olduğu göz qabağındadır.

20 Yanvar hadisəsində olduğu kimi, bu hadisənin də tək bir günahkarı var: bu da rus-erməni hərbi birləşmələri. Əslində formal olaraq biz tərəfdən bu hadisədə bir günahkar ola bilərdi ki, o da gücündən-gücsüzlüyündən asılı olmayaraq, o dövrün hakimiyyəti idi. Bununla belə, həmin hadisələrdə Mütəllibovu da mütləq mənada günahlandırmaq yanlış olardı. Hər panika anında əhalini çıxarmağın da problemləri olduğunu hər kəs yaxşı bilir. O zaman da hakimiyyəti ittiham edə bilərdilər ki, torpaqları vermək üçün qəsdən əhalini çıxardı. Sadəcə, kimsə ermənilərdən bu miqyasda vəhşilik gözləmədiyinə görə qəti tədbirlər görməyə tələsməmişdi.

Hadisələrin episentrində olan bir şəxs olaraq hesab edirəm ki, Mütəllibovun ən ciddi səhvlərindən biri o zaman güclü təşkilat olan AXC və onun sədri Əbülfəz Elçibəylə birbaşa təmasa keçib uzlaşma yolu axtarmamasında idi. Xocalı faciəsi baş verəndə iqtidarla müxalifət arasında güvənsizlik o səviyyədə idi ki, birinin varlığı digəri üçün təhlükə sayılırdı.

Elmira xanımın irəli sürdüyü iki iddiada da yanlışlıq var. Birincisi, iddia edir ki, AXC Mütəllibovu devirib hakimiyyətə gəldi. Fakt budur ki, həqiqətən də Mütəllibovu AXC devirsə də, hakimiyyətə aralıq fiqur olaraq Yaqub Məmmədov gətirildi. Yəni birbaşa hakimiyyəti götürməməklə AXC göstərdi ki, əsas hədəf hakimiyyətə seçki yolu ilə gəlməkdir. İkincisi isə, iddia edilir ki, AXC-nin Mütəllibovdan istefaya getməyi tələb etmək hüququ yox idi, burada həqiqətən də ciddi diqqətsizliyə yol verilib. Hər bir təşkilatın, vətəndaşların dünən də, bu gün də iqtidardan istefa verməyi tələb etmək hüququ var.

Anladığım bu ki, Elmira xanım əslində AXC-ni günahlandırmaq niyyəti ilə belə bir açıqlama verib, sadəcə, Mütəllibova haqq qazandırmaqda ittiham olunmamaq üçün bu günahın bir qismini də Mütəllibovun payına əlavə edib. Bütün hallarda kimsə dərinliyinə qədər bilmədiyi mövzularda məqsədli "müdrik" nəticələr çıxarmağa tələsməməlidir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir