Modern.az

Qənirə Paşayeva: “ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində səmimi deyil”

Qənirə Paşayeva: “ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində səmimi deyil”

10 Mart 2010, 16:12

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qərar qəbul edildi. İndi deyirlər ki, bu məsələ elə bu mərhələdə qalacaq, Konqres daha irəli getməyəcək.

- Təəssüflər olsun ki, Nümayəndələr Palatasının komitəsində dünyanın ən böyük yalanı qəbul edilib. Bu yanlış və ədalətsiz qərar təkcə Türkiyəni yox, dünyanın hər bir yerində yaşayan hər bir türk insanını təhqir edib. Ona görə şəxsən çağırıram ki, dünyanın hər bir yerində yaşayan türk insanı öz etirazını bildirsin. Onlar öz etirazlarını Konqresə də, ABŞ rəsmilərinə də çatdırsınlar. Bu, çox önəmlidir. Azərbaycan dövləti məsələyə öz kəskin münasibətini ortaya qoydu. Lakin hesab edirik ki, bununla da kifayətlənmək olmaz. Xaricdə yaşayan diasporumuz və diaspor təşkilatlarımız etirazlarını ifadə etməlidirlər.

Mümkündür ki, ABŞ Konqresində məlum qərarla kifayətlənilməyəcək. Aprelin 24-dən əvvəl bu seriya oyunlar hələ çox davam edəcək. Hesab edirik ki, bu oyunların qarşısının alınması, durdurulması üçün də daha ciddi addımlar atılmalıdır. - İndiki məqamda rəsmi Bakı Xocalı soyqırımı məsələsini daha ciddi şəkildə ortaya qoymalı deyilmi?

- Biz Xocalı soyqırımı məsələsini çoxdan ortaya qoymuşuq. Biz bir müddət öncə Amerikadaydıq və orada olarkən konqresmenlərlə də görüşmüşük, bu məsələni onların da bir daha diqqətinə çatdırmışıq. Çox təəssüflər ki, onlar Xocalı soyqırımını görmək, etiraf etmək, tanımaq istəmirlər. Bu faciəni tanımaq bir yana, bunu qınayan hansısa bir ciddi reaksiyaları ortaya qoymaq fikrində deyillər. Amma tarixdə olmamış bir “soyqırımı” əllərində dəstavüz, bayraq edərək, ondan qardaş Türkiyəyə qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışırlar...

- ABŞ bu qərarla, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, həm də özünün vasitçilik fəaliyyətini çox böyük şübhə altında qoymadı ki?

- Bəli, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi, ABŞ bu yanlış mövqeyi ilə bir daha göstərmiş oldu ki, Qarabağ münaqişəsinin tənzimlənməsində heç zaman obyektiv olmayacaq.

Bu münasibətilə ABŞ özünün bu məsələdə də nə qədər qeyri-obyektiv olduğunu ortaya qoymuş oldu. Qərar qəbul olunan ərəfədə ABŞ prezidenti Barak Obama deyirdi ki, Türkiyə Ermənistanla imzalanmış protokolların parlamentdən keçməsini sürətləndirsin. Bu, nə deməkdir? Bu o deməkdir ki, həmin protokolları nə yolla olursa-olsun parlamentdən keçirin, sərhədləri açın və sair. Ona görə də Türkiyəyə məhz uydurma “erməni soyqırımı” məsələsi vasitəsilə  təzyiq etməyə çalışırlar. Bu, eyni zamanda ABŞ tərəfindən Qarabağ münaqişəsinə baxışda, yanaşmada qeyri-obyektiv mövqe sərgilənməsi deməkdir. ABŞ-ın özünün də iştirakı ilə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş, yəni, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsini nəzərdə tutan dörd qətnamə var. Əgər Amerikanın belə təzyiq mexanizmləri varsa və güclüdürsə, o zaman nə üçün öz iştirakları ilə qəbul olunmuş BMT qətnamələrinin icra olunması, yerinə yetirilməsi üçün Ermənistana və onun havadarlarına öz təzyiqlərini göstərmir, öz istədiklərini reallaşdırmırlar? Bütün bunlar bir daha onu göstərir ki, ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində ədalətli və səmimi deyil. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...