Modern.az

“Dahilərdən yazışmalar”: Hüseyn Cavidin Müşkünaz xanımla yazışması

“Dahilərdən yazışmalar”: Hüseyn Cavidin Müşkünaz xanımla yazışması

30 Mart 2013, 15:07

Modern.az “Dahilərdən yazışmalar” rubrikasından yeni bir yazını sizlərə təqdim edir. Bu dəfə şair-dramaturq Hüseyn Cavidin həyat yoldaşı Müşkünaz xanıma 1927-ci ilin yayında yazdığı məktublara  oxuculara təqdim edirik.

Birinci məktub

Əziz və sevgili Müşkünaz! İndiyə qədər dörd-beş açıq məktub yazmışam. Ərtoğrolun açıqcasından başqa bir məktub almamışam. Bilməyirəm, cavab yazmayırsan, yaxud poçtxanamı verməyir? Hər-halda, bu qədər tənbəllik yaramaz.
Desəm ki, vannallar və elektrik məndə hal qoymamış, nəinki uzun məktub yazmaq, hətta qısasına da ərinirəm. Daha doğrusu, Məşədi İbad kimi adımı da özgədən soruşuram. Vannalar bütün-bütünə əsabı və hafizəni bərbad edir. Az qalmış ki, tədavi proqramımı yarılayım, bu gün-yarın qulluğunuzdayam. Çocuqlardan muğayət ol! Ərtoğrola söylə ki, gözü Turancığın üzərində olsun, savaşmasınlar, yoxsa acıq edib bir yolluq Mərdəkana gəlmərəm. Çocuqları mənim tərəfimdən öpərsən...

Hüseyn Cavid
24 iyun 1927. Kislovodsk.

İkinci məktub

Mişkinaz! Bu gün üçüncü məktubunuzu aldım ki, Ərtoğrol ilə bərabər yazmışdınız. Çox məmnun oldum. Keçən gün doktorun yanında idim. Üçüncü dəfə müayinə etdi. Yenə narzan və elektrik və digər ilaclar yazdı. Doktorun fikrincə, iyulun iyirmisinə qədər tədavi bitər, sərbəst olaram. Mən bir də doktora gedəcəyəm. Proqrama bir şey əlavə etməsə, ayın iyirmisində çıxacağam, çünki qəribsəməyə başladım, tanış da çox az... Pənah bəy də dünən yox, srağagün gəldi. Kislovodskın yağmurları dad-bidad eləyir. Dışarı çıxmaq mümkün deyil. Yenə beş-altı girvənkə kökəldim. Professor, qətiyyən yaramaz deyə, ac buraxır. Gündüz yatmağa heç qoymayır. Gələn dəfə ayrıca Ərtoğrola şəkilli açıqca yazacağam, bu dəfə bağışlasın. Çocuqları öpürəm. Ərtoğrol Həlimənin də dərslərinə baxsın...

Baqi ehtiram, səni öpürəm.

Cavid
30 iyun, 1927. Kislovodsk.

Hazırladı : Elmin Nuri

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir