Modern.az

Mirzə Cəlil və Xiyabani: “Molla Nəsrəddin” qalmaqalına deputat da qoşuldu

Mirzə Cəlil və Xiyabani: “Molla Nəsrəddin” qalmaqalına deputat da qoşuldu

Ədəbi̇yyat

1 Aprel 2013, 13:54

Modern.az-ın “Molla Nəsrəddin” jurnalının ildönümü ərəfəsində apardığı polemikası davam edir. Yubiley ərəfəsində polemikaya qatılan şəxslərin jurnal barədə bəzi fikirləri birmənalı qarşılanmayıb. Belə ki, yazıçı-publisist Mehriban Vəzir “Molla Nəsrəddin”i müəyyən gerçəklikləri təhrif etməkdə, ifratavarma meyllərində, kinoşünas Nadir Bədəlov isə Mirzə Cəlilin Şeyx Məhəmməd Xiyabani hərəkatını qəddarlıqla yatıran Müxbirüssəltənə ilə yaxın münasibətlərdə olmasına dair fikirlər səsləndirmişdi.

“Molla Nəsrəddin” və Cəlil Məmmədquluzadənin araşdırmaçılarından olan, Naxçıvan Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli söylənənləri əsaslı hesab etmir:

– “Molla Nəsrəddin”də şişirtmə meylləri heç vaxt nəzərdə tutulmurdu. Mirzə Cəlil Azərbaycan həqiqətlərini olduğu kimi, obyektiv şəkildə, bədii üslub qanunauyğunluqlarına uyğun olaraq təsvir edirdi. Mirzə Cəlil və “Molla Nəsrəddin”çilər sensasiyadan çox uzaq olublar. Onlar cəmiyyətin ən sərt nöqtələrinə müdaxilə etməkdən çəkinməyiblər. Onların yazılarında Osmanlı sultanı, rus çarı belə açıq şəkildə tənqid olunurdu. “Molla Nəsrəddin”in və Mirzə Cəlilin nəyisə şişirtməyə heç bir ehtiyacı yox idi.

Mirzə Cəlillə Müxbirüssəltənə arasında müəyyən bir məsafə var. Mirzə Cəlilin İrana getməsinin ən böyük səbəbkarı qardaşı Ələkbər Məmmədquluzadə idi. Ələkbər Məmmədquluzadə Səttərxan hərəkatında iştirak etmişdi. Onu Səttərxan da tanıyırdı. Məhz bu fəaliyyətinə görə o həbs olunmuşdu. Mirzə Cəlil də icazə almaq istəyirdi ki, qardaşının məhkəməsi İranda yox, Azərbaycanda keçirilsin. Xiyabani Hərəkatı da özü-öz növbəsində Səttarxan hərəkatının davamı idi. Sağ qalan səttərxançılar Xiyabaninin ətrafında birləşdilər. Ələkbər Məmmədquluzadə də Xiyabaninin rəhbərlik etdiyi Azadıstan dövlətində təmsil olunurdu. O həm də qardaşı Cəlil Məmmədquluzadəni Xiyabaninin azadlıq ideyaları, ədəbiyyat və söz barədə fikirləri ilə tanış etmişdi. Həm də həmin vaxt Azərbaycanın Şimalında bəzi yerlərdə üsyanlar başlamışdı. Onlar da o məqsədlə Təbrizə getdilər ki, Şeyx Məhəmməd Xiyabani onlara köməklik göstərib jurnal üçün hər cürə şərait yarada bilər. Belə də oldu. Mirzə Cəlil əslində Azadıstan dövlətinə kömək etmişdi və bildirmişdi ki bu mənim mənəvi borcum idi.

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir