Modern.az

“Azercell-lə yaşa”, dərdə, qəmə bat...

“Azercell-lə yaşa”, dərdə, qəmə bat...

Dünya

13 Mart 2013, 15:36

Azercell-in Azərbaycanın aparıcı mobil operatoru olduğunun kimsədə etiraz doğurmayacağı  zənnindəyəm. Azercell-in daha çox imkanlar yaratmaqla, həyatımızı zənginləşdirmək istəyini özündə əks etdirən “Azercell-lə yaşa, daha yaxşı yaşa!” şüarı da yəqin ki, çoxunuza tanışdır.

Zəruru açıqlama: “Azercell” bu şüarla demək istəyib ki, müştərilərinə həm faydalı təkliflər verir, həm də “daha texnoloji, daha innovativ təkliflər, daha keyfiyyətli müştəri xidmətləri, daha çox qayğı, daha məsuliyyətli, daha etibarlı, daha çox resurs və daha sərfəli” imkanlara malik olduğuna görə onların (bizlərin)  həyatını yeniliklərlə zənginləşdirir.

Ancaq çox təssüflər olsun ki, bir sıra hallarda müştərilərə verilən vədlər reklamlardakı kimi olmur, deyilənlər real həyatda özünü doğrulda bilmir. Bəribaşdan qeyd edim ki, mənim Azercell-ə qarşı hər hansı qəsdi-qərəzim, antipatiyam, düşmənçiliyim yoxumdur. Əksinə, Azercell Azərbaycanda fəaliyyətə başlayan illərdən daimi müştərisiyəm, nömrəm də o vaxt aldığımdır: 050 -323 51 05. Bu günə qədər şirkətlə aramızda xırdalı və ya irili hər hansı problem, xoşagəlməz olaylar yaşanmayıb.

Sizə danışacağım sonuncu hadisədən savayı.

Deməli, mən 2012-ci ilin iyul ayının əvvəlində Axundov bağının yaxınlığında yerləşən “Azercell Ekspress”-in ofisindən 3G MAX data kartı aldım və deyəsən, qos-qocaman şirkətlə dost münasibətlərimizin korlanamsının baiskarı da elə bu kart olacaq.

Əslində, vəziyyətin bu həddə gəlib çatmasının günahkarı özümü sayıram. Dəfələrlə özümə söz vermişəm, Azərbaycanda reklam olunan nə varsa, onlara əhəmiyyət verməyim, çünki təcrübə göstərir ki, belə reklamlara pul xərcləmək cibinin pulunu çölə atmaq kimi bir şeydir...

Qısası, mən  Azercell-in aşağıdakı elanına inanıb yamanca aldanmışam: “3G MAX Data kartı yenidən pulsuz. 08 iyun 2012-ci il tarixindən etibarən kampaniya geri dönür. Data cihaza pulsuz sahib olmaq üçün “Azercell Express” və müştəri xidmətlərinə yaxinlaşaraq, şəxsiyyət vəsiqəsilə 10 ayliq paketə qoşulmaq kifayətdir. Paket çərçivəsində 10 ay ərzində hər ay yüklənilən 10 AZN əvəzində 10 GB internet trafiki veriləcək”.

Saytlardan birinin “Təklif olunan mobil internetdən ölkənin bütün ərazisində sərbəst, maneəsiz istifadə mümkündürmü” sualına da Azercell-in mətbuat xidmətindən belə cavab verilmişdi:

“Şirkətin mobil internet imkanlarından Azərbaycanın hər bir bölgəsində istifadə etmək olar. Şirkət özünün 3G şəbəkəsinin fasiləsiz, yüksək keyfiyyətlə xidmət göstərməsi üçün müntəzəm təkmilləşdirmə işləri həyata keçirir. Hazırda ölkənin bütün bölgələrində 3G şəbəkəsi aktivdir, ucqar nöqtələrin də bu xidmətə qoşulması üçün daim tədbir görülür”.

Mən də, bütün bunlardan sonra deyilənlərə  inanıb sevinə-sevinə 3G MAX data kartı aldım. Niyə də almamalıydım, “10-luq kampaniya” çərçivəsində ayda 10 GB internet trafikli, ucuz tarif paketi, pulsuz modem, üstəlik də yüksək sürət vədi.

Ancaq sevincimin ömrü evə çatana qədər oldu. Data kartı nootbuka qoşmağım peşimançılığıma səbəb oldu, nootbuuku evin bütün künclərində gəzdirsəm də, internetdən, vəd olunan sürətdən əsər-əlamət yoxuydu. Sürət o qədər zəif idi ki, hətta elektron poçtuma da baxa bilmirdim.

Problemi çözmək üçün Azercell-in Müştəri Xidmətlərinə üz tutdum, özü də dəfələrlə, yadımda qalanı beşdir. Hər dəfə də eyni cavabı alırdım: “Müəllim, müraciətiniz qeydə alınıb, sizinlə əlaqə saxlanılacaq”. 

Ədalət naminə, onu da deməliyəm ki, Azercell-in əməkdaşları mənim müraciətimlə bağlı xeyli vaxt sərf etdilər. Hətta şirkətin texniki əməkdaşlarından biri evimizdə olub, şikayəti yerindəcə araşdırıb. Və nəticədə bəlli olub ki, yaşadığım ünvanda texniki imkanlar 3G şəbəkəsini dəstəkləmir. Əvəzində söz verdilər ki, yaxın 4-5 ay ərzində həmin ərazidə 3G-i dəstəkləyən yeni avadanlıq quraşdırılacaq. Amma bu inandırıcı görünmürdü, ona qalsa, 4-5 ay çoxdan ötüb keçsə də, avadanlıqdan xəbər-ətər yoxuydu. Mən isə aylıq abunə pulunu hər ay ödəməkdə davam edirdim.

Bu məsələdə bir təsəllim vardı ki, mən tək deyildim. Data kartı olan dost-tanışlar arasında bu barədə söz düşəndə onların “bizdə də tutmur” cavabı mənə azcana da olsa toxtaqlıq verirdi...

Mənimlə bağlanılan müqavilənin 10.3 maddəsində deyilirdi: “Abunəçi müştəri xidmətinə rəsmi/yazılı müraciət etməklə istənilən vaxt müqaviləyə xitam verə bilər”. Bunu əsas tutaraq data kartı aldığım ofisə gedib geri qaytarmaq istəmişəm. Amma həmin ofisin nümayəndəsi Alim Qasımzadə bildirdi ki, bu mümkün olmayacaq. Halbuki, data kartı alanda mənə onu da demişdilər ki, bu cihaz Azercell-dən istifadıə olunan bütün məkanlarda istifadəyə tam yararlıdır. Mən müqayisə üçün “Azercell Ekspress”-in paytaxtın digər ünvanlarında yerləşən ofislərindən də bununla bağlı soruşanda yuxarıdakı cavabı almışam.

Mən Azercell-ə çox güvənirdim, ona görə də, aradabir yolumu Müştəri Xidmətlərindən salmaqda davam edirdim. Bir ay əvvəl məni sevindirib dedilər ki, “müəllim darıxmayın, əgər bir şey alınmasa, sizin ödədiyiniz pullar geri qaytarılacaq”.

Fevralın 14-də axşamüstü dostlarla çay içirdim, birdən Azercell-dən mənə zəng gəldi: “Sizin bu günə 65 manat borcunuz var. Lakin biz onu sizə güzəştə gedirik, internetdən istifadə etmədiyinizə görə”.
Minnətə bir baxın. Nə isə.. Elə həmin gün Müştəri Xidmətlərinə getdim və mənimlə olan müqaviləyə xitam verildi. Amma bu günə qədər Azercell-ə istifadə etmədiyim aylar üçün ödədiyim pulu mənə qaytarmaqdan imtina edir. Həm də bunu o şirkət imtina edir ki, bu gün 4 milyon abunəçisinin olması ilə ağızdolusu ilə danışır.

Sonda Azercell-ə sualım var: mənim müraciətimə niyə biganə yanaşırsınız? Nəyə görə, istifadə edə bilmədiyim cihazdan ötrü iyul ayından üzü bəri ödədiyim pulları qaytarmaq istəmirsiniz?

P.S. Bu yazı Azercell-in Müştəri Xidmətlərinə rəsmi müraciət kimi də qəbul edilə bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!