Modern.az

8 mart bütün ölkələrdə bayram deyil

8 mart bütün ölkələrdə bayram deyil

8 Mart 2011, 11:00

XIX əsrdə öz insani hüquqları uğrunda cəsarətlə mübarizə aparan və məqsədə nail olan qadınlar artıq uzun müddətdir 8 martı beynəlxalq səviyyədə bayram edirlər. Ənənəyə görə, həmin tarixdə qadınlar əks cinsin nümayəndələrindən diqqət, qayğı və hədiyyə gözləyirlər. 8 mart BMT tərəfindən beynəlxalq bayram kimi qəbul olunsa da, onu heç də bütün ölkələrdə qeyd etmirlər.

 

Dünyanın bəzi dövlətləri 8 mart Beynəlxalq Qadınlar Gününü sosializm quruluşuna aid bayram kimi qiymətləndirərək, onu qeyd etmirlər. Amma çağdaş dünyada zəriflik və gözəllik rəmzi olan qadın uca tutulduğundan Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi çox vacibdir. Ümumiyyətlə, qadınlar təkcə 8 mart günü deyil, həmişə nəvazişə, sevgiyə layiq məxluqlardır.

Qadınların kişilərlə bərabər hüquqlu olmaq yolunda başladığı mübarizə 1857 -ci il martın 8-nə təsadüf edib. Həmin gün ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın az maaşa, uzun çalışma saatlarına, eyni zamanda, pis iş şəraitinə etiraz olaraq tətil edib.

Bu hadisələrdən 52 il sonra Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Qadın Sosialist İnternasionalının qurultayında qərara alınıb ki, 8 mart tarixi qadın hüquqlarının genişləndirilməsi və həmrəyliyinin simvolu olaraq hər il bayram günü kimi qeyd olunsun. 1977-ci ildə isə BMT 8 mart tarixini qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul etdi. Beləliklə də, 8 mart tarixi qadın həmrəylinin simvoluna çevrildi.

Amma bu gün dünyanın heç də bütün ölkəsində qadın azadlıq və hüquqları, zərif məxluqa göstərilən qayğı ön planda deyil. BMT-nin rəsmi statistikasına görə, hazırda dünyadaki ən yoxsul insanların böyük bir qismi qadınlardır. Heç bir təhsil almamış insanların da böyük əksəriyyətini qadınlar təşkil edir. Bir çox ölkələrdə işləyən qadınlar kişilər qədər maaş almırlar. Həmçinin kişilərdən daha çox işdən çıxarılma təhlükəsiylə də qadınlar üzləşirlər.

Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, hazırda dünyada işləyən qadınların sayı 1 milyard 200 milyon nəfərdən çoxdur. Bu, bütövlükdə dünyadakı işçi qüvvəsinin təxminən 40 faizi həcmindədir. Beynəlxalq Əmək Təşkilatı müəyyən edib ki, dünyada 81,6 milyondan çox əmək qabiliyyətli qadın işsizdir. Araşdırmalar göstərib ki, dünyada zərif cinsin işləyən nümayəndələrinin 36,1 faizi kənd təsərrüfatı, 46,3 faizi isə xidmət sahələrində çalışır. 8 mart Beynəlxalq Qadınlar Günü Azərbaycanda rəsmi bayramlar sırasında daxildir. Ölkəmizdə bu bayrama xüsusi diqqətlə yanaşılır, qadınlar dövlət başçısı tərəfindən rəsmən təbrik edilir.

Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub-saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Tariximizin və mədəniyyətimizin neçə-neçə parlaq səhifəsi onların adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. XX əsrdə qadın hüquqlarının qazanılması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə,

2011-ci ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,4 faizini və ya 4 milyon 602 min nəfərini qadınlar təşkil edir. Qadınların 59,4 faizi nəsilvermə qabiliyyətinə malikdir və onların hər biri orta hesabla dünyaya 2,3 uşaq gətirib. Ötən il doğulmuş 165,6 min körpənin 46 faizi qızlardır. Hazırda ölkədə 31 doğum evi, 316 qadın məsləhətxanası, 592 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,2 yaşa bərabərdir. Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayında xüsusi çəkisi 48,6 faizdir. Ümumtəhsil və orta ixtisas təhsil müəssisələrində müəllimlərin 74 faizi, ali təhsil müəssisələrində 46 faizi, həkimlərin 63 faizi qadınlardır. Ümumtəhsil məktəblərində şagirdlərin 46 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 66 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 46 faizi qızlardır. Elmin inkişafında da qadınların müstəsna rolu var. Hazırda doktorantların 46 faizini, bütün elmi işçilərin isə 51 faizini qadınlar təşkil edir. Son 5 ildə doktorluq dərəcəsi olan qadınların sayı 22 faiz artıb. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 12-si, akademiklərdən 3-ü qadındır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizə qədər artıb. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən 4,9 dəfə artaraq 4081 nəfərə çatıb və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,2 faiz olub. Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir