Modern.az

Elçin Hüseynbəyli: “Əsəd Cahangirin hər bir sözü...”

Elçin Hüseynbəyli: “Əsəd Cahangirin hər bir sözü...”

14 Mart 2013, 11:09

Modern.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyində II Gənc Ədiblər Məktəbinin tələbələri ilə tənqidçi Əsəd Cahangirin görüşü keçirilib. Tədbirin aparıcısı, “Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli olub.

“Təbii ki, ədəbiyyata marağı olan siz gənclərin arasından elələri çıxacaq ki, onlar öz imzalarını sözləri ilə təsdiq edəcəklər. Ancaq ola bilsin ki, içinizdən də elə yazarlar yetişsin ki, dövlətimizdə, iqtisadi qurumlarda, siyasi partiyalarda hər hansı bir mövqe qazansınlar. Gənc Ədiblər Məktəbinin sizə qazancı o olacaq ki, ədəbiyyata sevgisi olan insanlar hansı vəzifəni tutmalarından asılı olmayaraq daha humanist olacaqlar, ədəbiyyata və mədəniyyətə daha çox diqqət göstərəcəklər. Dinindən, dilindən, irqindən və milliyətindən asılı olmayaraq hər kəs Gənc Ədiblər Məktəbinin toplantısında iştirak edə bilər. Şübhəsiz ki, Əsəd Cahangirin haqqınızda dediyi hər bir söz gələcək yaradıcılığınızda həm istiqamətverici rol oynaya bilər, həm də sizin özünüzü dəyərləndirmənizə yenidən baxmanıza imkan yaradar. Əsəd Cahangir bu gün buraya toplaşan gənclərin ona təqdim olunmuş yaradıcılığına aid qısa icmal şəklində çıxış edəcək”, – deyə E. Hüseynbəyli qeyd edib.

Bundan sonra Əsəd Cahangir fikirlərini bölüşüb: “Təqdim olunmuş əsərlər içərisində poeziya həmişə olduğu kimi üstünlük təşkil edir, şeirə maraq daha çoxdur. Sizin nəsil üçün bunu məntiqi sayıram. Çünki poeziya gənclik, nəsr yaşlılıq, fəlsəfə artıq ahıllıq, qocalıq deməkdir. Bu sahələr və janrlar  insan düşüncəsinə uyğundur. Məsələn, Puşkin deyirdi ki, 26 yaşına qədər hamı şeir yaza bilər. Amma o kəslər ki, içlərində öz uşaqlıqlarını qoruyub saxlaya bilirlər, onlar ömürlərinin axırınacan şeir yaza bilərlər. Bunun həm müsbət, həm də mənfi tərəfi var. Ömrü boyu uşaq kimi  qalmaq mənfi rakursdan yanaşdıqda, əlbəttə, yaxşı deyil. İkinci bir tərəfdən, ömrünün axırına kimi uşaq saflığını qoruyub saxlamağın nəyi pisdir? Ümumiyyətlə, mənə elə gəlir ki, yaradıcı adamların içərisində müdrik bir uşaq var. Məşhur bir türk mahnısında deyilir: "İçindəki çocuq sənə həyatı anladır". Yəni bütün yaradıcı adamlar da içindəki uşaqla ixtilata, söhbətə girən adamlardır. Mən sizin şeirlərinizi oxuyanda sevindim, onlarda yeni nəfəs, orijinal fikir gördüm. Düzdür, aralarında şeirə dəxli olmayan, vəznlənmiş, qafiyələnmiş nəzm parçalarını da gördüm. Amma burada eyni zamanda orijinal obrazlar, ifadələrə də rast gəldim”.

Ə. Cahangir gənc ədəbilərin şeirlərindən danışıb: “Emin Pirinin şeirləri fizioloji mənada yox, fəlsəfi mənada kişi poeziyasıdır. Eminin intonasiyası kişi intonasiyasıdır. Onun “Mələklərə atılan mərmilər” şeirini bu baxımdan çox bəyəndim. Ramil Əhmədin “Müharibədən sonra” şeiri uğurlu şeirdi. Bu şeirdə müharibənin törətdiyi fəlakətlər əks olunub”. Tənqidçi daha sonra Cavid Sabiroğlu, Pərviz Axundov,  Ruslan Mollayev, Aygül Qurbanova, Günay Ümid, Elçin Aslangil, Sadiq Babazadə, Vəlixan Abdullayev, Gülbala Dadaş, Ramilə Qardaşxanqızı, Vasif Əlihüseyn, Aytən Nəsibbəyli, Vüsal Həsənoğlu, Günel İmran, Məhbus Münzəvi və digər gənclərin yaradıcılığı haqqında fikirlərini bölüşüb.





Elmin Nuri

 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi