Modern.az

“Qatillər” – Ernest Heminqueydən HEKAYƏ

“Qatillər” – Ernest Heminqueydən HEKAYƏ

Ədəbi̇yyat

16 Mart 2013, 12:34
Henrinin yeməkxanasının qapısı açıldı. İki adam içəri girdi və masa arxasında oturdu. 
 
– Nə sifariş verəcəksiz, – Corc soruşdu. 
 
– Özüm də bilmirəm, – adamlardan biri dedi. – Sən nə götürəcəksən, El? 
 
– Bilmirəm, – El dedi. – Bilmirəm, nə götürüm. 
 
Hava artıq qaralmışdı. Pəncərə arxasındakı fənərin işığı yandı. İçəri keçmiş adamlar menyuya baxırdı. Nik Adams onları piştaxtanın küncündən seyr edirdi. Adamlar içəri girərkən o, Corcla söhbət edirdi. 
 
– Mənə alma sousu ilə donuz filesi və kartof ver, – birinci adam dedi. 
 
– File hələ hazır deyil. 
 
– Lənət şeytana, onda niyə menyuya daxil eləmisiz? 
 
– Bu nahar üçündür, – Corc izah elədi. – Nahar saat altından başlayır. 
 
Corc piştaxtanın üstündəki saata doğru boylandı. 
 
– Hələ saat beşdir.  
 
– Saat altıya iyirmi dəqiqə işləmişi göstərir, – ikinci adam dedi. 
 
– İyirmi dəqiqə qabağadır. 
 
– Lənətə gəlmiş saat, – birinci adam dedi. – Bəs nəyin var?  
 
– Müxtəlif sendviçlər təklif edə bilərəm, – Corc dedi. – Qaxac edilmiş donuz ətiylə qayğanaq, donuz piyli qayğanaq, piyli qara ciyər, bifşteks. 
 
– Mənə souslu toyuq kroketi, göy noxud və kartof püresi ver. 
 
– Bu da nahar menyusuna daxildir.  
 
– Əcəb qaydalardır, deməyə söz tapmıram. 
 
– Qaxac edilmiş donuz ətiylə qayğanaq götürün, piyli qayğanaq, ya da bifşteks.  
 
– Qaxaclı qayğanaq ver, – El dedi. Başında yumru təpəli şlyapa və əynində sonadək düymələnmiş qara palto vardı. Sifəti kiçik və solğun idi, dodaqları kip sıxılmışdı. Əlcək taxmış və boynuna ipək şərf bağlamışdı. 
 
– Mənə isə donuz piyi olan qayğanaq, – o biri dedi. Onlar demək olar ki, eyni boydaydılar, sifətləri fərqliydi, amma oxşar geyinmişdilər, hər ikisi də dar paltodaydı. Qabağa əyilərək oturmuşdular, biləklərini də piştaxtaya qoymuşdular.   
 
– İçməyə bir şey var? – El soruşdu. 
 
– Limonad, kofe... 
 
– İçməyə soruşuram.  
 
– Ancaq dediyim. 
 
– Əcəb şəhərdir, – o biri dedi. – hə, söz düşmüşkən, adı nədir? 
 
– Sammit.  
 
– Belə bir şey eşitmişdin, Maks? – El soruşdu. 
 
– Yox. 
 
– Burda axşamlar nə edirlər? – El soruşdu 
 
– Nahar edirlər, – Maks dedi. – Elə hey bura gəlib məşhur yeməyi yeyirlər. 
 
– Hə, düz tapmısız, – Corc dedi. 
 
– Səncə, düz tapmışam, – El təkrar soruşdu. 
 
– Dübbədüz. 
 
– Görürəm çox ağıllısan. 
 
– Düzdür. 
 
– Gopa bax a, – Maks dedi. – Gop edir, hə, El? 
 
– Axmaqdı, – El cavab verdi. O, Nikə sarı çöndü. – Adın nədi?  
 
– Nik Adams. 
 
– Sən də ağıl dəryasısan, – El dedi. – Düzdü, Maks? 
 
– Hə, bu şəhərdə hamı say-seçmədir. – Maks cavab verdi. 
 
Corc süfrəyə yemək dolu iki boşqab qoydu. Sonra mətbəx pəncərəsini bağladı.  
 
– Siz nə sifariş vermişdiz, – deyə o, Eldən soruşdu. 
 
– Özün xatırlamırsan? 
 
– Qaxaclı qayğanaq. 
 
– Məgər ağıl dəryası deyil? – Maks dedi və əlini uzadıb boşqabı götürdü. Hər ikisi əlcəklərini çıxarmadan yemək yeyirdi. Corc onların necə yemək yeməsinə tamaşa edirdi.  
 
– Niyə baxırsan? – Maks Corca sarı çöndü.  
 
– Elə belə.
 
– Hə, bilirəm, mənə baxırsan. 
 
Corc güldü. 
 
– Gülməli nəsə var, – Maks dedi. – Bəsdi güldün, başa düşdün? 
 
– Yaxşı, qoy siz deyən olsun, – Corc dedi. 
 
– Eşitdin, El, qoy biz deyən olsun. – Maks Elə sarı baxdı. – Yaxşıdı? 
 
– Başı işləyir, – El dedi və yeməyə davam elədi. 
 
– O birinin, ikincinin adı nədi? – El Maksdan soruşdu. 
 
– Ey, ağıl dəryası, – Maks hayladı. – Tez piştaxtanın arxasına, dostunun yanına keç. 
 
– Noolub? – Nik soruşdu. 
 
– Heç nə. 
 
– Hə, di tez ol, çevril, – El dedi. 
 
Nik piştaxtanın arxasına keçdi. 
 
– Nə baş verir? – Corc soruşdu. 
 
– Sənə dəxli yoxdur, – El dedi. – Mətbəxdə kim var? 
 
– Zənci. 
 
– Hansı zənci? 
 
– Aşpaz. 
 
– Onu bura çağır. 
 
– Hara gəldiyinizi heç bilirsiz? 
 
– Narahat olma, bilirik, – Maks dedi. – Biz bəyəm axmağıq?! 
 
– Sənə qulaq asan elə də fikirləşər, – El dedi. – Bu südəmərlərin nazıyla oynayırsan? Ey sən, – o, Corcu hayladı, – zəncini bura çağır. Cəld. 
 
– Onu neyləyirsiz ki? 
 
– Heç nə. Başını işlət, ağıl dəryası. Səncə, zənci nəyimizə lazımdı? 
 
Corc mətbəx pəncərəsini açdı. 
 
– Sem, – deyə hayladı. – Bir dəqiqəlik bura gəl. 
 
Mətbəx qapısı açıldı və zənci peyda oldu. 
 
–Noolub? – o soruşdu. 
 
Piştaxta yanında oturanlar ona nəzər yetirdilər. 
 
– Yaxşı, qara, burda dur, – El dedi. 
 
Aşpaz önlüyünü dartışdıraraq naməlum adamlara baxırdı. 
 
– Baş üstə, ser, – o dedi. 
 
El kətildən qalxdı. 
 
– Mən bu ikisiylə mətbəxə gedərəm, – dedi. – Keç mətbəxinə, zənci. Sən də ağıl dəryası imişsən. 
 
Niki və aşpazı qabağına qataraq El mətbəxə keçdi. Qapı arxasınca örtüldü. Maks piştaxta önündə, Corcla qabaq-qənşər qaldı. O, Corca deyil, piştaxta üzərindəki uzun güzgüyə baxırdı. Bu binada əvvəllər salun vardı. 
 
– Həə, – Maks dedi, güzgüyə baxaraq, – niyə susursan, ağıl dəryası? 
 
– Fikriniz nədi? 
 
– Eşidirsən, El, – Maks çığırdı. – O nə baş verdiyini bilmək istəyir. 
 
– Ona nə deyəcəksən? – El mətbəxdən hay verdi. 
 
– Bilmirəm. 
 
– Əvvəl-axır? 
 
Danışarkən Maks daim güzgüyə baxırdı. 
 
– Anlaya bilmirəm. 
 
– Eşidirsən, El, o nə baş verdiyini anlaya bilmir. 
 
– Qışqırma, sənsiz də eşidirəm, – El mətbəxdən cavab verdi. O, yemək sifarişlərinin verildiyi pəncərəni qaldırdı və tomat sousu şüşəsiylə ona dayaq qoydu. – Qulaq as sən, – Corca müraciət elədi, bir az kənara çəkil. Sənsə Maks, bir az sola. – O, fotoqraf kimi sanki adamları çəkilişə hazırlayırdı. 
 
– Söhbət edək, ağıl dəryası. – Maks dedi. – Səncə, biz nə etməyə hazırlaşırıq? 
 
Corc cavab vermədi. 
 
– Mən deyim: bir isveçlini öldürməyi düşünürük. Ucaboy isveçlini, Ole Anderssonu tanıyırsan? 
 
– Hə. 
 
– O, hər axşam burda yemək yeyir? 
 
– Bəzən. 
 
– Düz saat altıda gəlir? 
 
– Hə, yolu bura düşdükdə. 
 
– Bu bizə məlumdu, – Maks dedi. – Başqa şeydən danışaq. Kinoya gedirsən? 
 
– Nadir hallarda. 
 
– Tez-tez getsən yaxşıdı. Kino məhz sənin kimilər üçündü. 
 
– Ole Anderssonu niyə öldürəcəksiz? O sizə nə edib ki? 
 
– Hələ ki heç nə eləməyib. O heç üzümüzü görməyib. 
 
– Həyatında bircə kərə görəcək, – El mətbəxdən əlavə elədi. 
 
– Onu niyə öldürmək istəyirsiz ki? – Corc soruşdu. 
 
– Bir tanışımız xahiş edib. Sadəcə, dost xahişi, başa düşürsən? 
 
– Kəs səsini, – El mətbəxdən dilləndi. – Çox çərənləyirsən. 
 
– Axı həmsöhbətimin başını nəyləsə qatmalıyam. Düzdü, ağıl dəryası? 
 
– Çox çərənləyirsən, – El təkrarladı. – Mənimkilər burda özləri öz başlarını qatır. Əl-qolu bağlı halda yanaşı uzanıblar, monastır məktəbinin rəfiqələri kimi. 
 
– Bəs sən monastır məktəbində olmusan? 
 
– Bəlkə də olmuşam. 
 
– Xederdə olmusan, bildin. 
 
Corc saata baxdı. Yeddiyə on beş dəqiqə işləyirdi. Qapı küçə tərəfdən açıldı. Tramvay sürücüsü içəri keçdi. 
 
– Salam, Corc, – o dedi. – Nahar edə bilərik? 
 
– Sem gedib, – Corc dedi. – Yarım saatdan sonra gələcək. 
 
– Hə, onda başqa yerə gedərəm, – tramvay sürücüsü dedi. 
 
Corc saata baxdı. Artıq yeddiyə iyirmi dəqiqə işləyirdi. 
 
– Afərin, – Maks dilləndi. – Bircə kəlmə ilə yola saldın, ağıl dəryasısan. 
 
– Başına güllə çaxacağımı bilirdi, – El mətbəxdən söz atdı. 
 
– Yox, – Maks dedi, – ona görə deyil. O, yaxşı oğlandı. Ondan xoşum gəlir. 
 
Yeddiyə beş dəqiqə qalmış Corc dedi: 
 
– O gəlməyəcək. 
 
Bu müddətdə yeməkxanaya daha iki nəfər baş çəkdi. Biri özüylə aparmaq üçün sandviç istədi və sandviç üçün piyli qayğanaq bişirməkdən ötrü Corc mətbəxə keçdi. Mətbəxdə o, Eli gördü. Şlyapasını peysərinə endirərək o, pəncərə önündəki kətil üstündə oturmuşdu, kəsik lüləli tüfəngini də pəncərə altına qoymuşdu. Nik və aşpaz küncdə yerə uzanmışdı, bir-birə bağlanmışdılar. Hər ikisinin ağzına dəsmal dürtülmüşdü. Corc sandviç hazırladı, onu perqament kağızına bükdü, paketə qoyub mətbəxdən çıxdı. Müştəri pulu verib çıxıb getdi. 
 
– Buna necə “ağıl dəryası” deməyəsən, hər şeyi bacarır, – Maks dedi. – Biş-düş etmək, hər şey, nə istəsən. Arvadının hər işdə usta əri... 
 
– Ola bilər, – Corc dedi. – Tanışınız Ole Andersson isə bura gəlməyəcək. 
 
– Ona on dəqiqə də vaxt verək, – Maks dedi. 
 
O, gah aynaya, gah da saata baxırdı. Əqrəblər yeddini göstərirdi, sonra səkkizə beş dəqiqə işləmişi. 
 
– Gedək, El, – Maks dedi, – gözləməyə dəyməz. O artıq gəlməyəcək. 
 
– Ona beş dəqiqə də vaxt verək, – El mətbəxdən cavab verdi. Bu beş dəqiqədə daha bir müştəri gəldi və Corc ona dedi ki, aşpaz xəstələnib. 
 
– Lənət şeytana, niyə başqa aşpaz tapmırsız. Bura yeməkxanadır, ya yox?   
 
O çıxdı. 
 
– Gedək, El, – Maks dedi.  
 
– Bu iki nəfər və zənci necə olsun? 
 
– Heç nə, burax onları.  
 
– Səncə buraxaq? 
 
– Əlbəttə. Burda işimiz qalmadı.  
 
– Heç xoşuma gəlmir bu, – El dedi. – Təmiz iş deyil. Sən də o qədər artıq-əskik danışdın ki. 
 
– Eh, boş şeydir, – Maks dedi. – Bir az əylənmək lazımdı, ya yox. 
 
– Yenə də, artıq-əskik danışdın, – El dedi. O mətbəxdən çıxdı. 
 
– Hə, əlvida, ağıl dəryası, – o, Corca dedi. – Bəxtin gətirdi. 
 
– Doğrudur, – Maks dedi, – bəxtini at yarışında sına. 
 
O, küçəyə çıxdı. Corc onların fənərin yanından necə keçib getdiklərini və tində döndüklərini gördü. Öz qara kostyumlarında və paltoda onlar estrada cütlüyünə oxşayırdı. 
 
Corc mətbəxə keçib Nik və aşpazın əl-ayağını açdı. 
 
– Bezdim, – Sem dedi. – Daha dözə bilmirəm. 
 
Nik ayağa qalxdı. Hələ bir dəfə də olsun onun ağzına dəsmal dürtməmişdilər. 
 
– Qulaq as, – o dedi. – Bu nə məsələdi lənətə gəlsin? – O özünü elə göstərməyə çalışırdı ki, guya heç nə vecinə deyil. 
 
– Onlar Ole Anderssonu öldürmək istəyirdilər, – Corc dedi.  
 
– Ole Anderssonu? 
 
– Hə. 
 
Zənci ağzının kənarlarını böyük barmaqlarına toxundurdu. 
 
– Getdilər? – deyə o soruşdu. 
 
– Hə, – Corc dedi. – Getdilər. 
 
– Bu heç xoşuma gəlmir, – zənci dedi. – Heç xoşuma gəlmir. 
 
– Qulaq as, – Corc Nikə dedi. – Sən bir Ole Anderssona baş çəkəydin. 
 
– Yaxşı.
 
– Bəlkə polisə xəbər verək? 
 
– Yox, – Ole Andersson dedi. – Mənasız işdi. 
 
– Bir şeylə kömək edə bilmərəm? 
 
– Yox.  
 
– Bəlkə bu zarafatdı? 
 
– Yox. Zarafat deyil. 
 
Ole Andersson böyrü üstə çevrildi. 
 
– Bəla ondadır ki, – divara baxaraq dedi, – özümü ələ alıb çölə çıxa bilmirəm. Bütün günü yataqda uzanmışam. 
 
– Heç olmasa şəhər çıxaydınız. 
 
– Yox, onlardan qaçmaqdan bezmişəm. Artıq heç nə etmək olmaz. 
 
– Məsələni yoluna qoymaq olmaz? 
 
– Yox, artıq gecdir. – O, sönük səslə danışırdı.  
 
– Mən gedirəm, Corcun yanına, – Nik dedi. 
 
– Əlvida, – Ole Andersson dedi. О, Nikə baxmırdı, – Sağ ol ki gəldin. 
 
Nik çölə çıxdı. Qapını örtərkən çarpayıda uzanmış Ole Anderssona bir daha baxdı. 
 
– Erkəndən otaqdadır, – O, aşağı enərkən qadın dedi. – Bəlkə də xəstələnib. Ona deyirəm: “Mister Anderson bəlkə gəzintiyə çıxasınız, əla gündü”, osa inad edir. 
 
– Evdən çıxmaq istəmir. 
 
– Görünür xəstələnib, – qadın dedi. – Heyf, yaxşı adamdı. Bilirsiz o, boksçu olub. 
 
– Bilirəm. 
 
– Sifətinə baxmaqla o dəm bilmək olur, – qadın dedi. Onlar astanada söhbət edirdilər. – Elə qayğıkeş adamdı ki. 
 
– Sağ olun, missis Girş,- Nik dedi. 
 
– Mən missis Girş deyiləm, o sahibədir. Mənsə qulluqçuyam. Adım missis Belldir. 
 
– Sağ olun, missis Bell. 
 
– Sağ olun, – qadın dedi. 
 
Nik qaranlıq döngədən tindəki fənərədək getdi, sonra tramvay yolu boyunca. Yeməkxanaya sarı döndü. Corc piştaxta arxasında dayanmışdı. 
 
– Oleni gördün? 
 
– Hə, – Nik dedi. – Otağında uzanıb, heç yerə çıxmaq istəmir. 
 
Nikin səsinə aşpaz mətbəxin qapısını açdı. 
 
– Bu haqda heç nə eşitmək istəmirəm, – dedi və qapını arxasınca çırpdı. 
 
– Ona danışdın? 
 
– Əlbəttə. Özü də hər şeyi bilir, 
 
– Nə eləmək fikri var? 
 
– Heç nə. 
 
– Onu öldürəcəklər. 
 
– Yəqin ki. 
 
– Ola bilsin Çikaqoda hansısa hoqqadan çıxıb. 
 
– Yəqin. 
 
– Axmaq işdi. 
 
– Hə. 
 
Onlar susurdu. Corc dəsmalı götürüb piştaxtanı sildi. 
 
– Səncə, o nə edib? 
 
– Yəqin, hansısa sövdələşməni pozub. Belə şeyləri adama bağışlamırlar. 
 
– Bu şəhərdən gedəcəm, – Nik dedi. 
 
– Hə, – Corc dedi. – Burdan getmək yaxşı olardı. 
 
– Başımdan çıxmır, otaqda uzanıb və bilir ki, axırına çıxacaqlar. Bunu hətta fikirləşmək də qorxuludu. 
 
– Sən heç fikirləşmə, – Corc dedi. 
 
 
 
Tərcümə: Əziz Rzazadə 
 
Yad sözlər: 
 
salun – XIX əsrdə ABŞ-da geniş yayılmış bar növü
 
xeder – yəhudi dini məktəbi
 
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir